Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:57

Rüstəm İbrahimbəyov Fransa ordenindən niyə imtina etdi?


Rüstəm İbrahimbəyov
Rüstəm İbrahimbəyov
Yazıçı və ictimai-xadim, «Oskar» mükafatı laureatı Rüstəm İbrahimbəyov 2000-ci ildə ona verilən Fransa ordenindən imtina edib. O, bu barədə yanvarın 25-də bəyanat yayıb.

AzadlıqRadiosuna müsahibəsində Rüstəm İbrahimbəyov deyib ki, o, təkcə ordendən yox, həm də Fransa-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədrliyindən də imtina edib.

«ORDENDƏN İMTİNA ETMƏK ÇƏTİN OLDU»

- Rüstəm müəllim, Fransanın ordenindən imtina etdiniz. Kim vermişdi ordeni Sizə, harada verilmişdi?

- Fransanın Mədəniyyət Nazirliyi verib, amma ordeni mənə bu ölkənin Azərbaycandakı səfirliyində təqdim ediblər.

- Çətin olmadı ki, belə bir ordendən imtina etmək?

- Əlbəttə çətindir. Çünki mənim Fransa ilə uzun illərdir mədəni əlaqələrim var. İki film – «Urqa» və «Şərq-Qərb» mənim ssenarim əsasında Fransa ilə birgə çəkilib və «Oskar»a namizəd olub. Bundan başqa 5 ildir ki, hər il Marseldə kino və teatr festivalı keçirirəm. Fransa ilə başqa əlaqələrim də var. Necə deyərlər, bu ordeni mənə zəhmətə görə veriblər. Mənə elə gəlir ki, belə bir addım atmasaydım, özümə hörmət etməmiş olardım. Ona görə, mən məcbur idim belə bir addım atım.

«BU, ŞƏXSİ İŞDİR»

- Rüstəm müəllim, Azərbaycanda Fransa ordenlərini alan digər adamlar da var. Onlar da belə addım atmalıdırlarmı?

- O, hər adamın öz seçimidir. Mən bunu heç kimdən tələb etmirəm. Bu, şəxsi işdir.

- Liberal Partiyasının sədri Lalə Şövkət bəyanatında deyib ki, prezidentin həyat yoldaşı Mehriban Əliyeva da Fransanın «Şərəf Legionu» ordenindən imtina etsin. Münasibətiniz necədir bu məsələyə?

- Bilirsiniz, elə bir vəziyyət yaranıb ki, bu addımı sıravi vətəndaş edə bilər. Amma siyasi məsələlər olduğu üçün dövlət başçısı və onun yoldaşının bu addımı atması çətindir. Ona görə də, mənə elə gəlir ki, bu məsələyə hərə özü qərar verməlidir. Türkiyə, bu xalq, bu ölkə tarix boyu həmişə bizə kömək əlini uzadıb. Mən özümə borc saydım ki, bu addımı atım.

«ORDENİ DƏRHAL GÖNDƏRƏCƏYƏM SƏFİRLİYƏ»

- Rüstəm müəllim, imtina etdiyiniz ordeni hara, kimə təhvil verəcəksiniz?

- Ordeni mən səfirliyə göndərəcəyəm. Amma iş ondadır ki, hələlik bu qərarım qanunun qəbulundan asılıdır. Senatın qərarına prezident Sarkozy imza atmalıdır. Bundan başqa Senatın 60 deputatı Fransa Konstitusiya Məhkəməsinə müraciət edib ki, qəbul olunan qərarı təsdiqləməsin. Bunu gözləyirəm. Bu, qanun kimi qəbul olunandan sonra ordeni dərhal göndərəcəyəm səfirliyə. Hesab edirəm ki, Senatın bu qərarı Fransanın böyük ənənələrinə, həm də demokratiyaya ziddir.

- Bəs atdığınız bu addıma görə Türkiyədən kimsə Sizə müraciət edib, öz münasibətini bildiribmi?

BU ORDENDƏN DAHA KİMLƏRDƏ VAR?

- Türkiyə televiziyalarından biri bu gün (yanvarın 26-da) mənimlə bağlı canlı veriliş yayacaq. Yəqin, Türkiyə qəzetləri də bu barədə yazmamış olmaz.

- Rüstəm müəllim, Sizə verilən ordendən Azərbaycanda daha kimlərdə var?

- Bu ordenin dərəcələri var. Mən həmin ordenin zabitiyəm. Belə bir orden yalnız məndədir. Amma sıravi, yəni «kavaler» deyilən dərəcəsi Fərhad Bədəlbəyliyə verilib, daha bir neçə adamda var. Yenə də təkrar edirəm, mən heç kimdən tələb etmirəm ki, onlar ordenlərini qaytarsınlar.

Rüstəm İbrahimbəyov - Azərbaycan xalq yazıçısıdır, Azərbaycan Kinematoqrafçılar İttifaqının rəhbəri, «Oskar» mükafatı laureatıdır. Onun əsərləri əsasında 40-dan çox bədii film, televiziya filmləri və tamaşaları çəkilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG