Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:24

Samirə Əşrəf "Təslim" (Hekayə)


Yolun kənarında bozumtul, divarlarının suvağı qopub tökülmüş, geniş baxçası olan, bir xəstəxana var idi. Yoldan keçən hər kəs, bu xəstəxanadan yan keçirdi. Sanki onlar həmin xəstəxananın yaxınlığından keçsəydilər, kimsə onları zorla, xəstəxananın həyətindən içəri aparacaqdı. Camaat arasında bura dəlixana, elmi dildə isə ruhi xəstəxana adlanırdı. Ruhi xəstəxana, ruhların müalicəsi, necə müalicəsi? Uzun müddət düşünüləsi sözlərdi.
İşçisi olduğum tibb jurnal üçün bu xəstəxana haqqında, yazı hazırladığımdan, bu xəstəxanaya gəlirdim.
Onu gördüyüm ilk gündən, diqqətimi cəlb etdi. Buradakı ruhi xəstələrə qətiyyən bənzəməməsi, məndə ona qarşı qarşısıalınmaz, güclü bir maraq oyatmışdı.
Təxminən iyirmi səkkiz, otuz yaşlarında ortaboylu, cılız, mavi gözlü oğlan idi. Əynində mil-mil kimano köynək, cins şalvar var idi. Boynunun ardına qədər uzatmış olduğu, açıq şabalıdı saçları, bir azca da sarıya çalırdı. Onunla, ayaqüstü tanış olmuşdum. Hiss edirdim ki, o bu tanışlıqdan məmnun qalıb. Adı Səlim idi. Xəstələrin gəzinti vaxtlarının səhər saat doqquzda başladığını bildiyimdən, bu gün onunla görüşmək üçün tez gəlmişdim. Yaz günəşinin ilıq şüaları, bütünlüklə, məmləkətin üzərinə səpələnmişdi.
Səlim, həyətdə olan sınıq-salxaq oturacaqlardan birində əyləşmişdi. Onun bənizi solmuş, gözləri alacalanmışdı. Üzündə insanı, məhz onun barəsində düşünməyə vadar edən daimi kədər, iztirab və həyat sönüklüyü vardı. Mən onun həyatı ilə çox maraqlanırdım və onun mənə ürək qızdırıb, başından keçənləri danışmasını istəyirdim. Ona yaxınlaşıb salamlaşdım. Hal-əhval tutduqdan sonra biz, xəstəxananın arxa baxçasındakı barsız alça ağaclarının kölgəliklərindəki oturacaqlardan birində əyləşdik. Səlim bir müddət susqun oturduqan sonra, sükutu pozaraq dedi:
- Həkimlər mənim gəzinti vaxtımı axşama təyin etsəydilər, daha yaxşı olardı.
- Bilirsən ki, axşamlar gəzinti yasaqdır.
Deyə, mən cavab verdim.
- Bilirəm. Ancaq, hər səhər, dan yeri sökülüb, günəş doğanda və mən gözlərimi açıb hələ də onsuz yaşadığımı hiss edəndə, həmin günü əzabla qarşılayıram. Günəşi görən gözlərimin, həmişəlik qapanmasını istərdim.
Mən, ona təskinlik verməyə çalışdım.
- Belə düşünmə, hələ çox gəncsən, ömrünün yaşanılası günləri, qarşıdadır.
Bu sözlərimdən, Səlimin gözləri hərəkətə gəldi, gicgahındakı qan damarları qabardı. O təəssüflə başını yellətdi.
- Sən, heç nə bilmirsən. Mənim ömrümün, yaşanılası günləri, onun çürümüş əllərini, simasını görən andan bitib.
Mən onun kimdən, hansı çürümüş əllərdən danışdığını anlamırdım.
Bir neçə dəqiqə sükutla keçdi. O, heç nə danışmırdı. Mavi gözləri, uzaqlara dikilmiş, kipriklərinin arası, duzlu göz yaşları ilə dolmuşdu. Kipriklərinin bircə anlıq çırpıntısı ilə göz yaşları, yanağı boyunca diyirlənəcəkdi. O, sanki bunu bildiyi üçün gözlərini qırpmadan, uzaqlara tamaşa edərək dilləndi:
- Bizim sevgi dünyamız, sarsıdıcı təkanla silkələndi. Hər kəsdən çox sevdiyim Ləman, xəstələnib yatağa düşdü. Çarəsi olmayan qan xəstəliyi, onu için-için yeyib, əridirdi. Vəziyyəti, o qədər pisləşmişdi ki, həkimlər onun yanına heç kəsi buraxmırdılar. Onlar onu, məndən elə gizlədirdilər ki, sanki mən onun xəstəliyini ondan oğurlayıb, bütün dünyaya yayacaqdım. Başqalarının dərdinə tamaşa etmək, həkimlər üçün bəlkə də ən asan və öyrəncəli iş idi. O özü də, anasından başqa heç kəslə görüşmək istəmirdi. Sevdiyim insanın olmazın iztirablar çəkməsinə dözə bilmir, dəhşətli günlər yaşayırdım. Ləmanımı bircə dəfə görə bilməkdən ötrü, hər şeydən keçməyə hazır idim. Bizi ayıran, bircə qarışlıq, buz kimi soyuq divarın bu biri tərəfindən ona, göz yaşlarımdan islanmış yalvarış dolu məktub yazıb göndərdim. Həmin məktubdan sonra, Ləman, yalnız ilk və son dəfə, ölümündən bir həftə öncə onunla söhbət edə bilməyim üçün razılaşdı. Xəstələrin geyinməsi üçün nəzərdə tutulmuş plastik, dəmir çərçivəli arakəsmənin arxasından onun xırıltılı, zəif səsi eşidilirdi. Cümlələri qırıq-qırıq, nizamsız idi. Tez-tez yalvararcasına ölümündən sonra, ona baxmamağımı xahiş edirdi. Sonra o, ağlamağa başladı. Otağa girən tibb bacısı, məni bayıra çıxartdı.
O ölən günü, xəstəxananın dəhlizində oturub, həkimlərin onun otağından çıxmasını gözləyirdim. Bədənindəki ağrılar, yaralar onu çox incidirdi. Gecə yarıdan keçmişdi, Ləman isə elə hey inləyib, qışqırırdı. Xəstəliyi başlanan gündən bəri, ona vurulmuş yüksək təsirli, sakitləşdirici dərmanlar artıq ona heç bir köməklik etmirdi. Ləmanın hər inilti və hər naləsini eşitməyimlə, başımın dəhlizin divarına çırpılması bir olurdu. Həkimlər, ardınca da özlərini itirmiş təlaşlı tibb bacıları, onun otağından çıxdılar. Mən divarın küncünə qısılıb, ətrafda baş verənləri anlamağa çalışırdım. Onlar hamısı təəccüblə mənə baxırdılar. Sonra gözlərimə, qatı qaranlıq çökdü.
Özümə gəlib ayılanda, hava artıq işıqlanmışdı. Başımda dəhşətli və küt ağrı vardı. Alnım, tənziflə sarınmışdı. Ayağa qalxıb, səndələyə-səndələyə dəhlizə çıxdım. Otaqda məni, hansı fəlakətin gözlədiyindən xəbərsiz kimi Ləmanın otağının qapısını aralayıb, ehmalca içəri girdim. Çarpayının üzərindəki mələfənin altından, Ləmanın bədəninin ərimiş cizgiləri qabarırdı. Çarpayıya yaxınlaşıb diz çökdüm. Ağ mələfənin altından, onun göyərib qançır olmuş, dərisi soyulmuş əli, kəsik ət parçası kimi sallanırdı. Hər şeyi, Ləmanın dönə-dönə etdiyi vəsiyyəti belə unutmuşdum. Yalnız bir şeyi düşünürdüm, bu əlin sahibi o ola bilməzdi. Üzərinə örtülmüş mələfəni qaldırdım...
Of kaş ki, mən o mələfəni qaldırmayaydım. Qarşımda ağrı-acılardan bitmiş, qurumuş, cansız bir vücud var idi. Divanə bir hayqırtı ilə bağırıb döşəməyə yıxıldım...
Yenə gözlərimə qaranlıq çökdü.
Elə həmin gündən, məni şəhərdəki xəstəxanalardan birinin, əsəb şöbəsinə apardılar. Orda xəstəliyim daha da, şiddətləndi. Sonrakı günlərin birində isə məno gətirib, bura qoydular.
Səlimin bu dəhşətli həyat hekayəsini dinlədikdən sonra, mən bir neçə gün özümə gələ bilmədim. Sonra, onu müalicə edən həkimdən, onun xəstəliyi haqqında yetərincə məlumat aldım. Tez-tez özündəngetmələri azalsaydı, onun həyatda sağ qalıb, hər kəs kimi normal yaşamaq imkanı olardı.
Təxminən, bir həftədən sonra onun yanına getdim. Səlim məni görən kimi qaş-qabağını çatıb, baxışlarını çarpayının dəmir barmaqlıqlarına dikib susdu. Mən hiss edirdim ki, bu bir həftə ərzində onun daxili dünyasında dəyişiklilər baş verib. Həmişə sakit olan baxışları, indi ruhi xəstələrə xas bir hərəkətlə oynayırdı. O, çarpayının döşəyini didişdirə-didişdirə dedi:
- Neçə gündür ki, onun çürümüş əlləri, vücudu mənim gözlərimin önündən çəkilmir. Mən, nə qədər çalışıramsa Ləmanın üzünü, saçlarını, gülüşünü xatırlaya bilmirəm. Hələ əllərini xatırlamaq necə də çətinir. Siz dünyada onun əlləri qədər gözəl olacaq əllər görməmişsiniz. Əgər mən onun əvvəlki simasını, görünüşünü xatırlaya bilsəydim onda bir azca rahatlaşardım
Mən ona yaxınlaşıb astadan dedim:
- Əsəbləriniz zəifləyib, sizə çoxlu dincəlmək və pis şeylər haqqında düşünməmək lazımdır.
Səlim hiddətlə yatağından qalxıb çığırdı
- Mənim əsəblərim yox, ruhum zəifləyib. O mənfur, çürümüş əllər mənim sevgimi boğub öldürdülər. İndi isə ruhumu boğub, onun axırına çıxmaq istəyirlər. Ah, kaş ki, mən onun vəsiyyətinə əməl edib, sözündən çıxmayaydım.
Səlimin rəngi qaçmış, tüklü üzündə göz yaşları parlayırdı.
Keçmiş günlərinə qayıdıb əzablarını yenidən yaşadığı üçün mən də özümü günahkar hiss edir, qan çanağına dönmüş mavi gözlərinə, baxa bilmirdim. Səlimin sağalması, əzablı günlərini unutması üçün nə lazımsa etməyə hazır idim. Ona yaxınlaşıb, buz kimi soyuq əllərindən tutaraq, gözlərinə baxıb dedim:
- Mən sənə, kömək etmək istəyirəm, bircə sən toxta. Keçmişə isə çox boylanma, yoxsa bu səni əldən salacaq.
O, göz yaşları içərisində, boğula-boğula dedi:
- Mənim yaxşı olmağımı istəyirsən, ancaq bu mümkün deyil. Mən, taleyin və təbiətin qəddarlığı qarşısında acizəm. Təslim olmaqdan başqa, heç bir çarəm qalmayıb.
Bu sözlərdən sonra, o üzünü pəncərəyə çevirib susdu.
Sonralar mən onun yanına dəfələrlə gəlsəm də həkimlər, mənim onunla görüşməyimə icazə vermədilər. Onların dediyinə görə Səlim heç kəsi tanımır, qışqırır, öz-özü ilə danışır. Tez-tez ürəkgetmələri və tutmaları olurdu.
Növbəti dəfə gələndə, mən, Səlimin otağının qapısının açıq olduğunu görüb içəri girdim. Ona baxan həkim tibb bacısı ilə söhbət edə-edə, dəhlizdə dayanmışdı. O mənim otağa girdiyimi görüb arxamca gəldi. Səlimin çarpayısı, boş idi. Yatağının üstü isə səliqə ilə yığışdırılmışdı. Mən, sual dolu baxışlarla həkimə baxdım. O, təssüflə başını yellədi. Sanki hansısa bir qüvvə var gücü ilə ürəyimi sıxdı. Otaqan çıxıb, həyətə yüyürdüm. Onunla tez-tez əyləşdiyimiz oturacaqda oturdum. Günəşin şıltaq şüaları, yaşlı gözlərimi qamaşdırırdı. Səlimin acımasız taleyə, amansız təbiətə təslim olub boyun əyməsini səssizcə və aramsız göz yaşlarımla yad edirdim.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG