Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:06

«Sazı 50-60 yaşlı tut ağaclarından düzəldirəm»


Qocaman saz ustası
Gözlə
Embed

No media source currently available

0:00 0:03:12 0:00
Direct-ə keçid
Yaşadığı evin həyətində çadırdan düzəltdiyi kiçik emalatxanasında 81 yaşlı Əli Abbasov yüzlərlə saz hazırlayıb. Təmir etdiyi sazların isə sayını çoxdan itirib. Hər halda, ömrünün düz 65 ilini bu sənətə həsr edib. Tovuz rayonunun Əsrikcırdaxan kəndində yaşayan qocaman saz ustası ilə söhbətimizə xoş ovqatla başlayırıq. Gülə-gülə yenicə düzəltdiyi aləti əlinə alıb, bu sənətin ona yaxşı saz çalmağı da öyrətdiyini deyir:

- Bu kimin sazı olub ?

- Aşıq Əsədin. Nəvəsi burdadır, saxlayıblar. Mən də təmir elədim. Düzəltdim. 1938-ci ildə düzəldilmiş sazdır. Bəlkə də Gəncədə Surac düzəldib bunu».

Qərb bölgəsində usta Əlini tanımayan yoxdur. Xüsusilə də sazlı-sözlü adamlar... O, uşaqlara məxsus həvəslə sazın necə, hansı ağacdan düzəldiyini danışır.

«ŞAH TUTUN FƏRQİ ODUR Kİ...»

- Hansı ağacdan düzəldirsiniz sazı?

- Tut ağacından, 50-60 yaşı olan qalın tut ağaclarından istifadə edirəm.

- Özəlliyi nədir o ağacın?

- Şah tutun fərqi odur ki, əlifləri seyrək olur. Ağac yumşaq olur, əlifləri də əymək mümkün olur. Səs götürür, sərt ağac səs götürmür. Yumşaq, yaşlı ağac olmalıdır.

81 yaşlı usta bu sənəti atasından öyrəndiyini deyir. Hərçənd atası dəmirçi olub:

DƏMİRÇİ OĞLU...

«Mənim atam usta olub, dəmirçi olub. Mən atamın yanında işləmişəm. Sazın həvəskarı olmuşam. Aşıqlar gəlib toy edəndə, deyirdim nə qəşəng oxuyurlar, nə yaxşı səsi var. Görən haradan alıblar bunu, necə düzəldiblər? Meylim var idi və qərar verdim ki, saz sənətini öyrənməliyəm. Atamın yanında işləyəndə tut ağacı gətirmişdilər. Yonanda gördüm qabırğası nazikdir. Gördüm bu əyilir. Ondan sonra başladım saz düzəltməyə».

Usta deyir ki, yüzlərlə saz düzəldib. Hərçənd, dəqiq hesablama aparmayıb:

«Əsas hissə çanaqdır, gövdəsidir. Ondan sonra bu qabırğaları düzəldirsən. 10 qabırğası olmalıdır. Elə işləməlisən ki, qabırğaların bitişən yeri bilinməsin. Sonra qolu, boğazı düzəldirsən».

Usta Əli deyir ki, hazırladığı sazı yoxlayırmış. Saz istədiyi kimi səs verməsə, onu söküb yenidən düzəldirmiş. Usta söhbətin arasında tez-tez sazı köksünə də alırdı:

«İNDİ BİR AZ QOCALMIŞAM...»

«Uşaq vaxtı yaxşı çalırdım, indi bir az qocalmışam. Özüm sazı düzəldirəm, tellərini çalıb yoxlayıram».

Balaca emalatxanada xeyli iş alətləri var idi. Usta Əli taxtaları qızdırıb qəlibə salır, taxtanı yonur:

«Rəndələrdən, əl mişarından istifadə edirəm. Sazda gərək əyrilik olmasın. Bu qəliblərdir, böyüyü də var, balacası da. Orda qazanda bişirirəm, qaynayır. Taxtaları əyirəm, quruduqdan sonra başlayıram işə. Ana qabırğa 40-43 santimetr olur. Axırda üzünü təmizləyirsən. Qol təmiz qoz ağacındandır. Qozun qara özəyindəndir. Bu da mizrabı. Gilas ağacından olur, yumşaq olur, sazın səsini itirmir».

81 yaşını haqlayan usta Əli indi nəvəsinə də saz düzəltməyi öyrədir. Yarım əsrdən çox bu sənətlə məşğul olan usta Əlinin səhhəti də hələ ki, el dili ilə desək, sazdır...
XS
SM
MD
LG