Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:19

Aqşin Mehdiyev: «BMT-də bizim öz prinsiplərimiz var»


Aqşin Mehdiyev
Aqşin Mehdiyev
Yanvarın 4-də BMT-nin Təhlükəsizlik Şurası (TŞ) yenilənmiş heyətlə 2012-ci ildə ilk iclasını keçirəcək.

Yanvarın 1-də Azərbaycan, Qvatemala, Mərakeş, Pakistan və Toqo BMT TŞ-nin qeyri-daimi üzvü kimi səlahiyyətlərinin icrasına başlayıblar. Həmin ölkələr bu təşkilata ötən ilin oktyabrında Baş Assambleyada keçirilən seçkilər zamanı 2 il müddətinə seçiliblər.

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Aqşin Mehdiyev ITAR-TASS-a bildirib ki, Azərbaycan TŞ-də baş verən bütün proseslərdə, qərarların qəbulunda, komitələrin və işçi qruplarının işində fəal iştirak etməyi planlaşdırır.

Suriyadakı hadisələrə toxunan A.Mehdiyev deyib ki, Bakının bu məsələdə kifayət qədər dəqiq baxışı var: «İlk növbədə, biz Ərəb Dövlətləri Liqasının bu istiqamətdəki fəaliyyətini dəstəkləyirik»

A.Mehdiyev qeyd edib ki, tərəflər qarşıdurmanı daha da dərinləşdirə biləcək hərəkətlərdən çəkinməlidir: «Biz hesab edirik ki, hazırda Suriyanın hər hansı daxili işlərinə müdaxiləyə ehtiyac yoxdur. İnsanlara imkan vermək lazımdır ki, onlar məsələləri gərginliyin artmasından çəkinməklə özləri həll etsinlər».

Fələstinin BMT-yə mümkün üzvlüyünə toxunan səfir xatırladıb ki, Azərbaycan artıq Fələstin dövlətini tanıyıb. Üstəlik, Bakıda Fələstin səfirliyi açılıb: «Düşünürəm ki, biz bu mövqedən çıxış edəcəyik».

A.Mehdiyev deyib ki, Azərbaycanın BMT TŞ-nin gündəliyindəki bir çox məsələlər üzrə öz mövqeyi var: «Nə vaxtsa bizim mövqeyimiz digər ölkələrin mövqeyi ilə uyğun gəlirsə, bu, çox yaxşıdır. Uyğun gəlmirsə, o zaman bizim öz prinsiplərimiz var və biz onlardan geri çəkilmək niyyətində deyilik».

A.Mehdiyev bəyan edib ki, Bakı Ermənistan-Azərbaycan münaqişəsi üzrə TŞ-nin qətnamələrinin yerinə yetirilməsinin vacibliyində təkid edib və edəcək. O, ümid etdiyini bildirib ki, Azərbaycanın beynəlxalq arenada nüfuzunun artması və onun TŞ-də üzvlüyü münaqişənin nizamlanması prosesində müsbət rol oynaya bilər.

Səfir Azərbaycanın BMT-də Rusiya ilə sıx münasibətlərinə toxunub: «Bizim mövqelərimizin üst-üstə düşmədiyi məsələlər varsa da, onlar çox azdır...Biz Rusiya tərəfi ilə TŞ və ondan kənarda sıx əməkdaşlıq etməyə davam edəcəyik».
XS
SM
MD
LG