Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:23

Əli Əmirli: Teatrda diktator olmalıdır!


Əli Əmirli
Əli Əmirli
AzadlıqRadiosunun “İZ” proqramında teatr söhbətləri davam edir. Bu dəfə verilişin qonağı yazıçı-dramaturq Əli Əmirlidir.

DİNLƏ

...Ədil İskəndərovu - teatrı qurub-yaratmışdı - aktyorlar uzaqlaşdırdılar. Sonra Mehdi Məmmədovu sevmədilər. Tofiq Kazımova elə böyük məhəbbət yox idi. Bunlar təbii şeylərdir...

...Qacar obrazları təhrif olunub. Məsələn, “Vaqif” pyesində Qacar deyir—Bir boynu olsaydı bəşəriyyətin, onu bir qılıncla vurardım yəqin. Bunu özü haqqında kim deyər? Əslində isə Qacar çox ağıllı, tədbirli, savadlı və dindar adam olub....

...Əbülfəz Elçibəyin belə bir fikri var idi. Deyirdi ki, mənim silahdaşlarımın böyük əksəriyyəti gərgin məqamlarda davam gətirə bildilər, amma pulun qabağında yox...



--Əli müəlim, təzə xəbər eşitdik. Deyirlər “Varlı qadın” festivala hazırlaşır?

--Elədir. Ümumiyyətlə, “Varlı qadın” komediyasının ayağı sayalıdır. 1999-cu ildə yazılandan sonra müxtəlif teatrların repertuarındadır. Rəhmətlik Hüseynağa Atakişiyev yazılan ili əsəri çox bəyəndi və Gənclər Teatrında tamaşaya qoydu. 4 il onların repertuarında oldu. Sonra Akademik Milli Teatrda Bəhram Osmanov onu tamaşaya qoydu. Uzun illər uğurla oynandı—teatr təmirə dayanana qədər. Daha sonra tərcümə olundu Tacikistanda—Amaliya xanın Qadjieva onu çevirdi. Düşənbədə paralel olaraq iki teatrda tamaşaya qoyuldu. Tacik dilində Tacik Gənclər Teatrında və Mayakovski adına Rus Dram Teatrında. Tacik dilindəki tamaşa Orta Asiya ölkələrinin Almatıda keçirilən Beynəlxalq Teatr Festivalında qızıl medal aldı. Həmin festivalda iştirak edən ölkələrin hamısı sonradan bu əsərə müraciət etdilər. Qazaxıstanda iki teatrda—M,Qorki adına Rus Dram Teatrında və Akvala vilayətinin mərkəzi Kusutau Teatrında tamaşaya qoyuldu. Bişkəkdə rus və qırğız dillərində. Ən son internetdən informasiya aldım ki, Dağıstandakı Kumık Teatrı da bu əsərə müraciət edib.

--Lütfən söyləyin, onlar hansı dildə tamaşaya qoyublar—rus, ya kumık?

--Kumık dilində. Doğrusu, bu vaxtadək o xalq barədə geniş məlumatım yox idi...

--Türkdillidirlər...

--Hə, elə bilirdim şimalda yaşayırlar.Sonra öyrəndim ki, türkdillidirlər, sayları 300 mindir. Dəfələrlə məni ilk tamaşaya dəvət etdilər. Amma getmədim.

--Niyə getmədiniz? Kumık dilində tamaşaya baxmaq nə maraqlı olardı...

--Doğrusu, dəvət olunduğum yerlərdən yalnız Tacikistana gedə bildim. Onda da orada Azərbaycan Mədəniyyət günləri keçirilirdi. O xətlə getmişdim. Kumık dilində tamaşaya getməsəm də, internetdə izləyirəm—parçalar verirlər. Elə - Eli Emirli “Boqataya jenshina” yazan kimi hamısı çıxır. Bəzi başqa yerlərdə də əsərin tamaşaya qoyulduğundan belə xəbər tutmuşam. Kumık teatrında məni ən çox təəccübləndirən tamaşanın daima anşlaqla keçməsidir. Hətta tamaşanı İstanbulda hər il may ayında keçirilən məşhur Bosfor Teatr Festivalına aparmaq istəyirlər. Tamaşanın diskini göndəriblər və festival rəhbərliyi onları dəvət edib. Bu da məni sevindirir. Demək, Biləcəridən bir az uzağa getmişik...(güılüşmə).

ELÇİBƏY DEYİRDİ...

--Əli müəllim, sizin öz versiyanızı bilmək istərdim. “Varlı qadın”ın bu qədər tamaşaya qoyulmasının sirri nədədir?

--Fikir versəniz, görərsiniz ki, “Varlı qadın” postsovet məkanında sevilir. Bir də, ruhən bizə yaxın olan xalqların teatrlarında. Bu da problemlərimizin oxşarlığı, ümumiliyi ilə bağlıdr. Tamaşanın mövzusu əbədidir—pul dalınca qaçmaq. Pul ələ gələndən sonra isə keyfiyyət dəyişiklikləri baş verir. Bax, bu dəyişikliklər “Varlı qadın”da qabarıq göstərilib. Dünən “Daqestanskaya pravda” qəzetində tamaşa barədə resenziya çıxıb—yazırlar ki, nəfəs almağa imkan yoxdur, ancaq gülüşlə müşayiət olunur tamaşa. Amma məncə, bu gülüşün özündə də qara bir şey var—ona görə mən qara komediya adlandırmışam əsəri. Yəni gülməli prizmadan verilsə də, faktın özü dramatikdir. Pul insani dəyərləri məhv edir. Pul pis şey deyil, amma birdən-birə gələndə, həm də böyük miqdarda gələndə, hər insan onun qarşıısnda dayana bilmir. Yaxşı yadımdadır, Əbülfəz Elçibəyin belə bir fikri var idi. Deyirdi ki, mənim silahdaşlarımın böyük əksəriyyəti gərgin məqamlarda davam gətirə bildilər, amma pulun qabağında yox... Həqiqətən də, nəfsinin sahibi olan az adam tapılır. Ən böyük cihad da budur—nəfsi ilə vuruşmaq!

YOXSUL O QƏDƏR ÇOXDUR Kİ...

--Əli müəllim, belə çıxır varlı qadın çox ilgi çəkdi... Necə düşünürsünüz, yoxsul qadın haqqında pyes yazsaz, belə olarmı?

--Bilirsinizmi, teatrı, dramaturgiyanı həmişə qəribə, paradoksal hadisələr cəlb edir.
Sevda İsmayıllı
Sevda İsmayıllı
Hamar-humar adamlar, ağıllı və xoşbəxt adamlar dramaturgiyanın materialı deyil. Onlar dramaturgiya üçün maraqsız adamlardır. Bax, bu mənada ekstremal şəraitlər, qəfil hadisələr dramaturgiya üçün, mənim yazdığım situasiyada özünü doğruldur. Amma yoxsul qadın... yoxsul o qədər çoxdur ki... (gülüşmə) indi kimi isə yoxsulluqla təəccübləndirmək çətin məsələdir...hər halda reallığımızdan danışıram mən...

--Elə isə söyləyin indi nə və ya nədən yazırsınız?

--Mən ildə bir pyes yazıram. Tamaşaya qoyulduqca da, bəzilərinə elə gəlir ki, mən yaman çox yazıram. Hər il sevinirəm ki, o pyesi yazdım. Məsələn, keçən il yayda “İki aktrisa üçün baş rol” adlı bir pyes yazdım. Hər pyesi yazanda, qorxu keçirirəm ki, birdən alınmaz. Amma deyəsən pis olmadı. “Azərbaycan” jurnalı dərhal çap elədi pyesi. İndi mən onun səhnədə görünməsini gözləyirəm. Çünki pyes ancaq tamaşaya qoyulanda öz qiymətini alır. İndi mənim Milli Dram Teatrında “Ağa Məhəmməd şah Qacar” pyesim təsdiq olunub, yəqin ki, ilin ortasına qədər tamaşaya qoyulacaq.

--Məni qabaqladınız. Soruşmaq istəyirdim ki, təzə tamaşa gözlənilirmi?

--Bakıda elə bir teatr yoxdur ki, orda mənim əsərim oynanılmasın. Gənc Tamaşaçılar Teatrında tamaşam gedəndə bir jurnalist resenziya yazmışdı və tamaşanı “Rüşvət haqqında tamaşa” adlandırmışdı. Amma orada əsas rüşvət deyildi, başqa məsələydi. Görünür, kimi nə cəlb edir... Bir jurnalist də belə yazmışdı: ”M.S.S, məni ağlatdı”. Pyesin adı beləydi—M.S.S.—yəni səni sevirəm.

ÖMRÜNDƏ TEATR GÖRMƏYƏN “JURNALİST”

--Xatırlayıram, “Azərbaycan” jurnalında oxumuşdum...

--Sən demə bu jurnalist heç teatra getməyibmiş. Yazını da elə belə başlayır ki, ömrümdə teatr görməmişdim... Deyir, bir Arif Quliyevi görmüşdüm kəndimizə gələndə, ondan da xoşum gəlməmişdi. Ona görə teatra getmirdim, dostum zorla apardı. Baxdım, bir də gördüm gözümdən yaş axır... Bildim ki, teatr belə bir şeymiş... (gülüşmə).

--Əli müəllim, “Ağa Məhəmməd Şah Qacar” pyesindən danışdınız. Məncə bizim bu adda klassik bir pyesimiz var axı?

--Elədir—Əbdürrəhim bəyindir. Çox böyük bir pyesdir. Həm də əsərdə qadın yoxdur. Qadınsız da pyes səhnədə çox maraqsızdır. Pyesi yazarkən Haqverdiyevin əsərindəki tarixi materialdan istifadə etmişəm. Orada tarixi material dəqiqdir. Ədəbiyyatımızdakı Qacar obrazları təhrif olunub. Məsələn, “Vaqif” pyesində Qacar deyir—Bir boynu olsaydı bəşəriyyətin, onu bir qılıncla vurardım yəqin. Bunu özü haqqında kim deyər? Əslində isə Qacar çox ağıllı, tədbirli, savadlı və dindar adam olub. Odur ki, mən pozitiv yanaşıram obraza, amma çalışıram ki, həm də realist olsun.

O AKTRİSALARIN KİM OLDUĞUNU ÇOXLARI BİLİR

--İndicə başqa bir pyesdən də danışdınız—“İki aktrisa üçün baş rol”. İndi teatrlarda baş rol üstündə dava gedir. Siz nə səxavətlisiniz?!

--(Gülür) Bu pyesdə həqiqətən də hər iki aktrisa üçün baş rol var. Hər ikisi cəlbedici obrazlardır. Onların Azərbaycan teatrında gözəl prototipləri var. Onları mən açıqlamayacam, amma pyesə baxan dərhal biləcək ki, onlar kimdir. Ümumiyyətlə, mən teatrda aparıcı qüvvənin aktyor olduğunu dəstəkləyənlərdənəm. Tamaşanın ideyasını, fikrini tamaşaçıya çatdıran aktyordur. Aktyor teatrın canıdır. Bu əsər Azərbaycan teatrının var olmasında iştirak edən hər bir aktyora ithaf olunub. Personajlar da iki aktrisadır, bir rejissordur, bir dramaturq. Teatrı yaradan bu insanların əsərdə bir-birinə qarşı çox qəribə, gözlənilməz münasibətləri var. Pyes bunun üzərində qurulub. Əslində mən bunu teatral-komediya adlandırmışam. (davamı aşağıda)

Əli Əmirli. Ağqoyunlular və qaraqoyunlular
(Qafqaz Universitetinin dram özfəaliyyəti kollektivi)


Amma komediyalarımın çoxu elə də gülüş doğurmur, əksinə onların özündə dramatizm var. Artıq Milli Dram teatrının direktoru əsəri oxuyub bəyənib. Güman edirəm ki, tamaşaya qoyulacaq və onun nə dərəcədə cəlbedici olduğunu onda görəcəyik.

TEATRDA DİKTATOR OLMALIDIR

--Yeri gəlmişkən, soruşum, son vaxtlar dedi-qodu ölkə teatrlarını başına alıb. Sizcə nə baş verir teatrlarda—ciddi islahat, yoxsa?...

--İslahat öz yerində. İslahat deyəndə mən görülən işləri nəzərdə tuturam. Əgər islahat altında işlərdən keyfiyyət əmələ gələcəksə, teatrın səviyyəsi yüksələcəksə, mən bunu alqışlayıram. Son dövrlərdə Bakı teatrlarında keyfiyyət dəyişiklikləri var. Qaldı dedi-qoduya, teatr dedi-qodusuz, intriqasız, rəqabətsiz mümkün deyil. Yadınızdadırsa, Sovet dövründə--dedi-qodunun mətbuata çıxmadığı dövrlərdə MXAT iki yerə bölünmüşdü. Bu yaxınlarda Taqanka Teatrından Lyubimovu qovdular - öz yaratdığı teatrdan! Yaxud Ədil İskəndərovu—teatrı qurub-yaratmışdı—aktyorlar uzaqlaşdırdılar. O and içmişdi ki, teatra ayaq basmayacaq. Doğrudan da, basmadı. Sonra Mehdi Məmmədovu sevmədilər. Tofiq Kazımova elə böyük məhəbbət yox idi. Bunlar təbii şeylərdir. Bunlar olmalıdır, teatr qaynamalıdır. Bu olmasa, təzə qan yaranmaz. Bunu şişirtmək olmaz. Çox vaxt da işləməyən, tələbat olmayan aktyorlar gileylənir. Bizdə bir reallığı da unudurlar. İnsanın müəyyən yaş dövrü var, haçansa insan tükənir. Adam özü anlamalıdır bunu. Ancaq ağrı ilə qarşılayır. Köhnə şöhrətin kölgəsində yaşamaq istəyir. Xalq artisti adını özünə qalxan edir. İstedadın varsa, səninlə işləmək istəyirlərsə, bu yaxşıdır. Amma teatrda həmişə bir bədii rəhbər olmalıdır və o diktator olsun gərək. Çünki diktator olmadan aktyorlarla işləmək çətindir. Stanislavski deyirdi ki, aktyorlar uşaq kimidirlər, daha arxasını demirəm... İndi bu hadisələr mətbuata çıxır. Mətbuata da material lazımdır, camaaatı qızışdıran yazılar lazımdır. Onlar da bu dedi-qodudan istifadə edirlər. Hesab edirəm ki, böyük bir problem yoxdur. Belə problemlər həmişə var və olacaq.

--Əli müəllim, axı “canısulu” xalq artistlərini işdən çıxarırılar...

--Adamın canı sulu ola bilər, gərək istedadı da sulu olsun...Görürsən ki, teatrın repertuarındakı tamaşalarda o xalq artistinin rolu yoxdur. Amma bütün repertuar cavan artistlərin üzərindədir. Ştat boşalmadığı üçün cavanlar qabağa gedə bilmir—250-260 manat maaşı belə ala bilmir. Baş rollar oynasa da, ən aşağı kateqoriyadadır. Bu, həll olunmalıdr, ya yox? Elələri də var ki, prezident təqaüdü alır, amma teatrdan aralanmaq istəmir. Aralayanda da şərt qoyurlar, yumşaq üsulla bildirirlər ki, müqavilə əsasında işləyəcəksiniz. Doğrudan da, məsələn, GTT-nın şikayət edən aktyorları hər tamaşada rol alırlar. Hesab edirəm ki, problem şişirdilir. Həm də fikir versəniz, görərsiniz ki, o deyinənlər sevilən aktyorlar deyillər artıq. Hər aşiqin dövranı var.

HƏR QOCALAN MÜDRİK OLMUR

--Amma təqaüd alanlar da vətənə borcunu ödəmək istədiyini bildirir...

--Nə olar? Adı təqaüddür də.Təqaüdü əlindən alan yoxdur ki? Təqaüdü alginən və teatrın uğurlarına sevinginən. Burada nəinki ağsaqqallıq, müdriklik, geniş qəlb lazımdır. Amma hər qocalan müdrik olmur, axı...

TEATRI SEVİN! TEATRA GƏLIN!

--Əli müəllim, söhbətimiz bitmək üzrədir. Potensial tamaşaçılarınıza nə demək istərdiniz AzadlıqRadiosu vasitəsilə?

--(gülür) Potensial tamaşaçılarımıza deyərdim ki, teatrı sevmək lazımdıır. Belinski deyir, siz teatrı sevirsinizmi? Əgər sevirsinizsə, gəlin, teatra baxın və... ölün. İndi mən onun dediyi “umrite”ni demirəm. Teatra gəlmək lazımdır. Gəlib görmədən sevmək mümkün deyil. Jurnalistlərdə belə stereotiplər var. Deyirlər, teatra gələn yoxdur. Deyirəm sən teatra getmirsənsə, nə bilirsən gələn yoxdur? Teatra gəlmək və onu sevmək lazımdır. Mən istərdim ki, siz də o tamaşaçıların içində olasınız. Siz gözəl jurnalistsiniz. Yazılarınızı daima izləyirəm. Çox kövrək, səmimi. Mən belə hesab edirəm ki, siz teatra baxmalısınız.

--Xoş sözlərə görə sağ olun, inşallah, gələrəm...

--Bilirəm vaxtınız az olur...

--Amma istəyən vaxt tapa bilir, Əli müəllim... Təşəkkür edirəm müsahibə üçün. Qələminiz iti olsun.

--Sağ olun.

PROQRAMI DİNLƏ
XS
SM
MD
LG