Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:24

Kral nə qədər xərcləməlidir?


Juan Carlos
Juan Carlos
İspaniyada ilk dəfə kral və onun ailəsinin illik xərcləri açıqlanıb. Juan Carlos'un və ailəsinin xərcləri dövlət tərəfindən ödənir.

Kralın hesabat verməsi bəyənilib. Amma ispanların bəzisi güman edir ki, monarxiyanın saxlanması dövlətə hesabatda göstərildiyindən qat-qat baha başa gəlir.

MONARXIN AYLIĞI 14.5 MİN AVRODUR, KRALİÇANINKI İSƏ...

İspan monarxının aylıq maaşı vergilər çıxandan sonra 14.5 min avrodur. Bundan başqa, ildə ona bəzi xərclər üçün 152 min avro ayrılır. Bu haqda məlumat Kral Evinin saytında yerləşdirilib.

İspan şahzadəsi Felipe de Borbon isə 2 dəfə az maaş alır. Kraliça, 2 kral qızına və şahzadənin xanımına isə maaş verilmir. Kral özü onlara Kral Evinin büdcəsindən vaxtaşırı vəsait ayırır. Məsələn, maliyyə hesabatına əsasən, onlar ötən il 375 min avro alıblar.

«KRAL HESABAT VERMƏYƏ BORCLU DEYİL»

Kommunistləri çıxmaqla İspaniyanın siyasi partiyaları düşünür ki, bu rəqəm çox deyil. Kommunistlərsə monarxiyanı rədd edirlər, kral ailəsinə xərclənən vəsaiti lazımsız sayırlar.

Parlamentin spikeri, ölkənin hakim partiyası – Xalq Partiyasının üzvü Alfonso Alonso:

«Konstitusiyada deyilir ki, kral dövlətdən müəyyən məbləğ alır və o, pulu istədiyi kimi xərcləyə bilər. Odur ki kral kiminsə qarşısında hesabat verməyə borclu deyil. Gəlir və çıxar haqda məlumatların yerləşdirilməsi könüllüdür. Amma bu təşəbbüs nəzakətli və tərifəlayiqdir. Bundan sonra vətəndaş biləcək ki, kralın dövlətdən aldığı pul necə xərclənir. Bu il böhrana görə kralın xərcləri 5 faiz azalıb. Bu da xalqın monarxiyaya etimadını artırır».

KRALA QARA QƏPİK DƏ VERMƏK İSTƏMƏYƏNLƏR VAR

Kral Juan Carlos və Kraliça Sofia
Kral Juan Carlos və Kraliça Sofia
Əhalinin fikri isə bu məsələdə haçalanıb. Sadə camaat düşünür ki, monarxın maaşı ölkədəki orta əməkhaqqından 10 dəfə, minimum əmək haqqından isə 23 dəfə artıqdır.

İndi küçədə, barda, işdə, evdə ispanlar 65 yaşlı təqaüdçü, Madrid sakini Antonio'nun AzadlıqRadiosuna müsahibəsindən danışır. O deyib:

«Kral gəlir bəyannaməsini çoxdan açıqlamalıydı, bütün ispanlar onun nə qədər aldığını bilməliydi. Nə üçün ölkənin vətəndaşları gəlirini göstərməlidir, o, yox? Bundan başqa, mənə elə gəlir ki, ona həddən artıq maaş verirlər. Nəzərə alın ki, o, İspaniya üçün çox az iş görür. İxtiyarımda olsaydı, mən ona qara qəpik də verməzdim».

İLƏ 8 MİLYON YARIM, YOXSA...

Hesabata əsasən, Kral Evinin saxlanmasına ildə cəmi 8.5 milyon avro xərclənir. Bu pulun yarısı kral ailəsinin üzvlərinə, onların adyutantlarının, katiblərinin saxlanmasına gedir. Bir qismi isə kral və onun yaxınlarının müalicəsinə, telefon danışıqlarına, dəftərxana ləvazimatlarına və başqa şeylərə xərclənir.

Madrid sakini Fernando'ya görə, monarxiya bu subsidiyaya layiqdir:

«Məncə, biz mühakimə etməli deyilik ki, bu xərclər azdır ya çox. Kral vaxtilə İspaniyanın diktaturadan demokratiyaya keçməsində böyük rol oynayıb. Biz hamımız ona minnətdarıq».

KRAL QAZ, ELEKTRİK PULU ÖDƏMİR

Hesabatdan bu da aydın olur ki, kral mühafizəyə, saray və malikanələrin təmirinə, 70 sürücünə, yaxtalara qulluğa görə pul ayırmır. Üstəlik, qaz, işıqpulu ödəmir, səyahətlərinə pul xərcləmir. Bütün bunlar da 500 əməkdaşın pulu kimi ayrı-ayrı dövlət qurumları tərəfindən ödənir.

25 MİLYON AVRO HARADAN ÇIXDI?

Başqa Avropa monarxları belə imtiyazlara malik deyillər. Məsələn, Böyük Britaniya kraliçası sarayların saxlanması üçün cibindən pul xərcləyir.
«Forbes» yazır ki, İspaniya monarxının varidatı hələ 2008-ci ildə 2 milyarda yaxınlaşıbmış.
«Forbes» yazır ki, İspaniya monarxının varidatı hələ 2008-ci ildə 2 milyarda yaxınlaşıbmış.

Bu halda ispan vergiödəyicilərinə kral ailəsini saxlamaq neçəyə başa gəlir?

Araşdırmaçı jurnalist Juan Luis Gallaccio'ya görə, bu xərclər ildə 25 milyon avronu keçir, yəni hesabatdakı 8 milyondan 2-3 dəfə çoxdur. Məsələn, 100 mühafizəçinin pulunu Daxili İşlər Nazirliyi ödəyir. Kral saraylarının təmirinə, saxlanmasına büdcədən ildə 3 milyon avrodan çox pul xərclənir.

KRALIN VARİDATI 2 MİLYARD AVRODUR

Monarxın şəxsi daşınar-daşınmaz əmlakı, bank hesabları isə ayrıca mövzudur. Və ya ona göndərilən hədiyyələr. Məsələn, bir avtomobilin qiyməti 140 min, yaxtanın dəyəri 16 milyon avrodur.

«Forbes» yazır ki, İspaniya monarxının varidatı hələ 2008-ci ildə 2 milyarda yaxınlaşıbmış. Araşdırmaçı jurnalist deyir ki, monarx haqda bütün məlumatlar gizli saxlanır. Nə qədər cəhd göstərsən də, əldə edə bilməzsən.

Bir məlumatı da deyək ki, kral ailəsinin əmlakı 1930-cu illərdə müsadirə olunubmuş. İndiki kralın qara qəpiyi də qalmayıbmış. Amma indi o, əmlakına, varidatına görə dünyanın 3 monarxından biridir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG