Keçid linkləri

2024, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:43

Rəsulzadənin məxfi məktublarının toplandığı kitab çıxdı


Məhəmməd Əmin Rəsulzadə
Məhəmməd Əmin Rəsulzadə
Moskvanın “Mısl” nəşriyyatında “Ə.Topçubaşı və M.Rəsulzadə. Yazışmalar. 1923-1926-cı illər” adlı kitab çapdan çıxıb.

Kitabın tərtibçisi, ön sözün və qeydlərin müəllifi Azərbaycan mühacirət irsinin araşdırıcısı, professor Salavat İshakovdur.

Topluda ötən il gurcu alimi Georgi Mamulianın Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə aid Parisdən tapdığı 35 məktub yer alıb.

Parisdə yaşayan Azərbaycan parlamentinin sabiq sədri Əlimərdan bəy Topçubaşıyla Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin yazışması 1923-26 cı illəri əhatə edir.

Məktublar Rəsulzadə və Toçubaşının mühacirətdə müstəqil Azərbaycan uğrunda savaşı davam etdirməsi, Qafqaz Konfederasiyası yaratmaq uğrunda cəhdləri ilə bağlı bəzi məqamlara aydınlıq gətirir.

Məktublar bu yaxınlarda Ə.M.Topçubaşının Parisdəki Rusiya, Qafqaz və Mərkəzi Ali Sosial Araşdırmalar Məktəbinin Tədqiqatlar Mərkəzinin şəxsi fondundan tapılıb.

Georgi Mamulia həmin mərkəzin araşdırmaçısıdır.

Deyilənə görə, məktublar şəxsi və bəzən də məxfi xarakter daşıyıb. Onların yazılmasından yalnız M.Ə.Rəsulzadə və Ə.M.Topçubaşının keçmiş silahdaşlarının xəbəri olub.

Kitabın nəşrə hazırlanmasında xaricdə fəaliyyət göstərən Cümhuriyyət araşdırcılarının - Moskvada yaşayan Ramiz Abutalıbovun və Türkiyə Ege Universitetinin professoru Yavuz Akpınarın da böyük dəstəyi olduğu deyilir.

Ötən ilin dekabrında bu məktublar barədə AzadlıqRadiosunun “İz” proqramına müsahibəsində— Ramiz Abutalıbov özü danışmışdı.

Ramiz Abutalıbov tapılan məktubların çox maraqlı və dəyərli olduğunu, Cümhuriyyət tarixinə dair bir sıra məsələlərə işıq saldığını, bəzi yanlışlıqlara aydınlıq gətirdiyini, toplunun uzağı bir-iki aya işıq üzü görəcəyini bildirmişdi.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitab artıq Moskvada çapdan çıxıb. Bizlərə onun Bakının kitab mağazalarına gəlməsini gözləmək qalır.

“Ə.M.Topçubaşi və M.Ə.Rəsulzadə: Yazışmalar. 1923-1926-cı illər” kitabı Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyevin yardımı ilə çap olunub.

Xatırladaq ki, ötən il Moskvada S. M. İshakovun tərtibçisi və önsöz müəllifi olduğu Azərbaycan mühacirət tarixinə aid daha bir kitab nəşr olunmuşdu.
Kitab «İz istorii Azerbaydjanskoy emiqratsii» adlanırdı.
XS
SM
MD
LG