Keçid linkləri

2024, 10 Noyabr, bazar, Bakı vaxtı 09:16

Qazaxıstanda partiya rəhbəri və jurnalist həbs edilib


Prezident Nursultan Nazarbayev Zhanaozendə polislərlə görüşərkən
Prezident Nursultan Nazarbayev Zhanaozendə polislərlə görüşərkən
Qazaxıstan hakimiyyəti bildirib ki, ötən ay ölkənin neft şəhəri olan Zhanaozendə baş vermiş toqquşmalar zamanı aksiyaçılara atəş açdığına görə 3 polis əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub.
Keçən ilin dekabrında Zhanaozen şəhərində əmək haqlarını tələb edən neftçilərlə polis arasındakı qarşıdurmada 16 nəfər ölmüşdü.
Qazaxıstanın baş prokuroru Ashkat Daulbaev televiziyada çıxışında 3 müxalif siyasətçiyə - qeydə alınmamış «Alga» partiyasının rəhbəri Vladimir Kozlova, «Vzqlyad» qəzetinin redaktoru İqor Vinyavskiyə və prezidentliyə keçmiş namizəd Şerik Saparqaliyə qarşı cinayət işi qaldırıldığını da bildirib.
Onlar dekabrın 23-də həbs olunublar və neft işçilərini zorakılığa təhrik etməkdə təqsirləndirilirlər. Onların həbsini ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunja Mijatovic kəskin tənqid edib. O, «Vzqlyad» qəzetinin redaktoru İqor Vinyavskinin dərhal azad olunmasını tələb edib.
«ZƏİF HÖKÜMƏTİN ADDIMI»
Beynəlxalq hüquq müdafiə təşkilatları Human Rights Watch və Freedom House bildirib ki, Qazaxıstan hakimiyyəti Zhanaozen hadisələri ilə bağlı cinayət işindən siyasətçilərə qarşı təzyiq vasitəsi kimi istifadə edir.
Yanvarın 25-də Vaşinqtonda ABŞ Helsinki Komissiyasında Qazaxıstanla bağlı keçirilən dinləmələrdə Freedom House təşkilatının Avropa proqramları üzrə direktoru Susan Corke deyib ki, Qazaxıstan hökumətinin addımları onun zəifliyini göstərir:
Human Rights Watch
Human Rights Watch
«Nazarbaev və onun administrasiyası siyasi rəqabətə və dissidentlərə şərait yaratmaqdansa, əksinə onları daha da sıxışdırmaqla öz zəifliyini etiraf edir. Özünə arxayın lider heç vaxt bu cür üsullara əl atmaz».
Dinləmələrdə ABŞ-ın Qazaxıstandakı keçmiş səfiri William Courtney də iştirak edib. O, polislərə qarşı qaldırılmış cinayət işinin ciddi nəzarət altında saxlanmasının vacibliyini bildirib:
«Prosesin diqqətlə izlənilməsi və məhkəmənin şəffaf keçirilməsi çox vacibdir. Əks halda qazaxıstanlıların çoxu həmin polislərin Zhanaozen faciəsinin günahkarı olduqlarını, yoxsa daha yüksək vəzifəlilərin günahını yumaq üçün qurban verildiyini bilməyəcəklər».
HÜQUQ MÜDAFİƏÇİSİ HƏBS EDİLİB
Yanvarın 23-də hüquq mühafizə orqanları Qazaxıstanın tanınmış hüquq müdafiəçisi Vadim Kuramshini həbs ediblər. O qanunsuz pul tələb etməkdə ittiham olunur.
Kuramshinin vəkili deyib ki, müdafiə etdiyi şəxs haqqında 2 aylıq həbs qəti imkan tədbiri seçilib. O yerli rayon prokurorluğu əməkdaşından rüşvət tələb etməkdə ittiham olunur.
Bu arada Qazaxıstanın əsas müxalif siyasətçilərindən olan Ruhaniyət partiyasının sabiq lideri Serikzhan Mambetalin həbs olunacağından ehtiyatlanaraq ölkəni tərk edərək Londona gedib. Deyib ki, ölkəyə yaxın vaxtda qayıtmağı düşünmür.
Ruhaniyət partiyasını sabiq lideri Qazaxıstanda müxalif siyasətçilərə qarşı təzyiqin artdığını da bildirib. Onun partiyasına parlament seçkilərində iştirak etmək qadağan olunmuşdu. Serikzhan Mambetalin Zhanaozen hadisələrinə görə hakimiyyəti kəskin tənqid edirdi.

Sayta hazırladı: Kəbiran Dilavərli
XS
SM
MD
LG