Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 05:44

Xatirə Nurgül. Onda ömrün sonu idi


XATİRƏ NURGÜL (SADIQOVA)


(Yeni şeirlər)


AZADLIQ SAATI

Üfüqlərə qoşulub
ulduzların evini arayan Adam
gözlərin qaranlıqdı yenə
əllərin yuxulu

onu bil ki, sən
həyat qədər gözəlsən
ölüm qədər qorxulu

Bu da mən
Dənizlərdən uçub gəldim
trafik qəzalarından
metro keçidlərindən
şəhər adamlarının qələbəliyindən
qaçıb gəldim

və anladım ki sevmək
qurtuluş qədər genişdir
azadlıq qədər məhdud

İndi də
əl-ələ üzürük fikir okeanında
sağda bahardır
solda qış
unutmuşuq bütün yanlışların acısını
ayrılıqların səbrini
bu günü yaşayırıq yalnız

Çünki qovuşmaq
darıxmaq qədər sonsuz deyil
təklik qədər zamansız


GERİYƏ SAY FƏLSƏFƏSİ

Onda ömrün sonu idi
Hamı ağaclara yazdı adını son dəfə
Son ağaca qıymayıb
havaya yazdım adımı mən
silindi adım baxışlarımı çəkəndə

Bir neçə il geri atdı
həyat bizi
daraldıb səbrimizi
Onda ki, anlamağa başlayırdıq
ümidin də ömür kimi
qısaldığını

Saçlarıma təzə qarışırdı
rənglərin ağlığı
hərdən ağlamağım da tuturdu
yadıma salanda uşaqlığı
Daha neçə on il geri
Artıq unutdum illəri

Yenicə atılmışam həyata
önümdə bir ömürlük gələcək
"gənclik heç zaman bitməz ki…"

İndi azadam…
Divar kağızlarına istədiyim qədər
rəsim çəkirəm– quş rəsmi
hələ bilmirəm sözlərin anlamını
Quş qədər azadam.


ZƏNCİROTU ÇİÇƏKLƏRİ

Fərqinə belə varmadan
günlərin başlamağının,
yoxluğun,
yoxsulluğun
yaşayırdın ömrünü.
Hər dəqiqə aldadırdı səni
evlərin,
adamların,
yolların görüntüsü.

Sonra da qaçıb sənsiz bir məkana
açaraq gözlərini göylərə
unudurdun özünü də.

Onda yaşın on altıydı ,
onda zəncirotu çiçəkləriylə
bəzəyirdin saçlarını.
Onda həyatı sevirdin…

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG