Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:14

Amerikada etiraz aksiyaları səngiyir...


"Occupy Wall Street" hərəkatının üzvləri, 17 noyabr, 2011
"Occupy Wall Street" hərəkatının üzvləri, 17 noyabr, 2011
Amerikada xeyli səs-küy yaratmış “Occupy Wall Street” hərəkatı artıq medianın diqqətini çox cəlb etmir və getdikcə zəifləyənə oxşayır.

Onlar vətəndaşların gəlirləri arasında qeyri-bərabərliyə və maliyyə təşkilatlarının acgözlüyünə diqqət yönəltməyə çalışırlar.

Hərəkatın ən güclü olduğu New-Yorkda da indi sakitlikdir, hərəkat üzvlərinin 24 saat növbə çəkdikləri, çadır qurub gecələdikləri Zuccotti parkı da boşdur.

Onların doldurdiuğu parkı ötən ilin noyabrında polis zorla təmizləmişdi.

Amma zəifləsə də, hərəkat bəzi ştat və şəhərlərdə etiraz aksiyalarını davam etdirir. Məsələn, Kaliforniyada “Occupy Oakland” hərəkatının üzvləri yanvarın 28-də polislə toqquşub.

Ümumilikdə, hərəkatın başladığı keçən ilin sentyabrından bu yana ölkə boyu hərəkatın 6 min üzvü saxlanıb. Onları başqasının əmlakına müdaxilə etmək, vandalizm və polisin əmrinə tabe olmamaq ittihamı ilə məhkəməyə çəkirlər.

Amma paytaxt Washington Amerikada hərəkatın güclü olaraq qaldığı yeganə yerdir.

“Occupy DC” hərəkatı Ağ evə yaxın iki parkda növbə çəkir.

Şəhər sakinləri hələ də özləri üçün aydınlaşdıra bilməyiblər ki, bu hərəkata rəğbət bəsləyirlər, yoxsa bu, onların istirahət hüququnu pozur.

Hərəkat üzvləri qarda da, yağışda da parkdan getmirlər

Hələ ki yerli hakimiyyət orqanları da onları parklardan çıxarmağa həvəsli görünmürlər.

Hətta federal hakim də bu qərara gəlib ki, əgər yetərincə etiraz iddiası olmasa, hərəkat üzvləri parklardan çıxarıla bilməz.

Yerli səhiyyə rəsmiləri parklarda yoxlama apararaq orada gəmiricilərin artdığına diqqət çəkiblər.

Amma onların kimisə parkdan çıxarmaq səlahiyyəti yoxdur.


Los Ancelesdə saxlanan "Occupy Los Angeles" fəalları, 29 noyabr , 2011
Los Ancelesdə saxlanan "Occupy Los Angeles" fəalları, 29 noyabr , 2011
Konqres üzvlərindən biri hətta məsələ qaldırıb ki, etirazçılar parkların ot örtüyünü korlayırlar.

Amma paytaxt meri Vincent Gray də hərəkat üzvlərinin belə bir aksiya keçirməyə haqları çatdığını deyib.

Washington Amerikanın başqa yerlərindən bu mənada fərqlənir. Burada insanlar öz azadlıqlarını daha sərbəst nümayiş etdirə bilirlər.

Şəhər - qaradərililərin haqları uğrunda mübarizə aparan Martin Luther King-in kasıblıq əleyhinə tarixi yürüşündən tutmuş Vyetnam müharibəsi əleyhinə aksiyalara qədər ən müxtəlif kütləvi tədbirlərə məkan olub. Bir qadın isə hətta Ağ evin qarşısında 30 ildir ki, nüvə silahlarına qarşı təkadamlıq aksiya keçirir.

Hərəkatın Washington-dakı üzvləri inanırlar ki, bu zəifləmə mövsümi xarakter daşıyır və qış çıxan kimi hərəkatın aksiyaları yenə əvvəlki kimi güclü olacaq.

Amma hərəkatın artıq öldüyünü düşünənlər də var

Onlar bunu hərəkatın özünə lider seçməkdən və konkret məqsədlər müəyyən etməkdən imtina etməsi ilə əlaqələndirirlər.

Bütün hallarda hərəkat bir məqsədinə çatmış sayıla bilər: bu da artıq “Amerika imkanlar ölkəsidir” deyiminə fərqli baxışın yaranmasıdır.

İnsanlar düşünməyə məcbur oldular ki, bu imkandan hamının eyni dərəcədə yararlana bilib-bilmədiyi haqda düşünsünlər.

Maliyyə təşkilatlarının öz şəxsi maraqlarını ölkənin maraqlarından önə qoyması, maliyyə böhranına səbəb olması kimi fikir də diqqət mərkəzinə gətirildi.
XS
SM
MD
LG