Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:23

«Cənab prezident, onda qul bazarı olmamalıydı»


İlham Əliyev
İlham Əliyev
«Cənab Prezident, çıxışınızdakı iqtisadi göstəricilərə görə bu gün Bakının qul bazarında heç kim olmamalıdır. Bir də 20 milyarddan artıq dövlət büdcəsi olan ölkədə 150 manat təqaüdün adını çəkmək vəziyyətin heç də yaxşı olmadığını göstərir».

Bunu AzadlıqRadiosunun saytında Əsəd adlı istifadəçi yazır. Prezidentin yanvarın 16-da Nazirlər Kabinetinin iclasındakı dediklərinə cavab olaraq. İlham Əliyev bildirib ki, ötən il Azərbaycanda 94 min yeni iş yeri açılıb, onun da 73 mini daimidir.

Dövlət başçısı bunu da deyib ki, işsizliyin səviyyəsi 2011-ci ildə 5,4 faizə, yoxsulluğun səviyyəsi isə 7,6 faizə düşüb.

«QEYDİYYATDAN KEÇƏN İŞÇİLƏRİN SAYI 1,4 MİLYONDUR, AMMA...»

İqtisadçı Natiq Cəfərli deyir ki, Azərbaycan hakimiyyəti rəqəmlərlə oynamağı sevir:

«Bu rəqəmi də götürsək, belə çıxır ki, son 9 ildə 1 milyon iş yeri açılıb. 1 milyon iş yeri olan ölkədə təbii ki, qul bazarı olmamalıdır, işsizlərin sayı az olmalıdır. Bizim hökumət rəqəmlərlə oynamağı çox sevir. Əslindəsə real iş yerlərinin yaranmasını yoxlamaq çox asandır. Ölkə qanunvericiliyinə görə, 3 gündən artıq hər hansı yerdə işləyən şəxsə Sosial Müdafiə Fondunda sosial yığım kartı açılmalıdır. Fond məlumatları tam açıqlansaydı, nə qədər iş yerinin açıldığı məlum olardı.
Sosial Müdafiə Fondunun rəqəmlərinə görə, qeydiyyatdan keçənlərin sayı təxminən 1,4 milyondur. Amma Azərbaycanda potensial iş qabiliyyətli insanların sayı 4 milyondan yuxarıdır».

Natiq Cəfərli bu iş yerlərinin açılması mexanizmindən də danışır. Deyir ki, hökumət təmir-tikinti işlərinə cəlb olunanlarla bağlı rəqəmi dəqiq göstərir. Amma layihə bitdikdən sonra nə qədər adamın işsiz qalması haqda məlumat verilmir.

«NECƏ OLUR Kİ, ALMANİYADA YOXSULLUQ 12 FAİZDİR, BİZDƏ 7,6 FAİZ?»

Oqtay Haqverdiyev
Oqtay Haqverdiyev
Prezident deyir ki, Azərbaycanda yoxsulların sayı da azalıb – 7,6-ya düşüb. Nazirlər Kabinetinin sabiq şöbə müdiri Oqtay Haqverdiyev:

«Bizim minimum istehlak səbəti 95 manatdır (bu il 108 manat olacaq), həmin məbləğdən aşağı olandasa deməli, bu yoxsuldur. Bu 95 manat bəs edirmi insanın həm ərzaq, həm kommunal xərclərinə, həm ayda bir dəfə kinoya, teatra getməsinə? QHT-lər hesablayıblar ki, həmin səbətin həddi 160 manatdır. Belə baxanda bir adam 150-160 manata dolana bilər. Amma 95 manatla yox.1 milyon 300 min təqaüdçü var Azərbaycanda. Hesab edək ki, 300 mini oğlunun-qızının hesabına dolanır. Bizim pensiya da nə qədərdir, 140-160 manat alan var. Bunun özü kasıbdır də. Necə olur ki, Almaniyada yoxsulluq 12 faizdir, bizdə 7,6? Biz onun səviyyəsinə çatmışıq? 95 manat götürməsələr, yoxsulluq səviyyəsini 150 manat götürsələr, bu 7,5 faiz olmayacaq, olacaq 15 faiz. Bu nisbidir. 95 azdır, az götürülər ki, aşağı düşsün, özümüzü aldadırıq».

«2011-Cİ İLDƏ İNVESTİSİYA QOYULUŞUNDA REKORD ƏLDƏ OLUNUB»

Bunu da prezident deyib. Onun sözlərinə görə, ötən il Azərbaycanda 20 milyard dollar investisiya qoyulub, onun da 13 milyard dolları daxili, 7 milyard dolları isə xarici sərmayədir. Ümumilikdə isə son 2 ildə Azərbaycana 37 milyard dollar sərmayə qoyulub.

Natiq Cəfərli
Natiq Cəfərli
Natiq Cəfərli deyir ki, son illər Azərbaycan hökuməti daxili investisiyaların xarici investisiyaları ötdüyünü qabardır. Amma əslində neft-qaz sahəsini çıxmaqla, Azərbaycanda başqa sahələrə investisiya qoymaq istəyən yoxdur. Məsələn, «Barmek», Paulo Pərviz Azərbaycana investisiya qoysalar da, sonunda əmlaklarını itirdilər.

Daxili investisiyalara gəlincə, Natiq Cəfərli deyir ki, əsasən büdcədən, Neft Fondundan yatırımlar edilir, o da infrastruktur layihələrə xərclənir.

HANI BƏS 20 MİLYARD?

«Burda problem nədir – infrastruktur layihələri şişirdilir, qeyri-şəffaf xərclənir, bu da korrupsiyadır. Ona görə də inanmağımız gəlmir ki, 20 milyard investisiya qoyulub, vizual olaraq görmürük. Səbəb odur ki, həmin rəqəm ölkəyə yatırılmır. Kağız üstündə 13 milyarddır, reallıqda isə, korrupsiya sxemləri, büdcə yeyintiləri vasitəsilə qat-qat aşağı düşür. Hökumətin vizual effekti olan layihələrə can atması, «ən yüksək bayraq», «od fontanı», «ən yüksək bina» maraqlılığı, yeraltı keçidlərə mərmər döşənməsi böyük pulları xərcləmək üçündür».

Azərbaycan hökuməti isə 1 il öncə korrupsiya ilə mübarizəyə başladığını bildirib.
XS
SM
MD
LG