Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:38

Vaqif İbrahimoğlu. Tərslikdən, yaxında bir nəfər də polis gözə dəymirdi


Vaqif İbrahimoğlu, 2009
Vaqif İbrahimoğlu, 2009
Vaqif İbrahimoğlu


DƏDƏM QORQUD EŞQİNƏ...

Sovet teatr rejissorunun Türkiyə gündəliyi

ƏVVƏLİ


29 dekabr, şənbə. 1984-cü il

Dünən fasilədə bir qadın gətirdilər. Nə baş verdiyini anlamamış, o, hönkürə-hönkürə başını sinəmə dayadı. Çaşqın halda üzümü Əhədə tutub, rusca soruşdum:

- Это что, провокация (Bu, adamı oyuna çəkməkdir, ya nədir? – Z.M.)?

- Нет. Принимай сдержанно. Эта – азербайджанка (Yox. Sakit yanaş. Bu – azərbaycanlıdır)…

Oturdub, su verdim. Sakitləşdi. Opera teatrında rəssam-dekorator çalışır. Universitetin teatr fakültəsini bitirib. Gözündən yaş axıda-axıda deyirdi ki, bəs babasıyla nənəsi Bakıda yaşayırlar və o, qulağında bu musiqiylə böyüyüb. Məşqlərə gəlməyə icazə istədi və öpüşüb ayrıldıq.

**

Papağım yenə gözə girir, amma insanların reaksiyası müxtəlifdir – mat qalıb heyrətlə göz zilləyən kim, bic-bic qımışıb mat-mat baxan kim... Misal üçün, bu gün xuliqanlıq

Bu gündəlik ilk dəfə çap olunur. Düz 28 il öncə Vaqif İbrahimoğlu Türkiyəyə--Ankara Opera və Balet Teatrında Üzeyir bəyin “Arşın mal alan” operettasını tamaşaya qoymağa dəvət olunmuşdu. Üç ay Ankarada qalan Vaqif bəy nə yaxşı ki, orada keçirdiyi günləri gündəliyində əbədiləşdirmişdi. Sovetlər dönəmində “Gündəlik” təbii ki, çap oluna bilməzdi. Odur ki, Vaqif bəy 1989-cu ildə əlyazma şəklində cildləyib hazırladığı “kitab”ı dostu Zeynal Məmmədliyə verir və şərt kəsir: “Bu gündəliyi ancaq mən öləndən sonra Azərbaycan türkcəsinə çevirib çap edərsən...”

Əziz oxucu! 28 il öncə Ankarada bəlli səbəblərdən rusca yazılan gündəliyi AzadlıqRadiosu “İz” proqramının prodüseri Zeynal Məmmədli dilimizə çevrib. “Gündəliy”in növbəti hissəsi qarşınızdadır. Bu “İz”i qaçırmayın.

edən bir qrup gənc arxamca hırıldaşıb, -- “Qalpak! Qalpak!” – deyə bağırdı. Sovet adamının adını xaricdə uca tutaraq, içimi yeyə-yeyə,-- işdir-şayət, məni döyməyə başlasalar, nə edəcəyimi düşündüm. Tərslikdən, yaxında bir nəfər də polis gözə dəymirdi. Yaxşı ki, hər şey sovuşdu...

**

... Rəzzanla qalmaqala çıxmasam da, məşqlərə gəlmir. Bunları “Davranış Jurnalı”nda əks etdirdim. Məşqlərə və tamaşaya nəzarəti göstərən sənəd nümunələrini teatrdan götürdüm. Hər şey, necə lazımdır, düşünülüb və o dəqiqə nəyin hansı yerdə olduğu bilinir. Bircə bütün bunların təsir dərəcəsini də bilsəydim...

**

Bu gün elə həmin qarson Yavuzu yanıma çağırıb, yemək və çay üçün hesabımı gətirməsini rica etdim. Gətirəndə 9 min 925 lirə məbləğini gördüm. Yəni 10 min lirə -- bizim pulla isə 5 rubl. Gərək Əhəddən bunun çox olub-olmadığını soruşum.

Yavuz məni evlərinə qonaq çağırır. Onların Karsda öz torpaqları, burada – Ankarada da şəxsi mülkləri var. Əhədlə məsləhətləşib sabah günorta saat 3-də onunla getməyi qərarlaşdıq.

Yavuzdan soruşanda ki, sən – 25 yaşında gənc və güclü bir oğlan, niyə belə adama nüfuz gətirməyən bir işdə çalışırsan? – öncə sualı anlamadı, ancaq sonra bildirdi ki, o, litseyi bitirib, əsgərliyini başa vurub, almanca danışır və universitetin “otelçilik” fakültəsinə daxil olmağa hazırlaşır (Artur Heylinin “Otel”ini xatırladım):

- Babamın parası çok, fakat ben şimdi çalışıyor olmasam – berkişemem.

Onun kiçik qardaşı Yılmaz da “Güleryüz”də çalışır. Yavuz AFR-dən (“...Ablam orada yaşıyor...”) avtomat toxucu dəzgahı gətirib və anası həmin dəzgahda corab, kofta və jaket toxuyur. “Dünya kadar parası var annemin” -- deyir. Yavuz qaldığım otağa gətirdiyi çayı mənə hörmət və ya türkiyəlilər demiş, “sayqı” əlaməti olaraq hesaba yazmır. Xırda bir şeydir, amma bunun xoş olmadığını söyləyə bilmərəm. Sabah saat 3-də onlara qonaq gedirik...

... İndi holla düşüb TV-yə baxmağa başladım. “Çocuklar için” (“Uşaqlar üçün”) verilişi gedirdi. Uşaqlar səhnədə bizim geyimlərdə Azərbaycan rəqslərini oynayırdılar (“Kintovari”, “İnnabı”, “Şalaxo”). Sonra bir qız əlində türk bayrağı ön plana çıxdı. Maraqlı verilişdir: həm əyləndirir, həm də öyrədir. Texnika pis deyil, amma demək olmaz ki, bizdən yaxşı çalışırlar.

Sonra videoya baxdım. Nə qədər yoluxucu olsa da, bənzər şeylər mənim zövqümə biçilməyib, heç 10 dəqiqə ötmədən, cin vurur təpəmə və asta-asta ürəyim bulanır. Bu işlərlə gerçəkdən yetənəkli adamlar məşğul olmayınca, sonuc keyfiyyətsiz, fərsiz və bayağı alınacaq. Əsrin əvvəlindəki sinematoqraf kimi.

**

Radionu çox dinləyirəm. Diktorların işi ilgi çəkir: səsləri mücərrəd deyil, canlı və canayaxın həmsöhbətlərin səsidir. Reportajlar, Ankara, İstanbul, İzmir, Adana və başqa yerlər araındakı radio-səsləşmələr çevik hazırlanır.

Milli mahnılar boğazda oxunur -- ləzgilər kimi. Ritm də elədir. Onların mahnılarını
Zeynal Məmmədli
Zeynal Məmmədli
dinləyib-doyunca bizim uşaqların, eləcə də yoldaş Paxmutovanın (o dönəmin çox populyar mahnı bəstəçisi – Z.M.) nə etdiyini daha çox anlamağa başlayıram. Şirniklənməmək çətindir, əlbəttə, ancaq hər halda... Tamam.

**

... Teatra, əsasən, alışmışam və hara lazımdırsa, oranı tapıram. Amma elə ki aşağı enirəm – çaşıb qalır və bələdçiyə ehtiyac duyuram.

**

Bütün bu günlər susuzluqdan yanıram. Hər məşqdə 2 şüşə “Tatlı” – yerli mineral su içirəm. İndi, deyəsən, azaltmaqdayam.

**

Düz 8 gün defikasiya aktını gerçəkləşdirə bilmədim, amma dünən bizim ştanqçı ağır atletlərə xas gücəntilərlə həcminə görə qoyunlarla da müqayisəyə gəlməyəcək fekaliya “ixrac” edə bildim.

**

Bilmirən niyə, amma-ancaq-lakin yadıma düşdü ki, bu gün Halə yenə üzümə durdu ki, guya onu istəmirəm, çünki yalnız onun oynamalı olacağı rəqsə güclə Gizəmi də qoşmuşam. Cahid arxada dayanaraq key-key qulaq asırdı. Yarıhənək-yarıgerçək ahənglə dedim:

- Gedin, CANınıza baxın (Söz oyunudur, çünki Can onların oğlunun adıdır)!..

**

İlhan bəy tamaşanın afişasını hazırlayıb: müxtəlif rənglərin düyün nöqtəsində ürək görünür. O, başqa tamaşalara da afişa buraxıb. Heç də pis deyillər... Foto çəkilən zaman işıqla işləməyə çox önəm verirlər.

Düz iki gün çənə döydüm ki, Əhədin də adı afişaya salınsın. Sağ olsun, Hüsaməddin bəy – bu məsələni çözdü. Söhbət əsnasında aktyorlarla daha sərt davranmağı xahiş etdi və aktyor oyununun səviyyəsindən rahatsız olduğunu dilə gətirdi. Buna nail olacağıma onu inandırdım. Hər şeyi göstərəcəyəm, axı Kəriman, bir də qismən Bülənddən başqa hansı işləməyi bacarır ki?!.

Dördüncü pərdənin yarısı qalıb. Bacarsam, bazar ertəsi bitirərəm. Sonra 2 gün ara verər və Tanrı yar olsa, işi aşıraram! İçimdə, az da olsa, qorxuyabənzər bir duyğu var: vaxt daralıb, Hüsaməddin bəy yanvar ayının proqram cədvəlini də hazırlayıb...

**

İlhan bəy mənə bir alışqan bağışlayıb dedi:

- Qutu-qutu kibritin mənə neçəyə başa gələcəyini hesablayanda gördüm ki, bir alışqanın qiymətidir.

O, bütün bu günlərdə mənə kibrit verir və söylədiklərimi aktyorların tam anlaması üçün yardımını əsirgəmir. Mənim yarıtatar, yarıazərbaycan və yarıtürk (tamı keçdi ki! – Z.M.) nitqimi tam başa düşür və nə istədiyimi anlamayanlara tez, həm də dolğun açıqlayır. Eyni hal Oğuz və Kərimanla da baş verir.

Yenə yadıma bir şey düşdü: “Türk Halk Dansı” səhnəsinin üzərindəki naxışların arasından yekə bir canavar başı qabarır. Mustafa bəy binayla tanış edərkən, buna
Vaqif İbrahimoğlunun Zeynal Məmmədliyə məktubu
Vaqif İbrahimoğlunun Zeynal Məmmədliyə məktubu
diqqətimizi yönəldəndə, cavab kimi Göy Qurd barədə qısa mühazirə oxuyaraq, Mirəli Seyidovdan sitat gətirdim. Özünü itirən Mustafa bəy “hesabı bərabərləşdirmək” üçün mərkəzi lojanı açdı və bu binanın açılış törənində Atatürkün oturduğu xatirə kreslosunda mənim əyləşməyimə icazə verdi. “Hesab bərabərləşdi”. Eynən Msxet qalası kimi, bu binadan da bütün şəhəri seyr etmək olar və ona yan almaq elə də asan deyil. İçəridə hər şey mərmərdəndir və Rusiyadan gətirilmiş “Əmir Teymurun məzarı” rəsmi (4X5m) ayrıca diqqət çəkir. Binadan şəkil qalereyası kimi də yararlanırlar. Rəsmlərə baxdım – elə bir maraqlı şey yoxdur.

**

Alev xanım maraqlı adamdır. Yep-yekə və kişiyəbənzər qadındır. Üz cizgiləri və dərisinin rəngi, açıq-aydın, tatarları xatırladır. Bunları ona deyincə, təsdiqlədi və nənəsinin Kazan tatarı olduğunu bildirdi. Sübut olaraq, “Tatarca süləşəsənmi?” (“Tatarca danışırsanmı?”) sözlərini söylədi və nənəsinin ona rusca “suvaluç, pırazit, q...no” (sözləri deyərkən, təhrif edir – Z.M.) söyüşlərini öyrətdiyini də dediklərinə əlavə etdi. Qürbətdə belə sözləri eşitmək xoş idi...

Alev müxtlif tamaşalar üçün buraxılan prospekt, proqram və bukletləri mənə göstərdi. Məlum oldu ki, “Arşın mal alan”ı şəxsən və diqqətlə redaktə edib. Ona təşəkkürümü bildirəndə -- “Şərəfdir bənə” – deyə cavab verdi.

Alevin Əhədlə münasibətləri çox yaxşıdır və bütün teatr elə eyni şeyi deyib-durur ki, görəsən, Əhəd nə vaxt ona evlənmək təklif edəcək... Əcəb zarafatdır, çünki Əhədin boyu Alevin belinə çata, ya çatmaya. Hərçənd, onların hər ikisi bu zarafata nəinki dözür, üstəlik, ləzzətlə gülüşürlər də.

**

... Yenə aşağı düşüb “Haberler” proqramına və “Hayatım senindir” bədii filminə baxdım. Hər ikisi, yeri gəlmişkən, 1-cisinə toxunmayacağam, bax -- 2-cisi kütlük dərəcəsinə görə hələm-hələm ələ düşməz melodramlardan sayıla bilər. Bizimkilər onunla müqayisədə dahiyanə əsərlərdir. O film “Onu bağışlamaq olarmı?”nı cikinə-bikinədək xatırladır.

Danışıqlara qulaq asıram və demək olar, hər şeyi öz mənasında anlayıram. Amma yenə “ilişirəm”. TV-yə qarson türklə baxanda aramızda belə bir dialoq oldu:

Mən: -- Məni gözləyirsən?

Qarson: -- Əstəğfürullah, əfəndim!

Çaşdım-şaşdım-peysərimi qaşıdım, qıpqırmızı qızardım və... Və xatırladım ki, Türkiyə türkcəsində “gözləyirsən” sözü bizdəki “göz qoyursan” və ya “izləyirsən” anlamında işlənir. Yazıq oğlan onu xəfiyyə saydığımı düşünüb. Birtəhər hər şeyi ona başa saldım.

Verilişlərə sonadək baxdım. Lap axırda milli himn səslənir və qarovulçuların bir-birini əvəzləməsi, oxuyan uşaqlar, tələbələr, abidələr görünür. Adam çox təsirlənir. Buna bənzərini gərək biz də düşünüb-tapaq. Tamam. Gedirəm yatım...

(ardı var)

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG