Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:42

«Vətəndaşlar özünüifadə və mətbuat azadlığından yararlanmalıdırlar»


Eamon Gilmore
Eamon Gilmore
ATƏT-in fəaliyyətdə olan sədri Eamon Gilmore'nin məqaləsi

Şimal yarımkürəsini Vankuverdən Vladivostoka qədər əhatə edən, ən böyük və ən uğurlu təhlükəsizlik qurumu olan Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının sədrliyi bu il İrlandiyaya keçib. Avropa İttifaqı və BMT qədər geniş tanınmasa belə, ATƏT Avropanın, eləcə də bütövlükdə ATƏT regionunun təhlükəsizliyi və stabilliyinin təmin olunmasında həyati rol oynayır. «Soyuq müharibə» dövründə bu təşkilat Şərqlə Qərb arasında gərginliyin aradan qaldırılması və etimadın artırılması istiqamətində fəaliyyət göstərən başlıca forum idi. Təşkilatın silah satışı və hərbi şəffaflıq sahəsində davam edən fəaliyyəti 30 il əvvəl olduğu kimi, Avropa təhlükəsizliyinin mərkəzində dayanır.

«SOYUQ MÜHARİBƏ» BİTSƏ DƏ...

ATƏT-in işi yalnız təhlükəsizlik məsələlərində etimadın artırılması ilə bitmir. ATƏT-in bu sahədə etdiyi başlıca yenilik ondan ibarətdir ki, təhlükəsizlik sadəcə hərbi yox, normal iqtisadiyyat, ətraf mühitin uzunmüddətli mühafizəsi və hər kəsin insan hüquqlarından yararlandığı cəmiyyət anlamları ilə birlikdə təqdim edilir. Bu, daima mübarizə aparan iki ideoloji blok arasında alternativ görə bilməyənlər üçün paralel bir yol açırdı. Təşkilatın insan hüquqlarına böyük diqqəti bu sahədə problemlərlə üzləşənlərə kömək göstərdi və daha demokratik cəmiyyətlərin inkişafına gətirib çıxardı.
ATƏT bayraqları
ATƏT bayraqları
ATƏT həmçinin cənub-şərqi Avropada münaqişə sonrası reabilitasiya və dövlətçiliyin gücləndirilməsinə əhəmiyyətli töhfəsini verib.

Bu vəzifəni öhdəliyimə götürəndən dəfələrlə «Soyuq müharibə»dən 20 ildən çox müddət keçməsinə baxmayaraq nəyə görə Avropanın hələ də ATƏT-ə ehtiyacı olduğu və İrlandiyanın təşkilata nə gətirə biləcəyi suallarını cavablamalı olmuşam. «Soyuq müharibə» bitmiş ola bilər, amma hələ də ATƏT-in hərtərəfli təhlükəsizlik məqsədinin reallaşması üçün çoxlu işlər görülməlidir. Dünya maliyyə böhranı Avropaya böyük zərbə oldu və kollektiv fəaliyyətin zəruri olduğunu bir daha vurğuladı. Çünki, heç bir ölkə böhranın yaratdığı problemlərlə təkbaşına mübarizə apara bilməz. Bu, eynilə ATƏT-in mübarizə apardığı transmilli təhdidlərə də aiddir. İstər mütəşəkkil cinayətkarlıq ya da terrorizm olsun, istərsə də kiber təhlükəsizlik ya da insan alveri, heç bir ölkə öz qonşuları ilə əməkdaşlıq etmədən bu məsələlərin öhdəsindən gələ bilməz.

«DONDURULMUŞ MÜNAQİŞƏLƏR» PRİORİTET İSTİQAMƏTLƏRDƏNDİR

Eyni zamanda, ATƏT-in həlli gecikən münaqişələrlə bağlı fəaliyyəti də prioritet istiqamətlərdəndir: biz Dağlıq Qarabağ münaqişəsi üzrə Minsk Qrupunun addımlarını dəstəkləyir, Dnestryanı münaqişənin həlli naminə
Qarabağda erməni hərbçisi
Qarabağda erməni hərbçisi
5+2 danışıqlarında və Gürcüstanda 2008-ci ildə baş vermiş münaqişə ilə əlaqədar Beynəlxalq Cenevrə Müzakirələrində iştirak edirik. Bakı Ofisi də daxil olmaqla, ATƏT-in Albaniyadan Özbəkistana qədər fəaliyyət göstərən missiyaları ölkələrin əhalinin ehtiyaclarına daha yaxşı cavab verməsi üçün mühüm işlər görür.

Hər bir İrland hökuməti beynəlxalq çoxtərəfliliyə sadiq olub. Biz beynəlxalq təşkilatlara üzvlüyümüzü ciddi anlayır, uğurlu Avropa İttifaqı prezidentliyi və BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv kimi şərəfli bir tarixçəyə malikik. ATƏT sədrliyinə başçılıq BMT Nizamnaməsində qeyd olunduğu kimi, beynəlxalq sülh və təhlükəsizliyin qorunmasında və beynəlxalq hüquqa hörmətdə İrlandiyanın öhdəliklərini əsaslı şəkildə ifadə edir.

BALANSLAŞDIRILMIŞ YANAŞMA

Foto: Arxiv
Foto: Arxiv
12 yanvar tarixində Vyanada ATƏT qarşısında çıxışımda qeyd etdiyim prioritetlər qarşılaşdığımız problemlərlə mübarizədə iddialı, lakin balanslaşdırılmış yanaşmanın nümunəsidir. ATƏT-in fundamental azadlıqların təminatçısı kimi mərkəzi rolunu bir daha təsdiqləmək üçün mən bütün üzv ölkələrlə çoxsaylı qərarlarda konsensusun əldə edilməsi naminə çalışacağam. Xüsusən də inanıram ki, formadan asılı olmayaraq, vətəndaşlar özünüifadə və mətbuat azadlığı kimi uzunmüddətli insan hüquqlarından yararlanmalıdırlar. Bu məsələ ilə bağlı bu ilin iyun ayında mən Avropanın internet paytaxtı olan İrlandiyada İnternet Azadlığı Konfransına ev sahibliyi edəcəyəm. Bundan başqa, münaqişələrin həllində İrlandiyanın unikal təcrübəsinə əsaslanaraq, bu ilin aprel ayında Şimali İrlandiya nümunəsində konfrans təşkil etməyi planlaşdırıram.

ATƏT-in yaranmasına gətirib çıxaran 1975-ci il Helsinki Yekun Aktının 40 illik yubileyi ilə bağlı mən mövcud və gələcək problemlərlə mübarizədə təşkilatı gücləndirmək üçün növbəti sədrliklərlə birlikdə çalışmaq öhdəliyini üzərimə götürürəm. İlkin mətni «Soyuq müharibə» düşmənlərini bir araya gətirib qarşılıqlı münasibətlərin qurulmasına yol açdığı kimi, biz 40 il sonra belə qeyri-müəyyən dünyada yarana biləcək təhlükələrə münasibətdə ATƏT-in hazırlığını təmin etməliyik.

Eamon Gilmore İrlandiya Baş Nazirinin müavini və Xarici İşlər və Ticarət naziridir. Yanvarın 1-dən etibarən o, ATƏT-in fəaliyyətdə olan sədridir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG