Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:17

Soyuqdan necə qorunmalı?


Arxiv foto
Arxiv foto
Fövqəladə Hallar Nazirliyi öz saytında soyuq havalarla bağlı bəzi məsləhətlər verib.

Yazıda bildirilir ki, insan bədəninin soyumasına səbəb olan bir sıra risk faktorları vardır. Bunlara 0°C-dən aşağı temperatur, külək, yorğunluq, aclıq, yaş olmuş geyim, yaşlılıq və ya insanın hər hansı xəstəlik səbəbindən zəifləməsi halları aiddir.

Nazirlik mütəxəssisləri bədənin soyumasını büruzə verən bir sıra əlamətləri də sadalayır: titrətmə, koordinasiyanın pozulması, danışıqda çətinlik, əhvalın kəskin dəyişmə halları, zəif nəbz və tənəffüs, hərəkətlərdə yubanma və huşun itməsi.

Mütəxəssislər uşaqlara, yaşlı və xəstə adamlara soyuq havalarda bayıra çıxmağı məsləhət görmürlər.

Bəs soyuqdan necə qorunmalı? Tibb elmləri doktoru, professor Adil Qeybulla məsləhət edir ki, soyuq havaya çıxarkən qorunmaq üçün ən əvvəl isti geyinmək lazımdır:

- Birinci məsələ üşümə dərəcəsidir. Yəni bu zaman uzun müddət soyuqda qalmaq lazım deyil.

SOYUQDA DANIŞMAQ OLMAZ

Adil Qeybulla
Adil Qeybulla
Adil Qeybulla məsləhət görür ki, soyuq havada çoxlu danışmaq soyuqlamaya gətirib çıxara bilər:

- Çünki bu zaman soyuq hava tənəffüs yollarına daxil olur və soyuqlama baş verir. Nəzərə alsaq ki, yuxarı tənəffüs yollarında 15-dən çox infeksiya var, biz bunların hamısını «qrip» adlandırırıq, soyuq hava daxil olması nəticəsində bu infeksiyalar iltihab törədir.

Adil Qeybulla hesab edir ki, Bakıda hazırkı temperaturda donma halları olmamalıdır. Amma əgər belə bir vəziyyət yaranarsa, ilkin tibbi yardım kimi donan adamı dərhal isti yerə keçirmək lazımdır.

İMMUNİTETİ MÖHKƏMLƏNDİRİN

Soyuq havalarda xəstəliklərdən qorunmaq üçün isə vitaminlər qəbul edilməlidir ki, immun sistemi möhkəmlənsin.
- İdmanla məşğul olmaq, hərəkətdə olmaq lazımdır. Hərəkətsizlik əzələləri zəiflədir və soyuqdəyməyə də həssaslığı artırır.

SPİRTLİ İÇKİ İÇMƏYİN, SİQARET ÇƏKMƏYİN

Fövqəladə Hallar Nazirliyinin saytında verilən məsləhətlər arasında isə o da əks olunub ki, soyuq havalarda spirtli içki qəbul etmək təhlükəlidir: «Alkoqol çox miqdarda istilik itkisinə, bununla bərabər aldadıcı istilik illüziyasına səbəb olur. Həmçinin donmanın əlamətlərinə diqqətin toplanmasına mane olur»,- saytda bildirilir.

Bakı
Bakı
Nazirliyin saytında yerləşdirilmiş yazıda məsləhət görülür ki, «şaxtalı havada siqaret çəkməyin, çünki bu, periferik qan dövranını zəiflədir».

RAHAT PALTAR GEYİNMƏK LAZIMDIR

«Rahat və dar olmayan paltar geyinmək lazımdır ki, qan dövranının normal sirkulyasiyası baş versin. Üst geyimi su keçirməməlidir. Dar ayaqqabı, ayaqqabı içliyinin olmaması, nəm corablar donmaya səbəb olan hallardandır. Ayaqları tez-tez tərləyən adamlar ayaqqabısına xüsusi diqqət yetirməlidir. Çəkmələrin içərisinə isti içlik qoyulmalı, pambıq əvəzinə yun corablar geyinilməlidir. Yun corab nəmi çəkir və ayaqları quru saxlayır», - saytda yazılıb.

FHN onu da məsləhət görür ki, şaxtalı havada üzərinizdə metal bəzək əşyaları gəzdirməyin: «Belə ki, metal insan bədəninin temperaturunu daha tez aşağı salır. Bundan əlavə, barmaqda olan üzük qanın normal sirkulyasiyasına çətinlik yaradır».

Və bir də fevralın 7-si və 8-də gözlənən çovğuna hazırlaşan Bakı sakinləri üçün məsləhət: «Şaxtalı havada küləkdən qorunmağa çalışın. Küləyin təsiri ilə donma ehtimalı daha çox olur».
XS
SM
MD
LG