Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:36

Seçki rəsmisinin etirafı


Rusiyanın seçki rəsmisi ictimaiyyət qarşısında açıq bildirib ki, öz məntəqəsində seçkiləri saxtalaşdırmaq üçün ona təzyiq ediblər.

2011-ci il dekabrın 4-də Dumaya seçkilər vaxtı Samarada seçki məntəqəsinin rəhbəri olmuş İrina Kolpakova öz dediklərini 25 dəqiqəlik video kimi Youtube-da yerləşdirib və iki gündə bu videoya 100 min adam baxıb.

Kolpakova deyir: “Mənim seçki məntəqəmdə seçki nəticələri göstərirdi ki, kommunistlər Vahid Rusiyanı böyük üstünlüklə qabaqlayırlar. Fərq 100 səs idi. Kommunistlər açıq-aydın qabaqda idilər. Bu nəticəyə təsir etməyə cəhd olundu ki, mən rəqəmləri dəyişim. Ancaq mən imtina etdim”.

KOMMUNİSTLƏR UDURDU

Həmin seçki məntəqəsində kommunistlər Vahid Rusiya partiyasına 232 səsə qarşı 356 səslə qalib gələndə Kolpakovanı yerli hakimiyyətin qərargahına çağırıblar. Orda Kolpakova görüb ki, Vahid Rusiyanın xeyrinə olmayan nəticələr göstərilmiş bütün məntəqələrin rəhbərləri çağırılıb. Onlara orda deyilib ki, rəqəmləri dəyişmək lazımdır.

Kolpakova deyir: “Bizim görüşümüz onlar istədiyi nəticə ilə başa çatmadı. Çünki mən sadəcə olaraq bunu edə bilməzdim”.

Kolpakovanı bundan sonra seçki işindən uzaqlaşdırıblar. O, martın 4-dəki prezident seçkilərində iştirak etməyəcək.

O vaxt Kolpakova ilə çağırılan məntəqə rəhbərlərindən neçəsi rəqəmləri dəyişib? – bu sualın cavabı bilinmir.

Putinin sözçüsü Dmitri Peskov Kolpakovanın dediklərini provokasiya adlandırıb.

Kolpakovanın düz ya səhv dediyini müstəqil mənbələrdən yoxlamaq mümkün olmayıb.

Ancaq oxşar hadisələr haqda məlumatlar digər medialarda da yer alır.

MÜKAFAT DA TƏKLİF OLUNUR

Gazeta.ru fevralın 9-da yazıb ki, Sankt Peterburgda
dekabr seçkilərinin təşkilində iştirak edən Tatyana İvanova deyir ki, “Vahid Rusiyaya kömək” müqabilində ona 70 min rubl təklif olunmuşdu. İmtina edəndən sonra isə, onu seçkidən uzaqlaşdırdılar.

“Kommersant” qəzeti fevralın 2-də yazırdı ki, seçki rəsmilərinə təkcə təzyiqlər olunmur. Onlara mükafat da təklif olunur.
Qəzet yazır ki, əvvəla, ölkə boyu seçki rəsmilərindən tələb olunur ki, Putinin birinci dövrədə həlledici qələbəsini təmin etsinlər.

Stavropol Diyarında isə seçki rəsmilərinə deyilib ki, Putin birinci dövrədə udsa, onlara mükafat veriləcək.

Mükafatın hansı pulla veriləcəyi isə belə izah olunub- ikinci dövrəni keçirmək üçün xərc lazımdır. Bu xərcə qənaət olunsa, həmin puldan mükafat veriləcək.

KAMERALARIN XEYRİ VARMI?

Kolpakova deyir ki, hakimiyyət istəsə, adamların necə səs verməsindən asılı olmayaraq seçkilərdə öz nəticəsini ala bilər :

“Protokollar yenidən yazılmaqla bunu etmək olar. Məqsəd odur ki, Putin böyük üstünlüklə, 70 faiz səs yığmaqla qalib gəlsin. Seçki məntəqlərində kamera qoyulub, yoxsa yox, bunun əhəmiyyəti yoxdur. Seçkiləri neçə müşahidəçi izləyir, bunun da əhəmiyyəti yoxdur. Bunlar seçkiləri saxtalaşdırmaqdan qorumur. Bunlar absurddur. Mən düşününəndə ki, bu kameralara vergi verənlərin nə qədər pulu gedir, özümü pis hiss edirəm.”
XS
SM
MD
LG