Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:26

Cavidin yubileyinə 15 ölkədən qonaq gələcək


Cavidə həsr edilmiş təqvim
Cavidə həsr edilmiş təqvim
Bu ilin oktyabrında Hüseyn Cavidin 130 illik yubileyi qeyd olunacaq. Hüseyn Cavid mənzil-muzeyinin direktoru cavidşünas Gülbəniz Babaxanovaya telefon açıb keçiriləcək yubiley tədbirləri ilə maraqlandıq. Gülbəniz xanımla qısa müsahibə qarşınızdadır.

--Gülbəniz xanım, eşitdik muzeydə təmir gedir. Qışın bu çağında təmirin getməsi nə ilə bağlıdır?

--Yubileylə bağlıdır. Təmir artıq bitmək üzrədir. Əvvəlcədən başladıq ki, yubileyə hazır olsun.

İLK QARANQUŞ—TƏQVİM OLDU

--Onda növbəti sualım gün kimi aydın olsun gərək. Hüseyn Cavidin 130 illiyinə nələr planlaşdırırsınız?

--Hüseyn Cavidin 130 illiyi ilə bağlı bu il bir çox tədbirlərimiz olacaq. Artıq ilk qaranquşumuz işıq üzü görüb. Cavidlər ailəsinin, özünün həyatındakı önəmli tarixi əks etdirən, əsərlərindən nümunələr, orijinal fotolar verilən nəfis təqvim çıxıb.

BU, ADİ TƏQVİM DEYİL

--Təqvimin hansı özəlliyi var?

--Hansı gün Hüseyn Cavidin həyatında mühüm gün olub, önəmli tarix olub—onların haqqında məlumat verilib. Hansı ayın hansı günündə Cavidin həyatında tarixi hadisə olub—bu əksini tapıb. Hər səhifədə Cavidin əsərlərindən aforizmlər, hikmətli sözlər, şeirlərindən seçmələr verilib. Çox nəfis tərtibatı var. Fotoşəkillər verilib—Cavidin özünün, ailəsinin. Bu adi təqvim deyil—mövzusu olan təqvimdir. Təqvimin tərtibçisi də, çapçıısı da bizik—muzeydir.

DÜNYANIN 15 ÖLKƏSİNDƏN QONAQLAR GƏLƏCƏK

--Təqvimin çıxması çox gözəl. Daha hansı tədbirlərin olacağı gözlənilır?

--130 illik yubileyə beynəlxalq konfrans hazırlayırıq. Dünyanın 15 ölkəsindən qonaqlarımız olacaq. “Cavidşünaslıq: elmi məqalələr toplusu”nu 10 cilddə çap etməyi düşünürük. Turan Cavidin “Ömür salnaməsi” albom-kitabının nəşri gözlənilir. Cavidin yaradıcılığının biblioqrafiyası və vebloqrafiyası yenidən çapdan çıxacaq. Bax belə. Bir çox təbirlərimiz olacaq. Təbii ki, yubiley tədbiri də öz yerində. Yəqin ki, dövlət səviyyəsində sərəncam veriləcək və oktyabrda yubiley yüksək səviyyədə qeyd olunacaq.

--Gülbəniz xanım, muzeyin təmirində hansı işlər görüldü?

--Təmir çox gözəl olub. MEA-nın rəhbərliyinin sayəsində.Yeni tərtibat olacaq, ekspozisiyanın quruluşu dəyişəcək.

CAVİDİN EVİ KÖHNƏ STİLİNİ QORUYUB SAXLAYACAQ

--Çoxmu dəyişəcək Cavidin evi? Alışdığımız ab-hava gözləniləcəkmi?

--Yox-yox...Cavidin evinin stili eyni qalacaq. Köhnə qapılar təzələnib, döşəmə, divar
Cavidin "İblis" əsərinin afişası, 1920-ci illər
Cavidin "İblis" əsərinin afişası, 1920-ci illər
həmçinin. Amma ev köhnə stilində qalacaq. Eksponatlar da öz yerində. Təbii ki, yeni eksponatlarla zənginləşmiş vəziyyətdə. İndi fondumuzda 10 minə yaxın eksponat qorunub saxlanılır. Ekspozisiyada isə 600-700 eksponat nümayiş olunur. Vaxtaşırı eksponatlar yerlərini dəyişir.

ƏN SON EKSPONAT...

--Ən son əldə etdiyiniz eksponat hansıdır?

--Ən son aldığımız eksponat Cavidin “Maral” əsərinin 30-cu illərdə qoyulmuş tamaşasının afişasıdır. O zamankı aktyorların birinin evində saxlanılıb. Onun övladları muzeyə verdi. Keçən il müxtəlif şəxslərin ev arxivlərindən Ərtoğrul Cavidin yaradıcılığı ilə bağlı çoxlu materiallar, əlyazmalar ala bildik. Yenə ötən il muzeyə orijinal bir foto təqdim etdilər. Hüseyn Cavidin Teatr Texnikumunda dərs dediyi vaxt çəkdirdiyi kollektiv fotonu. Bizdə yox idi o şəkil. Yəni muzeyin işlərinin ən fəal istiqaməti zənginləşmədir—muzeyin fondunun zənginləşdirilməsi. Muzeyimizin saytı da var.

HAMINI YUBİLEYƏ DƏVƏT EDİRƏM!

--Lütfən, adresinizi söyləyin, qoy bilməyənlər bilsin.

--www.huseyncavid.com—orada yeni eksponatlarımız barədə də vaxtaşırı məlumat verilir. Yeni işlərimiz əksini tapır.

--Gülbəniz xanım, çox sağ olun yeni bilgilərə görə...

--Mən də sizə təşəkkür edirəm və sizin hamınızı Hüseyn Cavidin yubileyində iştirak etməyə çağırıram.
XS
SM
MD
LG