Keçid linkləri

2024, 05 Oktyabr, şənbə, Bakı vaxtı 06:20

Məhkəmə «Xural» qəzetini 50 min manat cərimələyib


Əvəz Zeynallı
Əvəz Zeynallı
Bakının Nərimanov rayon məhkəməsi «Xural» qəzetini 50 min manat cərimələyib.

Qəzetdən AzadlıqRadiosuna verilən məlumata görə, hakim Sevinc Quliyeva yanvarın 23-də «Baltika-Bakı» MMC-nın baş direktoru Adam Tlexurayın 150 min manatlıq iddiasını qismən təmin edib. Amma bu barədə məlumat qəzetin baş redaktoru Əvəz Zeynallının vəkili Elçin Quliyevə 20 gün sonra, fevralın 10-da çatdırılıb.
Ötən ilin avqustunda «Xural» qəzeti «Xırdalan pivə» zavodu kimi tanınan «Baltika-Bakı» MMC-nın həddindən artıq keyfiyyətsiz pivə istehsal etdiyi, MMC-nin rəhbəri Adam Tlexurayın işçilərin gözü qarşısında 20 Yanvar şəhidlərinə qarşı hörmətsizlik etdiyi haqqında yazmışdı. Həmin məqalələrdə qeyd olunurdu ki, zavoda böyük həcmdə «vozvrat pivə» daxil olub və bu pivələrin istehsal prosesi texniki qaydalara riayət olunmadan həyata keçirilib.
«Baltika-Bakı» MMC-nin maliyyə idarəsinin rəisi Mikayıl Cəfərov «Xural»a açıqlamasında Sankt-Peterburqdan Bakıya komissiya gəldiyini və «Baltika Bakı» MMC-də yoxlama apardığını təsdiqləmişdi.
Şərəf və ləyaqətinin alçaldığını əsas gətirən A.Tlexuray isə məhkəməyə müraciət etmişdi.
Qəzet rəhbərliyi və vəkil Elçin Sadıqov bu qərarı Əvəz Zeynallıya və «Xural» qəzetinə təzyiqlərin bir hissəsi sayırlar. Onlar qərardan apelyasiya verəcəklər.

Ə.Zeynallı bu il oktyabrın 29-da saxlanıb. Nəsimi rayon Məhkəməsi onun barəsində üç ay həbs-qətimkan tədbiri seçib. Baş redaktora qarşı deputat Gülər Əhmədovanın şikayəti əsasında Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.
XS
SM
MD
LG