Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:11

İcra Hakimiyyətlərinə verilən bağçaların ilk problemi


Bakıda yerləşən uşaq bağçalarından biri
Bakıda yerləşən uşaq bağçalarından biri
Yanvarın 12-dən Bakıdakı uşaq bağçalarına ərzaq verilməsinə başlanıb. Ötən ilkindən fərqli olaraq bu ildən bağçaları ərzaqla Təhsil Nazirliyi yox, icra hakimiyyətləri təmin edəcək.

Ötən ilin sonunda bağçaların Təhsil Nazirliyindən alınıb icra hakimiyyətlərinə verilməsindən sonra bu müəssisələrdə ərzaq qıtlığının yaranması ilə bağlı yerli mediada məlumatlar yayılmaqda idi. Rəsmi qurumlar problemin mövcudluğunu inkar etsələr də bəzi bağçalarda ərzaq paylanmasında gecikmə olduğunu təsdiqləyirlər.

ƏRZAQ PROBLEMİ MÜƏLLİM HESABINA HƏLL EDİLİB

Yasamal rayonundakı 21 saylı uşaq bağçasından AzadlıqRadiosuna verilən məlumata görə, indiyə qədər onlar ehtiyat ərzaqdan istifadə ediblər:

«Gecikmə olubsa da artıq bu gündən ərzaq verilməyə başlanıb. Ötən ildən ərzağımız qaldığından elə ciddi problem yaşamadıq».

Bəzi bağçalardan isə bildirdilər ki, bir neçə gün mövcud olan ərzaq problemi müəllimlərdən yığılan vəsait hesabına həll edilib.

Prezidentin 2011-ci il dekabrın 27-də verdiyi sərəncamla Təhsil Nazirliyinin tabeliyində olan uşaq bağçaları yerli icra hakimiyyəti orqanlarının tabeliyinə verilib. Elə ərzaqla bağlı problemlər də sərəncamın verilməsindən sonra yaşanıb.

«HACIBALA MÜƏLLİM DEDİ Kİ...»

Yanvarın 11-də Bakı şəhər icra hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbovla Bakıdakı körpələr evi, uşaq bağçaları rəhbərlərinin görüşü keçirilib. Yasamaldakı 11 saylı uşaq bağçasının müdiri Azadə Əhmədovanın dediyinə görə, görüşdə Hacıbala Abutalıbov ərzağa ayrılan vəsaitin artırılacağına söz verib:

Hacıbala Abutalıbov
Hacıbala Abutalıbov
«Hacıbala müəllim dedi ki, «uşaqların ərzağı üçün ayrılan vəsaiti 2 dəfə artıracam». Deməli hər şey daha yaxşı olacaq. Elə bunu dedi. Bizim Bakı şəhər icra hakimiyyətində 10-15 dəqiqəlik görüşümüz oldu. Dedi ki, hər şey yaxşı olacaq».

Azadə Əhmədovanın sözlərinə görə, Təhsil Nazirliyinin tabeliyində olduqları müddətdə 1 uşağın gündəlik ərzaq normasına 3 manat 65 qəpik hesablanıb.

Bağçalardan aldığımız məlumata görə, onlar Təhsil Nazirliyinin təyin etdiyi bazadan ayda 2 dəfə ərzaq payı, 2 dəfə də süd məhsulları alıblar.

«DƏYİŞİKLİK SAVADSIZLIĞA GƏTİRİB ÇIXARACAQ»

Uşaq Hüquqlarını Müdafiə Liqasının rəhbəri Yusif Bəkirov bağçaların icra hakimiyyətlərinin tabeliyinə verilməsini səhv addım sayır. Liqa rəhbəri hesab edir ki, təhsil nazirliyinə aid məsələnin icra hakimiyyətlərinə verilməsi gələcəkdə müxtəlif fəsadlarla müşaiyət oluna bilər:

«Bağçaların icra hakimiyyətlərinə verilməsi uşaqların savadsız böyüməsinə gətirib çıxaracaq».

«İCRA HAKİMİYYƏTİ MADDİ CƏHƏTDƏN BAĞÇALARI TƏMİN EDƏ BİLƏR, AMMA...»

Etibar Əliyev
Etibar Əliyev
«21-ci əsr» Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev də «Mediaforum» saytına açıqlamasında icra hakimiyyəti qurumlarının məktəbəqədər təhsil sistemini idarə edəcək strukturu və potensialı olmadığına diqqət çəkir. Ekspertə görə, «pis- yaxşı Təhsil Nazirliyinin məktəbəqədər təhsil şöbəsi var, burada uşaq bağçalarının tədris metodikası və tərbiyəsi ilə bağlı kollektiv fəaliyyət göstərir».

O, hesab edir ki, icra hakimiyyəti orqanları maddi cəhətdən bağçaları təmin edə bilər, amma uşaqların intellektual səviyyələrinin formalaşması, tərbiyələrinin təkmilləşməsi icra hakimiyyətlərinin işi deyil.

Bundan başqa Etibar Əliyev ölkədə bağçaların vəziyyətinin də acınacaqlı olduğunu deyir. O, Bakı şəhərində özəlləşməyə çıxarılan 100-dən çox bağçanın ancaq 7-nin profil üzrə fəaliyyət göstərdiyini, bəzi yerlərdə isə bağça yerlərinin satıldığını deyir. Ekspertə görə, bağçaları bir qurumdan digərinə verməkdənsə yaxşı olardı ki, hökumət indiyə qədər satılan bağça ərazilərini yenidən bağçalara qaytaraydı.
XS
SM
MD
LG