Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:10

Yunanıstan defolt elan edə bilər


Yunanıstanda keçirilmiş etiraz aksiyasından görüntü
Yunanıstanda keçirilmiş etiraz aksiyasından görüntü
Yunanıstanda bazar günü baş vermiş iğtişaşların nəticələrini aradan qaldırırlar. Afina küçələri daşlardan, şüşə qırıntılarından təmizlənir. Yanğınsöndürənlər parlamentin 10 gün davam edən müzakirələrdən sonra qəbul etdiyi növbəti qənaət proqramına etiraz əlaməti olaraq nümayişçilərin yandırdığı binaların tüstülənən qalıqlarını söndürməklə məşğuldurlar.
Proqramın qarşılığında Yunanıstan gələn ay defoltdan xilas olmaq üçün 130 milyard avro almalıdır. Bunun üçün hökumət avrozonanın maliyyə nazirlərini qane edəcək növbəti qənaət proqramını qəbul etməlidir. Apreldə keçiriləcək seçkilərdə isə kimin qalib olmasından asılı olmayaraq bütün siyasi liderlərin bu proqrama əməl edəcəyinə təminat verməlidir.
Yeni qənaət paketinin əleyhdarları deyirlər ki, belə tədbirlər onsuz da tənəzzülə uğrayan iqtisadiyyatı daha da dibə çəkəcək. Polisin məlumatına görə, ötən gecə paytaxtda 150 mağaza yağmalanıb, 48 binaya od vurulub. 100 nəfər, o cümlədən 68 polis yaralanıb. Təxminən 130 nəfər saxlanıb. Afina ilə yanaşı başqa şəhərlərdə, o cümlədən ölkənin ikinci böyük şəhəri olan Salonikidə, Corfu və Crete adalarında da iğtişaşlar baş verib.
«BU CÜR ETİRAZLAR ÇIXIŞ YOLU DEYİL»
1870-ci ildə tikilmiş Attikon binası da daxil olmaqla çoxlu binaların yandırılması yunanları dəhşətə gətirib. Dövlət sektorunda işləyən 30 yaşlı Dimitris Hatzichristos yanmış binaların qalıqlarında baxaraq deyir ki, «biz hamımız qənaət tədbirlərindən narazıyıq. Ancaq bu cür etirazlar çıxış yolu deyil».
Yunanıstanda 300 millət vəkilindən 199-u yeni qanun layihəsinin lehinə səs verib. Qanun layihəsinin əleyhinə səs verən 43 deputat öz partiyalarının qərarına zidd getdiklərinə görə, təmsil olunduqları partiyalardan xaric olunublar. Onların bir qismi sosial, bir qismi mühafizəkarlardır. Gündəlik Eleftheros Typos qəzeti isə bu manşetlə çıxıb: «Parlamentin içi və çölü terror içindədir».
Yunanıstanın baş naziri Lucas Papademos deyib ki, demokratik ölkədə vandalizmə, zorakılığa yer yoxdur, buna səbirlə yanaşa bilmərik. Ancaq baş nazir yeni qənaət proqramının xalqa asan başa gəlməyəcəyini də bildirib: «Proqramın tam, vaxtında və effektli tətbiqi asan olmayacaq. Biz hamımız başa düşürük ki, bu iqtisadi proqram yunan xalqından qısa müddətli qurbanlar tələb edir».
Yunanıstan 14,5 milyard avroluq növbəti borc ödənişini həyata keçirmək üçün martın 20-ə qədər beynəlxalq maliyyə təşkilatlarından yardım almasa, ölkədə defolt olar.
Avropa Birliyi və Beynəlxalq Valyuta Fondu bildirir ki, onlar Yunanıstan hökuməti tərəfindən yerinə yetirilməmiş kifayət qədər vədlər eşidiblər. Ona görə də yeni krediti yalnız ölkənin siyasi liderlərinin proqramı qeyd-şərtsiz yerinə yetirəcəklərinə aydın vəd verməsindən sonra ayıracaqlar. Yeni qənaət proqramı təkcə bu il üçün 3,3 milyard avro büdcə ixtisarını nəzərdə tutur. Yunanların çoxu belə düşünür ki, həyat şəraitləri onsuz da kifayət qədər pisləşib. Yeni tədbirlər isə vəziyyətlərini daha da ağırlaşdıracaq.
89 yaşlı aktivist, yazıçı Manolis Glezos deyir ki, artıq yetər: «Onlar yunan xalqının üsyanının nə olduğunu bilmirlər. Xalq ideologiyasından asılı olmayaraq artıq oyanıb».

Sayta hazırladı: Kəbiran Dilavərli
XS
SM
MD
LG