Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:03

Davosda musiqiçi baş nazirə "yox" dedi


Davos iqtisadi forumunda Britaniyanın baş naziri David Cameron çay məclisi təşkil edirdi, britaniyalı rok ulduz Mick Jagger gəlməkdən imtina etdi.

Əfsanəvi Rolling Stones qrupunun lideri Jagger hətta Davosu tərk edib.

68 yaşlı musiqiçi öz bəyanatında yazır ki, iqtisadiyyatla və dünya hadisələri ilə həmişə maraqlanır, ancaq “siyasi futbol” oyununa cəlb olunmaq istəmir.



Cameronun Britaniyada apardığı kəskin qənaət siyasəti xeyli narazılıq doğurur, Jagger adının Cameronla yanaşı çəkilməsini istəməyib.

Cameron isə bildirib ki, Davosda çay məclisini ona görə təşkil edirdi ki, Britaniyaya xarici investisiyalar cəlb etmək istəyir, bu bir simvolik məclis idi.


Mick Jagger

KAPİTALİZMİN İNDİKİ MODELİ ÖLƏ BİLƏR

Yanvarın 25-dən 29-nadək çəkməli Davos iqtisadi forumunda əsas müzakirə mövzusu indiki iqtisadi modelin, yəni Qərbin azad bazar modelinin taleyidir.

Forumun birinci günü iştirakçılar etiraf ediblər ki, Qərbin azad bazar iqtisadi modeli güclənən dövlət kapitalizmi modeli qarşısında aciz qalıb.

1971-ci ildən İsveçrənin Davos kurortunda dünyanın siyasi, iqtisadi elitasını toplayan dünya forumu ötən 41 ildə azad bazar modelinin uğurlarının simvolu idi.
Bu ilki toplantıda isə qonaqlar xəbərdarlıq ediblər ki, yeni iş yerlərinin yaranması və iqtisadi artıma start verilməsi üçün yeni model tapılmalıdır.

Carlyle İnvestisiya Fondunun icra direktoru David Rubinstein deyib ki, “Qərbin öz iqtisadi modelini yaxşılaşdırmağa 3 ya 4 il vaxtı var. Əgər biz bu vaxtı itirsək, oyunu uduzacağıq”.

62 yaşlı milyarder, öz yaxşı işinə görə dekabr ayında 134 milyon dollar bonus almış Rubinstein deyir ki, “biz modeli yaxşılaşdırmasaq, bizim yaşadığımız, ən yaxşı hesab etdiyimiz kapitalizm modeli üçün oyun qurtaracaq”.

Rubinstein hesab edir ki, Qərb özünün dövlət kəsiri problemini nəzarətə almalıdır.

Çikaqo universitetinin professoru Raghuram Rajan isə öz çıxışında deyib ki, Qərb iqtisadiyyatları 1960-cə illərdə verdikləri vədi yerinə yetirə bilmirlər. Mövcud iqtisadiyyat dünyada heç də hamını varlı edə bilmir. Dünyada ümumi iqtisadi artım vədlərlə müqayisədə çox cüzidir.

Davos forumunda Rubinstein etiraf edib ki, dövlət kapitalizmi yeni iş yerləri yaratmaqda daha etibarlı mənbə kimi görünür, ancaq o xəbərdarlıq edib ki, bu dövlət kapitalizmi azad bazar kapitalizmi kimi yüksək maaşlı, mükafatlı iş yerləri yarada bilməz.

İLLÜZİYALAR

Fransanın telekom nəhəngi Alcatel-Lucent şirkətinin prezidenti Ben Vervaayen isə hesab edir ki, “bizim ciblərimiz illüziyalarla doludur, buna əncam çəkmək lazımdır.”

O deyib : “istehlakçı mağazaya gedir, orda aldığı mallar qloballaşmanın məhsullarıdır. Bu istehlakçı mağazadan iki zənbil qloballaşma ilə çıxır və sonra da öz hökumətinin üstə qaçır ki, “məni bu qloballaşmadan qoru”.

MİLYONÇUYA 30 FAİZ VERGİ

Davos Forumunun birinci günü, forum ərəfəsi ABŞ prezidenti Obamanın səsləndirdiyi milyonçulardan 30 faiz vergi tutulması ideyası da geniş müzakirə mövzusu olub.

Qərbdə buna “Buffet vergisi” deyirlər, çünki milyarder Buffet bu ideyanın pərəstişkarıdır.

Ancaq Davos forumunda Obamanın vergiləri belə artırmaq təklifi fikir ayrılığı yaradıb.

2007-ci ildə - dünyada maliyyə böhranı başlanmazdan bir il əvvəl bu böhranın gələcəyini xəbər verən iqtisadçı Noirel Roubini deyib ki, vergi məsələsi siyasi məsələyə çevriləcək. Çünki ABŞ-da və dünyada varlılarla kasıblar arasında uçurum artır.

Ancaq Harvarddan olan Kenneth Rogoff hesab edir ki, 30 faizlik vergi iqtisadiyyata zərbə vura bilər.

AZƏRBAYCAN SƏRGİSİ

Davos iqtisadi Forumunda 40 ölkə başçısı və 1600 biznes lideri iştirak edir.

Azərbaycan prezidenti İlham Əliyev də iştirakçılar arasındadır.

Forum günlərində “Müasir Azərbaycan incəsənətində ənənələr” adlı sərgi təşkil olunacaq.
Sərginin təşkilatçısı Azərbaycanın birinci xanımı Mehriban Əliyevadır.
XS
SM
MD
LG