Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 05:20

Korrupsiyaya qarşı amansız mübarizə varmı?


Arxiv foto
Arxiv foto
-

«Korrupsiyaya, rüşvətxorluğa qarşı amansız mübarizə aparılır. Biz bu mübarizənin gözəl nəticələrini görürük. Gələcək illərdə bu mübarizə daha da məqsədyönlü və ciddi olmalıdır. Bütün lazımi göstərişlər verilib».

Prezident İlham Əliyev bu fikirləri ötən ilin son günü xalqı bayram münasibəti ilə təbrik edəndə səsləndirib.

Nazirlər Kabinetinin hüquq şöbəsinin sabiq müdiri Çingiz Quliyev isə 2011-ci ildə korrupsiyaya qarşı amansız mübarizə aparılmasının şahidi olmadığını deyir:

«Mənim fikirimcə, heç bir mübarizədən söhbət gedə bilməz. Mübarizə olsaydı biz çox faktlar görmüş olardıq. Heç bir mübarizə aparılmayıb, bu sadəcə olaraq ortada deyilən sözlərdir. Korrupsiya göz önündədir və bunu da hamı görür».

Çingiz Quliyevin fikrincə, Azərbaycandakı korrupsiya qohumluq münasibətlərindən yaranandığından ona qarşı mübarizə də effektli deyil.

«HƏLƏKİ AMANSIZ KORRUPSİYA VAR»

Azad İqtisadiyyata Yardım Mərkəzinin rəhbəri Zöhrab İsmayıl isə deyir ki, hələ ki Azərbaycanda korrupsiyaya qarşı amansız mübarizə yox, amansız korrupsiya mövcuddur.

Zöhrab İsmayıl
Zöhrab İsmayıl
«Yəni o amansızlığım müqabilindəki mübarizəni biz görmürük. Bu mübarizə çox lokal, təsirsizdir. Sağ qulağı sol əllə qaşımaq kimi. Bu kimi üsullarla aparılan mübarizəni isə mübarizə adlandırmaq çətindir. Bələkə də elə bu səbəbdəndir ki, Azərbaycanda çox adam bunu mübarizə yox, imitasiya adlandırır».

«AXI BIZ GÖRÜRÜK, EŞİDİRİK, DUYURUQ»

Azadlıqradiosunun internet səhifəsində prezidentin dediklərini şərh edən oxuculardan biri isə yazır: «Axı biz görürük, eşidirik, duyuruq, Danışmasaydınız heç olmasa yaralarımızıın üstünə duz səpməzdiniz».

Prezidentin bayram çıxışında toxunduğu digər bir məsələ işsizliklə bağlı olub. Ölkə başçısının bununla bağlı səsləndirdiyi faiz göstəricisi müxtəlif mübahisələrlə cəbəb olub.

PREZİDENT: «AZƏRBAYCANDA İŞSİZLİK 5,5 FAİZDİR»

2011-ci ildə korrupsiyaya qarşı amansız mübarizə aparıldığını deyən prezident ölkədə işsizliyin də 5,5 faiz olduğunu söyləyib:

«Azərbaycanda işsizlik 5,5 faizdir. Yəni bütün bu göstəricilər onu deməyə əsas verir ki, ölkəmiz çox dinamik və uğurla inkişaf edir. Dünyada və Avropada iqtisadi sahədə gedən mənfi proseslərə baxmayaraq Azərbaycan inamla qabağa gedir».

«ELƏ 80 FAİZ İŞSİZ BİZİM EVDƏ VAR»


İdxal-ixracdakı monopoliya və korrupsiyadan gileylənən sahibkar Elman Abdullayev isə işsizliyin səviyyəsini ailəlsində, yaxınlarındakı vəziyyət ilə müəyyən edir:

«Bu dəqiqə iş yoxdur. Qardaşım işsizdir, iki əmim oğlu işsizdir, rayondan gəlib oturublar bizdə. İş axtarırlar. Statistika mənim əlimdə deyil, amma elə bircə bizim ailəni götürsək 80 faiz işsizdir. Elə digər ailələrdə də işsizlərin sayı çoxdur».

«5,5 FAİZ İŞSİZLİK GÖYDƏN GÖTÜRÜLMƏ RƏQƏMDİR»

deputat Zahid Oruc
deputat Zahid Oruc
İqtisadçı Zöhrab İsmayıl isə 5,5 faiz işsizliklə bağlı deyilənlərin reallığı əks etdirmədiyini düşünür:

«Göydən götürülmə rəqəmdir, bu həqiqətə uyğun olmayan rəqəmdir. Əgər söhbət ölkədə Statistika Komitəsinin hər ay açıqladığı 40-50 min işsiz olması barədə rəqəmlərdən gedirsə, bunun da həqiqətə uyğun olmadığı hamıya bəllidir. Bu hələ 1999-cu ildə əhali siyahıya alınanda da bir daha sübut olunub. Bundan başqa beynəlxalq təşkilatların da işsizliklə bağlı açıqladığı rəqəmlər də bu deyilənləri dəfələrlə təkzib edib. Yəni bu sübut olunub ki, deyilən indiki rəqəm reallığı əks etdirmir».

İşsizlikdən Türkiyəyə sığındığını yazan Kamal adlı dinləyicinin Azadlıqradiosuna yazdığı şərhində isə belə qeyd olunur: «Əgər işsizlik yox dərəcəsindədirsə onda bəs mən Türkiyədə nə gəzirəm?»

Hakimiyyətyönlü Ana Vətən Partiyasının sədr müavini, deputat Zahid Oruc isə korrupsiyaya qarşı aparılan mübarizə və işsizliklə bağlı rəsmi məlumatları ayrı-ayrı ekspertlərin tənqid edilməsi normal qarşılayıb. Onun fikrincə prezidentin çıxışını bütövlükdə cəmiyyət müsbət qarşılayıb:

«Çünki bu tamamilə real səslənir. Bu arqumetlərlə razılaşmayanlar, əks arqumentlər səsləndirənlər də var və biz də onlara hörmətlə yanaşırıq».

8 İLDƏ 1 MİLYON İŞ YERİ

Bayram təbriki zamanı prezident 2011-ci ildə Azərbaycanda 100 minə qədər yeni iş yerinin açıldığını deyib. 2003-cü ildən bəri 1 milyondan artıq yeni iş yerinin açıldığını bildirən İlham Əliyev bu işlərinin də mütləq əksəriyyətinin daimi olduğunu bildirib.

KORRUPSİYA İLƏ MÜBARİZƏ KİMLƏRƏ TAPŞIRILIB?

Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyası 2004-cü ildən fəaliyyət göstərir. İnsan haqları fəalları bu komissiyanın əslində ölkədə tez-tez korrupsiya ittihamları ilə üzləşən rəsmilərdən təşkil edilməsinə görə ölkədə rüşvətxorluğun səviyyəsinə ciddi təsir etmədiyini deyirlər.

Kоmissiyanın 15 üzvündən 5-i prezident, 5-i Milli Məclisi, 5-i isə Kоnstitusiya Məhkəməsi təyin edir.

Hazırda Komissiyaya Daxili işlər, Milli təhlükəsizlik Ədliyyə nazirləri, Baş prokuror, Konstitusiya Məhkəməsinin sədri, Prezident Administrasiyasının yüksək vəzifəli rəsmiləri, Milli Məclisinin bir neşə deputatı daxildir.
XS
SM
MD
LG