Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 00:06

Suriya üsyanının beşiyi - Homs


Suriya. Homs şəhəri
Suriya. Homs şəhəri
Bir həftədir ki, Suriyada üsyanın mərkəzinə çevrilən Homs şəhərinə hökumət qüvvələrinin hücumu davam edir. Ölənləri sayı yüzlərlədir. Suriya ordusu hücumda minomyotlardan, ağır artilleriyadan istifadə edir.

Bu hücum prezident Bashar al Assadın 11 aydır davam edən qiyamı yatırmaq səylərinin həlledici məqamı sayıla bilər. Suriyanın ən böyük vilayətinin paytaxtı olan Homs qiyamın dayaq nöqtəsinə çevrilib.

Bəs necə olub ki, 1,5 milyon insanın yaşadığı bu şəhər bütün Suriya uğrunda mübarizənin episentrinə çevrilib? Analitiklər deyir ki, bunun bir səbəbi məzhəblə bağlıdır. Şəhər əhalisinin əksəriyyəti sünnilərdən ibarətdir. Assad rejiminün gücü isə şiə olan ələvi azlığına söykənir.

Londondakı Kral Birləşmiş Xidmətlər İnstitutunun Yaxın Şərq üzrə mütəxəssisi Shashank Joshi deyir ki, Assad rejimi üçün Homs şəhərinin əhəmiyyəti həm də şəhərin Liviya qiyamında – Bengazidə olduğu kimi azad zonaya çevrilməməsidir. Bu da sonradan şəhərin Suriya hökumətinə alternativ hökumətin və müxalif qüvvələrin mərkəzinə çevrilə bilər. Burada da sonradan müxalif qüvvələr silahlana və təlim keçə bilərlər:

«Onlar Homsun hökumətin əlindən tamamilə çıxmaq səviyyəsinə çatmasına yol vermək istəmirlər. Ona görə də oturub vəziyyətin nəzarətdən çıxmasını gözləməkdənsə, bütün güclərini buna yol verməməyə sərf edirlər».

Homs şəhəri hələ qiyamın ilk günlərindən Suriya üsyançıların beşiyi olub. Ötən ilin baharında Misirin Tahrir meydanında olduğu kimi Homs sakinləri də şəhərin Köhnə Saat Meydanına axışdılar. Ancaq hökumət onlara divan tutdu. Bundan sonra şəhərin 1 ilə yaxındır ki, davam edən mühasirəsi başlandı. Bununla da Homs inqilabın rəmzi beşiyinə çevrildi. Hazırda Suriyada indiyə qədər həlak olanların dörddə biri məhz bu şəhərin payına düşür.

HÜQUQ MÜDAFİƏÇİLƏRİNİN MƏLUMATINA GÖRƏ, HOMSDA TƏKCƏ DÜNƏNKİ QARŞIDURMALARDA 120-DƏN ÇOX ADAM HƏLAK OLUB

Bashar al Assad
Bashar al Assad
Homsun topoqrafiyası – küçələrin əyri-üyrü, dolanbac, məhəllələrin isə enişli-yoxuşlu olması hökumət qüvvələrinin nəzarəti ələ almasını çətinləşdirir. Mübarizənin məzhəb münaqişəsinə çevrilmək ehtimalı da artır. Homs əhalisinin əksəriyyəti sünni olsa da şəhərdə Assada loyal ələvi icması da yaşayır. Sünnilər yaşayan Baba Amr və Khaldiyeh məhəllələri ələvi məhəllələri ilə qonşudur. Bu qonşuluq bir çox hallarda qisas məqsədli qətllərin törədilməsinə də səbəb olub.
Shashank Joshi deyir ki, Homs Suriyadakı məzhəb bölgüsünün nümunəsidir:

«Vətəndaş müharibəsi genişlənsə, ölkədə qarşılaşacağımız mənzərəyə ən yaxın nümunə Homsdakı indiki vəziyyətdir. İnsanların hökumət əleyhinə, ya da lehinə olduqlarına görə yox, sünni, ya da ələvi olduqlarına görə cəzalandırıldıqlarının şahidi oluruq».

Homsda doğulan, hazırda isə Praqada yaşayan Chimaa Youssef deyir ki, Suriyadakı ailə üzvləri ilə əlaqə saxlamaqda çətinlik çəkir. Bir vaxtlar dinc şəhər kimi tanıdıqları Homs isə tamamilə dəyişib:

«İndi qohumlarımızla əlaqə saxlaya bilmirik. Bəzilərini «Facebook»da tapırıq. Necə olduqlarını soruşuruq. Bilirik ki, onların çoxu etiraz aksiyalarında iştirak edirlər. Ancaq onlar bunun təfərrüatları haqda danışmırlar. Bir onu deyirlər, heç vaxt İraqa bənzər bir yerdə yaşayacaqlarını ağıllarına gətirmirdilər».

Sayta hazırladı: Kəbiran Dilavərli

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG