Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:14

Avropa Məhkəməsi Azərbaycanı 60000 avro cərimələdi


Avropa İnsan Hüquqları Məhkəməsi
Avropa İnsan Hüquqları Məhkəməsi
«AVROPA MƏHKƏMƏSİNİN QƏRARLARI PARLAMENTİN LEGİTİM OLMADIĞINI ORTAYA QOYUR»

Yanvarın 10-da Avropa İnsan Hüquqları Məhkəməsi 2005-ci ildə deputatlığa namizəd olmuş Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu və Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli ilə bağlı qərarını elan edib.

Qərara görə, Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı protokolunun 3-cü (azad seçki hüququ) və 14-cü (ayrı-seçkilik) maddələri pozulub.

Məhkəmə Azərbaycanın Əli Kərimliyə maddi ziyana görə 20 min avro, mənəvi ziyana görə 7500 avro, məhkəmə xərclərinə görə 3000 avro ödəməsinə qərar verib.

Qulamhüseyn Əlibəyliyə isə mənəvi ziyana görə 7500 avro, məhkəmə xərclərinə görə 3000 avro, Arif Hacılı və Sərdar Cəlaloğluna isə ayrı-ayrılıqda mənəvi ziyana görə 7500 avro, məhkəmə xərclərinə görə 1600 avro ödənməsi qərarı verib.

Bu şəxslər Avropa İnsan Haqları Məhkəməsinə azad seçki hüququnun pozulması və siyasi ayrı-seçkiliyə məruz qalmaları ilə bağlı müraciət etmişdi.

«BU QƏRAR AZƏRBAYCANDAKI PARLAMENT SEÇKİLƏRİNİN SAXTALAŞDIRILDIĞININ ALTINI CIZIR»

AXCP sədri Əli Kərimli bildirir ki, qərar ədaləti tam bərpa etməsə də, Azərbaycan hökuməti bu qərarlardan dərs çıxarmalıdır. Onun fikrincə, bu qərarlar parlamentin legitim olmadığını ortaya qoyur:

Əli Kərimli
Əli Kərimli
«Gec olsa da 6 il sonra Avropa Məhkəməsi təsdiq edib ki, həqiqətən də 2005-ci ildə Suraxanı camaatı tək məni deputat seçib. Amma hökumət bunu həzm edə bilməyib, ləğv edib. Ona görə də indi Azərbaycan hökumətini cəzalandırıb. Mən elə bilirəm ki, hər dəfə belə qərardan sonra Azərbaycan hökuməti utanmalıdır. Niyə görə Azərbaycan hökuməti çağın bu vaxtında demokratik seçki keçirməməlidir? Niyə görə müxalifətçilərin qələbələrini tanımamalıdır? Sonra da Azərbaycan hökumətini Avropa məhkəməsi qarşısında uduzdurmalıdır? Digər qərarlar kimi bu qərar da Azərbaycandakı parlament seçkilərinin saxtalaşdırıldığının altını cızır».

AVROPA MƏHKƏMƏSİ SEÇKİNİN QALİBİNİ MÜƏYYƏNLƏŞDİRMİR

Ana Vətən partiyasından olan millət vəkili Zahid Oruc isə Əli Kərimlinin fikri ilə razı deyil:

«2005-ci ilə yönəlik çıxarılmış bu qərarlardan çox uzaq gedən nəticələr çıxarılacaq, proqnozlar veriləcək, Azərbaycan iqtidarına zərbə kimi dəyərləndiriləcək və s. Mən hesab edirəm ki, hansısa konkret prosedur pozuntusu və ya konkret məntəqələrdə baş vermiş pozuntu hallarına Avropa Məhkəməsində çıxarılmış qərarları heç bir halda seçkilərin ümumi nəticəsi kimi qərar verməli deyillər. Yaxud da Avropa Məhkəməsi seçkilərin qalibini və ya məğlubunu müəyyənləşdirmir».

Arif Hacılının vəkili Əsabəli Mustafayev isə deyir ki, qərarda da göstərildiyi kimi Arif Hacılı ayrı-seçkiliyin qurbanıdır:

Əsabəli Mustafayev
Əsabəli Mustafayev
«Bu, Avropa İnsan Haqları Məhkəməsinin Arif Hacılının indiki həbsdə olduğu dövrdə çıxardığı ikinci qərardır. Hökumət ona qarşı o münasibətini də davam etdirir. Bir insan haqqında nə qədər qərar olmalıdır ki, bu hökumət ona qarşı olan təzyiqlərindən əl çəksin? Avropa Məhkəməsi bu günkü qərarında da göstərib ki, Konvensiyanın 14-cü maddəsinin (ayrı-seçkilik) pozuntusu var. Yəni Arif Hacılı ayrı-seçkiliyin qurbanıdır».

«O TƏZMİNAT ÇƏKDİYİM XƏRCLƏRİN ÜÇDƏ BİRİ BELƏ DEYİL»

ADP sədri Sərdar Cəlaloğlu isə qərarı «ədalətsiz» adlandırır:

«Verdikləri maddi təzminat mənim o seçkilərdə çəkdiyim xərclərin üçdə biri belə deyil. Onlara ən azı 35 min dollarlıq qəbz, bank sənədləri təqdim etmişəm. Mən həm də tələb etmişdim ki, seçildiyimə görə, bir deputatın 5 ildə aldığı əmək haqqı mənə ödənməlidir. Deməli bu cür qərarlarla Azərbaycan hökumətinə mesaj verilir ki, istənilən vaxt seçkiləri saxtalaşdıra, siyasi liderləri parlamentə buraxmaya bilərsiniz, əvəzində də hərəsinə məhkəmə qaydasında 5 min, 3 min dollar pul təyin edərik, verərsiniz».

Hüquq və İnkişaf İctimai Birliyinin rəhbəri, seçkilər üzrə ekspert Hafiz Həsənov deyir ki, bu qərarlar ölkədəki seçki sisteminin etibarsız olduğunu göstərir:

CİDDİ SEÇKİ İSLAHATLARINA EHTİYAC VAR

Hafiz Həsənov
Hafiz Həsənov
«Azərbaycanda seçki institutları bir institut kimi öz əhəmiyyətini itirməkdədir. Düşündürücü məqam odur ki, Azərbaycanda seçkilər sahəsində çox ciddi islahatların aparılmasına ehtiyac var. Bu problemlər daha çox seçki komissiyaları, seçki qanunvericiliyi, seçki şikayətləri ilə bağlıdır. Ona görə seçki sistemində islahatlar aparılmalıdır. Seçki komissiyalarının tərkibinin dəyişdirilməsi məsələsini ortaya qoyur. Onu göstərir ki, Azərbaycanda daxili hüquqi müdafiə vasitələri güvəncsizdir».

Ekspert deyir ki, həm hökumət, həm də qeyri- hökumət təşkilatları bu qərarlardan dərs götürməlidir.

Yanvarın 10-da verilmiş qərarlar da daxil olmaqla, Avropa İnsan Hüquqları Məhkəməsi 2005-ci il parlament seçkiləri ilə bağlı ümumilikdə 16 şikayət üzrə qərar verib.

2010-cu ilik oktbayr ayında Avropa İnsan Haqları Məhkəməsi xalq artisti Flora Kərimovanın iddiasını təmin edib. Sentyabrın 30-da açıqlanan qərara görə, Azərbaycan hökuməti zərərçəkənə 59 min 100 avro cərimə ödəməlidir.

Məbləğin 50 min avrosu maddi ziyana, 7500-ü mənəvi zərərə, 1600 avro isə çəkdiyi xərclərə görədir.

Bundan əvvəl Avropa Məhkəməsi ərizəçi Nemət Əliyevin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsi ilə təminat verilən hüququnun pozulduğunu və dövlətin ərizəçiyə mənəvi ziyana görə 7.500 avro məbləğində kompensasiya ödəməsini müəyyən edib. Həmin qərar 8 aprel 2010-cu ildə verilib
XS
SM
MD
LG