Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 04:45

«ABŞ tezliklə Azərbaycana yeni səfir göndərəcək»


ABŞ dövlət katibinin köməkçisinin müavini Eric Rubin
ABŞ dövlət katibinin köməkçisinin müavini Eric Rubin
«Biz çox qısa müddətdə ABŞ-ın Azərbaycana səfir təyin etməsi üçün əlimizdən gələni edəcəyik».

Yanvarın 19-da ABŞ dövlət katibinin köməkçisinin müavini Eric Rubin Bakıda keçirdiyi mətbuat konfransında bunu deyib:

«Cənab Matthew Bryza çox istedadlı bir diplomatdır. O burada çox böyük enerji ilə, sədaqətlə çalışmışdır. Matthew Bryza ABŞ-ı Azərbaycanda təmsil edəcək ən yaxşı şəxs olduğuna görə prezident Obama onu səfir təyin etmişdi».

«BRYZANIN SƏFİR KİMİ QALA BİLMƏMƏSİNDƏN TƏƏSSÜFLƏNİRİK»

O, müvəqqəti işlər vəkili Adam Sterlingin rəhbərliyi altında ABŞ səfirliyinin fəaliyyətini yüksək qiymətləndirdi:

«Bizim Konstitusiyamıza biz hörmətlə yanaşmalıyıq, orda nəzərdə tutulan hakimiyyətin bölünməsi prinsipinə əsasən prezident namizəd irəli sürür və senat onu təsdiqləməlidir. Birləşmiş Ştatların Azərbaycanda səfirinin olması çox mühümdür, cənab Bryzanın burda səfir kimi qala bilməməyindən çox mütəəssir olmuşuq, çox təəssüflənirik. Biz çox qısa müddətdə burada səfir səviyyəsində təmsil olunmaq üçün əlimizdən gələni edəcəyik».

Eric Rubin Bakıda iki günlük səfər çərçivəsində prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, müdafiə naziri Səfər Əbiyev, AXCP sədri Əli Kərimli, Müsavat Partiyası başqanı İsa Qəmbər, Ümid Partiyasının sədri İqbal Ağazadə, REAL hərəkatının həmsədri İlqar Məmmədov və tələbələrlə görüşlər keçirib.

İRAN VƏ TƏHLÜKƏSİZLİK MÜZAKİRƏ OLUNUB

Cənab Rubinin sözlərinə görə, Azərbaycan rəsmilərilə görüşdə təhlükəsizlik məsələləri və İranın nüvə proqramı ilə bağlı müzakirələr aparılıb:

«Biz Azərbaycanda prezident və digər şəxslərlə müxtəlif məsələləri müzakirə etdik. Onlardan biri təhlükəsizlik məsələsi idi. Təhlükəsizlik məsələlərində İran və İranla bağlı təhdid mərkəzi rol oynayır. İranın nüvə proqramı həm region, həm də dünya üçün təhlükə törədə bilər. Biz bütün mümkün vasitələrlə, bütün tərəfdaşlarımızla bunun qarşısını almaq üçün əlimizdən gələni etmək niyyətindəyik. Bu işdə bizim əsas tərəfdaşlarımızdan biri də İranın qonşusu olan Azərbaycandır. Biz Azərbaycanla danışıqlar apararaq çalışırıq İranı inandıraq ki, beynəlxalq ictimaiyyətlə bu mövzuda danışıqlara başlasın».

ABŞ İSLAHATLARI DƏSTƏKLƏYİR

ABŞ dövlət katibinin köməkçisinin müavini Eric Rubin Azərbaycanın tərəqqi etdiyini qeyd edib:

«Mən öz görüşlərimdə prezident Əliyevə və nazirlərə Azərbaycanın apardığı çoxsaylı islahatlar, konstitusial quruluşun və s. təkmilləşdirilməsi sahəsində öz güclü dəstəyimizi ifadə elədim.

Xalqlar arasında qarşılıqlı əlaqələrin güclənməsində öz dəstəyimi bildirdim. Biz ötən illər ərzində enerjinin işlənməsi və hasilatı sahəsində əldə olunmuş uğurlardan öz məmnunluğumuzu qeyd elədik və qarşıdan gələn illər ərzində də bunun davam etməsinə olan marağımızı ifadə etdik».

Diplomat rəsmi görüşlərdə Qəbələ Radio Lokasiya Stansiyasının da müzakirə edilməsilə bağlı kütləvi informasiya vasitələrinin yaydığı məlumatları təkzib edib.
XS
SM
MD
LG