Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 10:36

Cəlil Cavanşir "İtirilmiş əlyazma" (Yeni romandan parça)


Cəlil Cavanşir
Cəlil Cavanşir
Yazıçı Cəlil Cavanşirin "Qanun" nəşriyyatında "Ən yeni ədəbiyyat" seriyasında çap edilmiş "İtirilmiş əlyazma" adlı yeni romanından bir bölümü (ixtisarla) "Oxu zalı"nda dərc edirik.


KÖNÜLLƏR SULTANI

(ixtisarla)


...Bir gün fikirli-fikirli hücrəsində oturub “Qurani-Kərim”dən “Fəth” surəsini oxuyurdu.

Oxuduqca gözündən süzülən ilıq göz yaşları saqqalını isladır, sanki, ürəyində ocaq çatılırdı. Surəni başa çatdırana qədər bədəninin alışıb-yandığını, ruhunun sarsıldığını hiss edirdi. Alaqaranlıq hücrədə Ərəni hal aparırdı.

Surəni bitirib son duanı elədi “Sadaqallahul-azim”. Əllərini taqətsizcəsinə dizlərinin üstündən qaldırıb, asta-asta “Fatihə” surəsini vird elədi.

Duanı bitirəndə hiss elədi ki, onu tər basır və oturduğu yerdə yaşlı gözləri qapanır, əlləri yanına düşürdü. Dodağının altında şeytana lənət oxudu.

Yox, deyəsən, bu şeytani halsızlıq deyildi. “Qurani Kərim”i büküb rəhilin üstünə güc-bəla ilə qoyanda hiss elədi ki, yuxu ilə oyaqlıq arasında çırpınır.

Hücrə o qədər səssiz və sükunətli idi ki, Ərən öz ürək döyüntülərini hiss edir, getdikcə bədəninin halsızlaşdığını duyurdu. Yenidən ibadətini davam etdirməyə cəhd eləyib zikrə başladı. “Allahu-əkbər, Allahu-əkbər, subhanəllahu Allahu-əkbər. Allahu-əkbər və lilləhil həmd!”

Yox, hiss elədi ki, bədənindəki halsızlığa qalib gələ bilmir. Gözlərini qapayıb özünü yuxu ilə oyaqlıq arasındakı halsızlığa təslim etdi.

Qapı sakitcə açıldı və hücrənin girişində Şirvanşah İbrahimin nəhəng silueti göründü.

– Salamün aleyküm, ya Şeyx.

– Ata! Nə yaxşı gəldin, atacan?!

Ərən bu sözləri pıçıldaya-pıçıldaya yerindən qalxıb atasına tərəf yerimək istədi.
İbrahim döyüşçü cəldliyi ilə irəli atılıb, Ərənin əllərindən yapışdı.

– Narahat olma, Şeyxim! Sənin hüzuruna gəlmək şərəfdir! İndi sənin məqamın şah, sultan, ata məqamından daha üstündür.

– Şahım, atam, qibləgahım... izn ver görüşüm səninlə.

– Yox, oğlum, sən qalxma yerindən, – deyib İbrahim Ərənin əllərindən daha hərarətlə yapışdı. Ərənin əlindən öpmək üçün diz çöküb ona tərəf iməklədi. Ancaq Ərən buna imkan vermədən atasının boynuna sarıldı. Ata-oğul bir müddət qucaqlaşıb ağlaşdılar. İbrahim oğlunun üzündən, gözlərindən öpəndə hiss elədi ki, Ərən on üç yaşındakı kimi məsum üzlü, qara gözlü bir uşaqdır. İbrahimlə oğlu bu qaranlıq hücrədə qucaqlaşıb illərin həsrətinin vüsal anını dadırdılar. İbrahim oğlunu qolları arasından buraxıb diqqətlə onun simasına baxdı. Qarşısında almacıq sümükləri açıq-aydın bilinən, üz-gözündən nur yağan dərviş ədalı bir alim oturmuşdu. Sakitcə çəkilib bir kənarda qoyulmuş döşəkcənin üstündə oturdu. Getdikcə Ərənin üzünü, ağarmış saqqalını boyayan nur atasının gözünü qamaşdırırdı. Qəribə parıltının içində yalnız Ərənin oxumaqdan çuxura düşmüş gözləri görünürdü. İbrahim sakitcə bir kənarda oturub Ərənin müridlərindən biri kimi susur, mühiti-əzəm şeyxinin danışmağını gözləyirdi. Nəhayət, üz-gözü işıqdan, nurdan görünməz olan Ərən danışmağa başladı:

– Nə məqsədlə gəlmisən, şah? Bu qədər vaxtdan sonra ilk dəfədir ki, mənim hücrəmə gəlirsən. Axı biz illər öncə bir-birimizdən ayrılanda son sözünü demişdin. Bir də, Gövhərşahdan sonra səni heç görmək istə mirdim, şah!

– Məni hələ də bağışlamamısan, oğlum? Axı bilirsən ki, mənim başqa yolum yox idi. Babanın, dayılarının, ananın ölümü məni çox sarsıtmışdı. Nə qərar verəcəyimi özüm də bilmirdim. Axı haradan biləydim ki, Gövhərimin günahı yoxdu?

– Bilməli idin, şah, bilməli idin. Sən axı həm də Şeyx İbrahimsən! Təkcə hakim, səltənət sahibi, sultan deyilsən. Sən həm də elm və ürfan sahibisən. Bu cür səhv sənə yaraşmırdı axı.

– Aldatdılar məni, Ərənim, aldatdılar. Teymurdan sonra güclənəcəyimdən, cəmi ölkəyə sahib olacağımdan, paytaxtı Təbriz olan ədalət mülkü quracağımdan qorxdular.

– Sən də düşünmədən oğlunu, mənim ən ağıllı və ədalətli qardaşımı öldürdün. Onun ağıllı başını qəddar bir cəllada kəsdirdin...

– Sonradan sənin məktubunu alan kimi cəlladı da şaqqalatdırdım. Günahımı yumağa çalışdım.

– Bu da növbəti ədalətsizlik! Axı əmri icra edən cəlladın nə günahı? Bəyəm Gövhərşahın ölmünə fərmanı özün verməmişdinmi? Bəyəm anamın, babamın, dayılarımın ölümü sənin günahın ucbatından baş verməmişdimi? Heç düşünmədən necə addım atırdın, şah?

– Qocalmışdım, Şeyxim, qocalmışdım. Sənin ağıllı gözlərin, ananın əzablı siması gözümün önündən getmirdi. Günlərlə sənə, anana, babana göz yaşı tökdüm, ağladım. Ancaq heç nə geri qayıtmırdı. Mən Gövhərşahın günahkar olmadığını, ona qurulan toru fəhm edə bilmədim, Şeyxim! İndi də peşmanam.

– Peşmançılıq üçün gecdir, şah! Sən Gövhərşah kimi igidin başını üzdürəndən sonra min dəfə peşman olsan da, heç nə dəyişmir! Gecdir, çox gecdir! Yaxşı ki, Xəlilullah Qara Yusiflə, onun oğlu İsgəndərlə əzmlə mübarizə aparır. Sənin səhvlərini təkrarlasa, övlad, qardaş qatili olsa, qurduğun xaniman məhv olacaq, şah!

– Bilirəm, övladım, bilirəm. Xəlilullah da, Mənüçöhr də elmin dərinliklərinə sənin kimi vaqif deyillər. İndi Şahruxun sarayında xidmət edən Mənüçöhr, Səltənətə şahlıq edən Xəlilullah sənə möhtacdır. Onlara köməyin lazımdır, Şeyxim!

– Şah, bilirsən ki mən dövlət işlərindən, saraydan uzağam. Mənim ruhum sarayda rahatlıq tapmaz. Məni məzur gör, məndən saray alimi, vəzir olmaz. Qan tökülən yerlərdə olmaq mənə əzab verir, şah. Saraya getməyi, qurulan mülkdə yaşamağı bacarmaram.

– Sənə saraya get demirəm, Şeyxim. Sənə qan mülkünə get demirəm, övladım. Səndən kömək istəməyə gəlmişəm.

– Şah, sən mənim atamsan və sənin bir sözünü iki eləyə bilmərəm. Sənin arzunla saraydan qıraqda, sənin həsrətini anamla çəkdiyim günlərdə səni çox qınayırdım. İndi cəmi ölkədə məni sevənlər, qapıma elm və ürfan öyrənməyə gələnlər məni daha çox xoşbəxt edə bilir. Könüllərə hakim olmaq daha gözəldi, atacan. Məni saraydan uzaq tutduğun üçün sənə minnətdaram. Dünya ölümlü dünyadır. Mən də ölüb gedəcəm, mənim də həyatım sona çatacaq. Necə ki babamın, anamın, qardaşımın həyatı sənin günahından sona çatdı. Mən döyüşəcək, şəhərlər, qalalar alacaq adam deyiləm, ata! Qardaşıma necə yardım edə bilərəm? Onun gücə, orduya, sərkərdəyə ehtiyacı var. Mən isə, sadəcə, elmin, dinin, ürfanın əsgəriyəm.

– Övladım, şeyxim, qardaşının sənin kamalına, ağılına, elminə ehtiyacı var. Sənin elmin onunla birlikdə olsa, onun hücum etdiyi qalanı sənin elmin fəth eləyər. Saray üçün yetişmiş alim lazımdır.
– Gedə bilmərəm, ata. Bacarmaram, şah!

– Səndən saraya getməyini rica eləmirəm, Şeyx. Sənə vəzir ol demirəm, oğlum. Elmli, ərdəmli müridlərindən birini göndər, qardaşına dayaq olsun! Sənin özündən çox elmin lazımdır saraya. Xəlilullahı tək qoyma. İmkan vermə ki, tək qalsın, məğlub olsun. Teymurilərlə qohum olsa da, onun ağıla və elmə ehtiyacı böyükdür. Ona yardım elə, Şeyx!

– Atacan, mən qardaşımın üzünü görməsəm də, başa düşürəm ki, ona yardım eləməyim, kömək olmağım vacibdir. Onun yanına gedə bilməsəm də, başqa bir şey düşünməyimiz vacibdir. Sənin, yəqin ki, bir məsləhətin var. Buyur, şahım, nə düşündüyünü mənə də de.

– Mən Seyid Yəhyanı düşünürəm, şeyx. Onu saraya göndərsən, həm qardaşına, həm də xanəgaha xeyirli olar.

– Seyid Yəhya indi Şamaxıda öz xanəgahında batini elmlər öyrənir, ata. Çox az-az gəlir yanıma. İndi onun öz müridləri, öz ardıcılları var. Ancaq bizim yola çox sadiqdir. Xəlvət məclislərinin sultanıdır Seyid Yəhya.

– Bilirəm, oğlum. Çağır yanına onunla danış. Onun saraya getməsi qardaşına çox lazımdır. Onun elmə və ürfana ehtiyacı var.

– Çalışaram ata. Çalışaram Seyid Yəhyanı saraya göndərim. Ancaq bilirəm ki, onun sarayı, xanəgahı ona daha əzizdir.

– Qoy Seyid Yəhya xanəgahını Bakıda, Şirvanşahlar sarayına yaxın qursun. Həm səltənətə, həm də elmə dəstəyini göstərsin. Qoy hər yerdə, hətta sarayda da, paytaxtda da sənin elmin, Allahın hökmü yayılsın.

– Çalışacam, ata. Çalışacam ki, Seyid Yəhyanı saraya getməyə razı salım.

– Bilirəm ki, müridin sənin sözündən çıxmaz. Bilirəm ki, onu razı sala biləcəksən. Bu səndən son ricam, son istəyimdir. Unutma ki, bunu eləməlisən. İndi isə icazə ver gedim,
Şeyxim.

– İcazə sənindir, şah!

– Yox, oğlum. Burada hökm sənindir. Sənsən bu mülkün hakimi. Mən sənin yanına, oğlumun yanına deyil, mühiti-əzəm şeyxinin yanına gələn kimi gəldim.

– Məqamın uca olsun, şah! Məni bu məqama sənin nəsihətlərin, yazdığın qara cildli, dəri üzlü dəftər çatdırıb. Mən sənin şeyxliyini, Xəlilullahsa şahlığını davam etdiririk. Anlayıram ki, bu mülkdə də vəhdət lazımdır.

– Kamilsən, Ərənim. Səninlə qürur duyuram. İndi isə geri qayıtmalıyam. “Fəth” surəsindən sonra qardaşın üçün dua eləməyi unutma.

Ata-oğul, şahla-şeyx, hakimlə-alim ayağa qalxıb qucaqlaşdılar. İbrahim yenə qəribə də olsa, oğlunun on üç yaşlı uşağa döndüyünü hiss elədi. Onun gözlərindən öpüb geri çəkildi. Son dəfə oğluna diqqətlə nəzər saldı. Ərənin üzü yenə də nurdan görünməz idi. Yalnız oxumaqdan çuxura düşmüş yorğun gözləri görünürdü. Ərən də atasının üzünü artıq görə bilmirdi. Atası geri çəkildikcə yalnız bir topa işığın otağı tərk elədiyini hiss edirdi. İşıq topasından gələn səs yavaş-yavaş anlaşıl maz olurdu.

– Mən gəldiyim yerə dönürəm Şeyxim... Gedirəm...

***

Ərən gözlərini açanda hiss elədi ki, bütün bədəni, köhnə və yamaqlı paltarları tər içindədir. Hücrənin ala- qaranlığında özünü əzgin və yorğun, halsız hiss elədi. Gözünü açan kimi atasını axtardı. Hələ də gördüyü yuxunun təsirində idi. Hücrənin qapısı ağzında at ayaqlarının tappıltısını eşidəndə çölə sıçradı. Axşamın alatoranında bir topa işıq sürətlə uzaqlaşdıqca at ayaqlarının səsi də uzaqlaşırdı. Ərən, atasının illər öncə öldüyünü, dünyadan köçdüyünü düşünə-düşünə hücrəyə dönmək istədi. Qafqazdan əsən ənbər qoxulu soyuq külək tərli bədənini üşütdü. Qəfildən hücrənin önündəki dirəyin qarşısında otların tapdanıb əzildiyini alatoranlıqda fərq elədi. Bir az da yaxına gəlib baxanda nalsız at ayaqlarının dərin, bir az da nəhəng izlərini gördü.

– İlahi, belə nəhəng at varmı, görəsən? – deyə düşündü. Birdən halı dəyişdi. Yuxu ilə reallıq arasında gördüklərini, danışdıqlarını düşündü. Hər şey, sanki, real həyatda baş vermişdi. Sanki, illər öncə gördüyü atası heç dəyişməmiş, o gördüyü yaşda qalmışdı. Qapını aralayıb hücrəsinə qayıdarkən düşündü ki, atasının narahat ruhu ondan kömək, üzrxahlıq üçün Bərzaxdan dünyaya qayıdıb. Qeyri-iradi pıçıldadı:

– Yerin behişt olsun, şahım! Yerin rahat olsun, atacan! Rahat uyu! Mən sənin istədiyin hər şeyi bacararam. Keçdim günahından, təki Gövhərşahın, öldürülən günahsız insanların narahat ruhları da səni bağışlasın. Sən təkcə şah deyildin. Sən həm də təqvalı bir şeyx idin. Hərdən Şahlığın Şeyxliyinə mane olsa da, sən adil idin, ata, inanclı idin. Allah günahlarını bağışlasın!

– Amin!

Sanki, böyük bir məsciddə duadan sonra namaz qılan bütün möminlər: “Amin”, – deyirdi. Ərən hövlnak geri çevrildi. Ətrafda heç kəs yox idi. Ancaq “amin” sədasını, hətta qardaşı Gövhərşahın qalın səsini də açıq- aydın eşitmişdi. Ruhunun sakitləşdirmək üçün hücrəsinə girib göz yaşları içində üzü qibləyə – namaza dayandı.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG