Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:42

Nigar Mirzəyeva "Cəmi 15 qəpik" (Hekayə)


.
"Oxu zalı"nda yeni imzalar


Nigar Mirzəyeva


CƏMİ 15 QƏPİK

(Həsr olunur Qayaya...)

Yuxular? Maraqlı sualdır... Onlar fərqli olur. Yorğun vaxtlarımda gördüyüm yuxular digərlərinə bənzəmir. Onlar daha realdır.

Amma mən yuxularımı sevirəm. Onlar məni yaşadığım mühitdən, qarşılaşdığım haqsızlıqlardan, sevdiyim qızla yaşadığım problemlərdən çox uzaqlara aparır.

Xəyallarımda olduğu kimi, yuxularımda da hər şey mən arzu etdiyim kimidir və burada heç kim mənə qarşı çıxa bilməz. Öz dünyanda tolerant olmağa ehtiyac yoxdur, çünki bu dünyada yalnız bir hipofiz mövcuddur, o da sənin fikrindir.

Burada heç kim yanlış düşündüyümə görə səni günahlandıra bilməz.

Deyirlər ki, insan varlığından kənarda yuxu dünyası mövcuddur və burada hər kəsin yuxu qapısı var. Həmin qapının arxasında uşaqlıqdan bəri gördüyün yuxular, yerinə yetməyən arzular, incikliklərin gizlənib. Sənin yuxu dünyanın qapısı açılan kimi oradan əsən xəfif külək arzularının ətrini gətirir. Hər gecə yuxuda onu burnumda hiss edirəm. Bu, sənin ətrindir!

Evdən çıxanda əlimi şalvarımın cibimə atdım. Cəmi 15 qəpik. Gülümsədim...

Bizim şəhərdə yaşamaq üçün cavan oğlana elə də böyük imkanlar lazım deyil. Əgər sənin normal, qayğıkeş ailən varsa, öz ailəni qurmaq istədiyin, anlayışlı hesab etdiyin qıza rast gəlmisənsə, normal gəlirli işin, başının üstündə Allahın, qəlbində vicdanın, beynində düzgün əqidən varsa, deməli, problemin yoxdur, amma əgər ailəndə hər gün dava-dalaşdırsa, sevdiyin qız səni anlamaq istəmirsə, işdən qovulmaq təhlükəsi ilə üzləşmisənsə, artıq nə Allaha, nə vicdan, nə də əqidəyə inam səni çuğlamaqda olan depressiyadan xilas etmirsə, nə etməli? Onda, qardaş, sənin bəxtin heç gətirməyib, çünki mənim yaşadığım, günəşin daima bal ətri qoxuduğu bu şəhərdə insanların bir-birini anlaması üçün xüsusi dil mövcuddur, həmin dil də sözlərdən ibarət deyil.

Həmin gün əvvəlki on gündən xüsusi heç nə ilə fərqlənmirdi, elə əvvəlki on aydan da. Elə bil günəş də həminki kimi parlayırdı, hava süd kimi ilıq idi, səma da həmişəki kimi sükuta qərq olmuşdu. Bulanıq şüurumun durulduğunu hiss edirdim... Elə onda yadıma düşdü ki, ona artıq on gündür ki, zəng etmirəm. Yəqin məni unudub... Ayağımın altında diyirlənən daşı var gücümlə çırpdım...

Maaş kartımda on manat pul qalmışdı. Bu gün mənə kifayət etməli idi. Hələ maaşa da 1 həftə var. Bir az təmiz hava almaq üçün çox sevdiyim Zorgen parkına gəldim. Özüm və cəmiyyətlə mübarizədə keçirdiyim, solğun gəncliyim bu parkla sıx bağlıdır. Onunla ilk görüşümüz də burada olmuşdu. Onu buraya ilk dəfə mən gətirmişdim. Heyran olmuşdu...

2

Lermontovun qəhrəmanı Peçorin kimi, istehzadan qorxaraq, duyğularımın ən gözəlini qəlbimin dərinliyində gizlədim. Amma onların oradaca məhv olmasını istəməzdim.

Park boyunca dolaşmağa başladım. Aralı əkilmiş, cavan ağaclar mənə doğma idilər. Mənim üçün bu parkın gündüzü-gecəsi yoxdur. Gecələr yaxınlarımdan inciyəndə də burada gəzişirəm, gündüzlər işdən yorulanda da. Dünyada hər şey əhəmiyyətini itirdiyi zamanda da bu park mənim gözümdə cılızlaşmadı. Onunla əl-ələ gəzişdiyimiz hər cığır mənə canlı kimi doğma idi.

Dəlilər kimi düşünürdüm-rabitəsiz, qırıq-qırıq. Bilmirəm, haradasa oxumuşdum ki, bizim düşüncələrimiz tovuzquşu kimi rəngarəng və cazibədardır. Bütün təhlükə də bundan doğur.

Parkda balaca uşaqlar kimi qayğısız gəzdiyimiz günlər xəyalımda yenidən canlandı. Heç bilmirəm, o zamanlar nə düşünürdüm. Amma indi, deyəsən, onun üçün darıxmağa başlamışdım.

3

Sevgi? Onu ilk baxışdan tanımışdım! Anlaya bilmirdim, mənlə nə baş verdiyini, amma bu hissin adı Sevgi olmalıydı. Bunu kəşf edən kimi qərara gəlmişdim ki, qızımız olacaq, adını da Qızəsgər qoyacam. Çox təsirlənmişdim, bundan əvvəl heç vaxt qızım olacağını ağlıma gətirməmişdim. Amma bu ad onun xoşuna gəlmədi və mənə acıqlı-acıqlı baxıb dedi ki, məndən zəhləsi gedir. Mən də inandım...

Tamam gözləmədiyim halda, ayağımı yerdə gəzən qarışqanın üstünə basdığımı gördüm. Tez geri çəkilib onu xilas etmək istədim, amma artıq gec idi. Qarışqa kobud idman ayaqqabımın altındakı deşiklərdə ilişib qalmışdı. Başımı göyə qaldırdım. Səmanın əbədi sakitliyi məni vahiməyə saldı. Ürəyim sıxıldı. İlk dəfə insan olduğuma görə utandım. “Heyvanlar müharibə etməyi bacarsaydılar, ilk müharibəni,yəqin,insana qarşı elan edərdilər” deyə düşündüm.

Günəşin şüaları gözümün içinə düşürdü. Ondan ayrı qalanda günəşin də məndən zəhləsi gedir. Bilirəm, o, nə deməyə çalışır. Deyir, yadındamı, bir vaxtlar o qız qəhvəyi donla qara corab geyərdi görüşünə, indi gözünü deşirəm ki, xatırlayasan. Mən həmin o Günəşəm! Onun qara corabında tamam fərqli çalar alan, o rənglərlə gözlərinə soxulub qəlbini qızdıran Günəş! Bəs indi necə oldu? O rəngləri, məni, həmin o qızı necə unutdun?

Parkda adam getdikcə çoxalırdı, mən isə qoca bir ağacla üzbəüz həmişə oturduğumuz skamyada əyləşmişdim. Ağacın ortasını yonub içini tullantılarla doldurmuşdular. Burada nə desəniz var idi. Hətta bir dəfə o,ayaqqabımı oturduğum yerdəcə ayağımdan çıxarıb ağacın altına qoymuşdu. Çox əsəbiləşmişdim. Bir az inad etsəydi, yəqin ki, bu ağacın oyuğunda mənim ayaqqabıma da yer tapılardı. Beş dəqiqədən sonra isə peşman-peşman ayaqqabımı gətirib özümə qaytarmışdı. Bu hoqqabazlığı ancaq o edə bilərdi.

Uzaqdan parkın yuxarı hissəsinə yol açılırdı. Bu yolda ona yaxşı dalaşmağı öyrətmişdim, o isə ilk yağlı yumruğunu mənə ilişdirmişdi. Yaxşı müəllim olduğumu anlamışdım...

Həmin yolu xüsusilə sevərdik, gündə on dəfə yorulmadan burada dövr edərdik, amma ora təmir olunanda skamyada əyləşməli olmuşduq, yoxsa bizə nə var? Ağacın altında oturub saatla bir-birimizə sataşardıq.

Hər xırda sözdən inciyirdi. Bir dəfə ona dedim ki, hündürdaban ayaqqabı sənə yaraşmır, at kimi gəzirsən. Kirpiklərini aşağı endirdi... Bir müddət susdu, amma daha mənə zəng etmədi...

4

Səhv addım? Bunların hamısı düşünmək lazım gəldiyi zaman hiss etməkdən, hiss etmək lazım gəldiyi zaman isə düşünməkdən irəli gəlir. Gözümüzü yumub sevgi burulğanına atıla bilsəydik,indi birlikdə xoşbəxt olardıq.

Bir dəfə ona smslə yazmışdım:

- “Dünyada ən böyük xoşbəxtlik əmin olmaqdır ki, sizi sevirlər. Sizin özünüzə görə sevirlər, daha dəqiq desək, sizə rəğmən sevirlər. Sevimli yazıçının sözüdür. Kim?”

Cavab beş dəqiqədən sonra gəlmişdi:

- Hüqo? Kortasar ola bilməz, əminəm. Bunu yalnız bir fransız deyə bilər. Bu, mənim son qərarımdır. Cavabı qəbul edin - Hüqo! Uduzdum?

Bu SMSlə məni dəlicəsinə sevdiyini anladım və bütün gecəni sevincdən yata bilmədim.

5

İndi isə hər şey tam fərqlidir. Mən daha onu incidib küsdürmək istəmirəm. Bircə bilirəm ki, ondan başqa heç kəsi hirsləndirmək bu qədər xoşuma gəlməyib.

Parkın bir tərəfi təmirə bağlanmışdı. Onlar vəhşi təbiəti yeni elitar parkla əvəz edəcəkdilər. Onunla mənim təbiətim! Bizim vəhşi təbiətimiz yenisi ilə əvəz olunacaqdı. Bəlkə parkla bərabər hisslərimiz də əvəz olunacaqdı?

Lap küncdə köhnə, yarı-sökük divarda yazı vardı: “Qəhrəmanlıq yeganə insani hərəkətdir ki, onu məşq etmək mümkün deyil”. Təsirli sözdür...

“Mən niyə qəhrəman ola bilmirəm?” -deyə düşündüm. Öz dünyamın qəhrəmanı? Elə onda xatırladım ki,axmaq Allahdan elə şey istəyir ki, özü onu etməyə qadirdir.

6

Axşam saat on olardı. Ayın işığı üzümə düşəndə pencəyimin içəri cibində qırmızı qızılgül, əlimdə onun ən çox sevdiyi kişmişli, südlü şokolad, ürəyimdə min-min arzu onların evinə sarı yollandım. On gündən sonra ona zəng edib nə deyəcəyimi bilmədiyim üçün “romantik” SMS yazmağa qərar verdim.

“Qapınızın ağzındayam!”

Cavab gəlmədi.

On beş dəqiqə keçəndən sonra həyət evinin darvazası açıldı. Qapının arasından onun qəhvəyi rəngli saçlarını, dolmuş gözlərini görüb ürəkləndim, “Səni Sevirəm!” ,-dedim...
7
Bakının noğul ulduzları başımın üstündə parlayırdı. İlıq gecədə sakit, məhlələrarası küçələrlə addımladıqca, onun təəccüb və qorxudan ağarmış üzünü xatırlamaqdan zövq alırdım. Gülü əlimdən alıb qapını üzümə çırpması məni heç hirsləndirməmişdi. Əksinə mat-mat qapının ağzında donub qalmağım,qapını çırpmasından heç iki saniyə keçməmiş təzədən darvazanı açıb şokoladları da əlimdən alması məqamı heç gözümün önündən getmirdi. Belə qərara gəlmişdim ki, elə o da məni sevir, özü də lap çoxdan sevir...

Bu fikirdən ürəyimə sakitlik çökdü və beləcə bir müddət heç nə barədə düşünə bilmədim. Bütün düşüncələrim, sanki ilıq suya qərq oldu. Daxilimə xoş istiliklə bərabər yandırıcı təhlükə və nigarançılıq hissi axdı.

Sonra bu fikirlərdən uzaqlaşıb baş verən hadisəni xatırladım. Yadıma düşdü ki, ona gül, şokolad alandan sonra avtobusa minməyə pulum qalmamışdı, daha doğrusu cəmi 15 qəpik. Bir müddət şəhərdə var-gəl edib çıxış yolu düşünəndən sonra yadıma düşdü ki, keçən gün aldığım lotoreya biletini yoxlamamışam. Əgər bəxt üzümə gülsə, heç olmasa nəsə qazanacam.

Nizami metrosunun yanında beş ildən artıq lotoreya satan yaşlı day-day mənə qətiyyətlə:

-Yox, a bala, sənin dediyin nömrə siyahıda yoxdur, -dedi.
Mən məyusluğumu gizlədə bilmədim. İnanılmazdır, amma mən səhər evdən çıxarkən cibimdəki 15 qəpiklə qalmışam. Təzəcə oradan uzaqlaşmışdım ki, arxamca balaca oğlan uşağının gəldiyini görüb ayaq saxladım. O isə tövşüyə-tövşüyə:

-Babam dedi ki, səhv baxmışam, dediyin nömrə o siyahıda varmış.

Balaca nəvə ilə dayının yanına qayıdarkən necə xoşbəxt olduğum indiki kimi yadımdadır. Uduş məbləğinin 1 manat olduğunu biləndə də bu xoşbəxtlik zərrəcə azalmadı. Qanadı qırılmış ümidimin şanlı uçuşu!

Dayıya hekayəmi danışdım. Hər ikimiz güldük. Bir qıza sevgi etiraf etmək nə qədər çətin imiş, İlahi! Bunun üçün mənə cəmi 40 qəpik gediş haqqı lazım olduğunu dedim, qalan 60 qəpiyi balaca nəvəyə verdim.

İndi isə gecənin bu vaxtı tənha küçələrdə fit çala-çala getmək xoşuma gəlirdi. Cibimdə 35 qəpik olmasına baxmayaraq, çox rahat idim. Elə bil, içimdə Allahı gəzdirirdim...

8

65-nömrəli marşrut adamla dolu idi, bütün oturacaqlar tutulmuşdu, amma bu, məni qətiyyən narahat etmirdi. Bu gecə ayaq üstə yol getmək də xoşuma gəlirdi, düz yanımda dayanan kişinin nəfəsindən gələn, yenicə yeyildiyini aydın duyulan dovğanın tünd adekolon iyinə qarışmış qoxusu da ...

20 Yanvar metrosundan bir az aralıda avtobusa minən qara, üzü xırda tüklərlə örtülmüş oğlan sürücünün diqqət mərkəzindəydi. Əlində böyük, yerli şaftalı olan nazik salafan ayaq üstə qalanlara dəyir, onlar da növbə ilə çevrilib hirslə oğlanı süzürdülər. Avtobus təzəcə tərpənmişdi ki, sürücü dodaqlarında xəfif təbəssümlə dilləndi:

-Hə, oğlan, necəsən? Əlin düzəlib, deyəsən?

Elə onda xatırladım ki, bu, həmişə qolunu bintlə bağlayıb avtobusa minən, yazıq, hüznlü səslə nəzir istəyən oğlandır. Məni gülmək tutdu. Sürücünün atmacası bir çoxuna ləzzət elədi. Bircə oğlanın özünə bu, deyəsən, xoş gəlmədi. Özünü birbalaca itirib:
-Yox, -dedi, -dayı, o mən deyiləm ki...

Sonra isə sürücüyə yanaşıb şaftalını ona uzatdı: “İstəmirsən, dayı?”

Düşündüm ki, uşaq, doğrudan da, hansı ailədə doğulmağından, cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq, həmişə uşaqdır. Pak olan ləkə götürmür.

Avtobus beşmərtəbədə dayandı, hamı enməyə başladı. Onda xatırladım ki, bir neçə gündür ki, 65-nömrəli avtobus da şəhərin mərkəzinə getmir. Kor-peşman avtobusdan düşdüm, sonuncu 20 qəpiyimi sürücüyə verdim. Bədənimdən xoş gizilti keçdi. Cibimdə isə yenə də cəmi 15 qəpik qaldı... Məni gülmək tutdu. Bu gecə peşmanlıqdan da bir cür həzz alırdım.

Deyəsən, evə gedib çıxa bilməyəcəyəm. 15 qəpik heç gediş haqqı da eləmir. Telefonumda isə qəbul olunmayan 10 zəng vardı...

9

Kasıblıq? Bilmirəm, amma gecə vaxtı küçədə 15 qəpiklə qalmaq əla hissdir. Heç olmasa, əminsən ki, gecə quldurlarına oğurlatmağa heç nəyin qalmayıb. Elə düz deyiblər ki, quyunun dibi ən yaxşı yerdir. Oradan yenidən yüksəlməyə şans qazanırsan.

Bir müddət yerimdə dayanıb ətrafa boylandım. Qəlbimdəki balaca şeytan üsyana başladı: “Ay nə axmaq adamsan, bayaq qalan 60 qəpiyi götürsəydin, indi küçədə avara qalmazdın”. Bu vaxt uzaqda ağacın altında bir qaraltı gözümə sataşdı. Və bu qaraltı mənə sarı gəlirdi. Qorxuma üstün gəlib ona sarı getməyə başladım. Yaxınlaşdıqda qadın olduğunu anladım. . Hə... mənə doğru gələn qaraçı qadın idi, qucağında uşağı da vardı. Gülümsədim. Dedim, indi bu dilənçi gəlib məndən “Allah xatirinə, nəzir” istəsə,cibimdəki 15 qəpiyi ona verəcəm və bu gecə necəsə olsa, evə gedib çıxa bilsəm, mütləq evin tavanından özümü asacam. Amma əgər pul istəməsə, özüm ondan dilənəcəm. Dilənçi də elə bil, fikirlərimi oxudu. Uzaqdan qorxa-qorxa baxıb geri qayıtdı. Bir azərbaycanlı kimi, Allahdan bundan savayı, nə istəmək olar? Dilənçi uzaqdan baxır, amma sənə yaxınlaşmağa cürəti çatmır. Bu ki, əsl xoşbəxtlikdir! Və onda birdən ağlıma gəldi ki, küçədə kimdənsə borc almaqdansa, bu qadından istəyərəm. Niyə də olmasın? O, məndən də pis gündədir.

Qadının ardınca getdim. O, təqib olunduğunu düşünərək addımlarını yeyinlətdi. Mənsə xarici kinolarda gördüyüm kimi əlimi cibimə salıb onun arxasınca getdim və ona çatmağıma lap az qalmışdı ki, gözləmədiyim halda, o dayandı. Üzünü mənə çevirib düz gözümün içinə zilləndi. Mənsə gülümsəyib:

-Axşamınız xeyir, -dedim, - Mənə 20 qəpik borc verməzsiniz ki?

İstəyirsiniz, inanın, istəmirsiniz, yox! Amma mən eləcə də dedim!

O, dodağını qımıldatdı, mənə elə gəldi ki, gülümsədi. Gözləri bərələ qalmışdı. Bir müddət beləcə baxışandan sonra qucağında mışıl-mışıl yatan uşağın oyanmasından ehtiyat edərək, əlini ehmalca cibinə salıb bir müddət eşələdi. Mən isə xəcalətdən harada gizlənəcəyimi bilmirdim. Nəhayət, onun bu minvalla mənə bir qəpik də verməyəcəyini düşünüb:

- Bağışlayın, - dedim, -sizi də narahat etdim. Heç eyib etməz, axtarmayın.

Dilənçi qadın təəccüblə üzümə baxdı. Heç nə olmamış kimi, uzun çəkən axtarışdan sonra tapdığı 20 qəpiyi mənə uzatdı:

- Götür, 20 qəpik nə olan şeydi ki?

Mən təşəkkür etməyə macal tapmamış o, düz arxamdan sürətlə şığıyan taksini saxladı. Uşağı ehmalla qabaq oturacağa uzadıb arxaya keçdi. Mən isə ovcumda 20 qəpik gah taksi şoferinə, gah da dilənçi qadına baxa-baxa qaldım. Yalnız maşının arxa qapısı çırpılanda ayıldım. Artıq taksi gözdən itmişdi.

Bir müddət yolun ortasında quruyub qaldım. Bakı ,doğrudan da, sehirli şəhərdir! Burada çirkin ifritələr qızıl balqabaq faytonda gəzirlər... Yenə də o yadıma düşdü. Bir dəfə onlara qonaq gedəndə yatağında uzanmağa fürsət tapdım. Heyrətamiz hiss idi. Özündən soruşdum ki, görəsən, ola bilərmi ki, sənin yerində uzanıb sənin yuxularını görüm? O isə gülümsəyib “Real deyil”,-dedi. Amma o bilmir ki, əslində bu, mümkündür. Mən hər gecə onun yuxularını görürəm...

Yolun qırağına basdırılmış işıq sütunundan zəif işartı yorğun-yorğun asfalta uzanmışdı. Soyuqdan keyimiş bədənimdə telefonun zəif vibrasiyasını hiss etdim. Soyuqdan sitildəyə-sitildəyə, əsən əlimlə telefonun zəngə cavab düyməsini basıb:

- Gəlirəm,ata, -deməyi güclə bacardım.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG