Keçid linkləri

2024, 07 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 19:17

Neft Fondu qızıl, daşınmaz əmlak almağa başlayır


İlham Əliyev Neft Fondunun işi ilə tanış olur
İlham Əliyev Neft Fondunun işi ilə tanış olur
Dövlət Neft Fondunun investisiyalarında ABŞ dolları yenə əsas valyuta olacaq.
Fondun vəsaitlərinin 50%-i dollarda saxlanacaq.

Azərbaycan prezidenti İlham Əliyevin təsdiqlədiyi «2012-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri»ndə deyilir ki, bu il Dövlət Neft Fondunun vəsaitlərinin 40%-i avroda, 5%-i Britaniya funt sterlinqində saxlanacaq.

Neft Fondunun investisiya portfelinin qalan 5%-i isə
Rusiya, Türkiyə, Yaponiya, Kanada valyutalarında və eləcə də yenə dollar, avro və funt sterlinqdə saxlana bilər.

5% QIZIL, 5% DAŞINMAZ ƏMLAK

Neft Fondu artıq bu ildən etibarən qızıl və daşınmaz əmlak aktivlərinə vəsait yatırmağa başlayacaq.

İnvestisiya portfelinin 85%-i borc öhdəlikləri və pul bazarı alətlərinə, 5%-i səhmlərə, 5%-i daşınmaz əmlaka və 5%-i qızıla yatırılmalıdır.

Sənədə əsasən, Neft Fondunun borc öhdəlikləri portfelinin orta investisiya müddəti dünya bazarlarındakı cari vəziyyətdən asılı olaraq Fond tərəfindən müəyyən edilir və 48 ayı keçməməlidir.

BİR YERƏ 15%-DƏN ÇOX QOYMAQ OLMAZ

Fondun vəsaitlərinin idarə olunması zamanı risklərin azaldılması üçün müəyyən edilib ki, bir maliyyə qurumunun (depozitar banklar istisna olmaqla) və ya bir investisiya aktivinin investisiya portfelindəki maksimum xüsusi çəkisi investisiya portfelinin məcmu dəyərinin 15%-i həddini keçməməlidir.


100 MİLYON NAĞD EHTİYAT

Neft Fondunun vəsaitinin likvidlik dərəcəsi Fondun büdcə xərcləri üzrə planlaşdırılan pul və digər köçürmələrinin tam və vaxtında yerinə yetirilməsini təmin etmək üçün yetərli səviyyədə olmalıdır.

Bu səviyyəni təmin etmək məqsədilə Neft Fondunun vəsaitinin 100 mln. ABŞ dollarından az olmayan hissəsi yüksək likvidli qısamüddətli pul bazarı alətlərində saxlanmalıdır.

Bu vəsaitin göstərilən məbləğdən az olması halı 7 iş günündən çox davam etməməlidir.

Sənəddə Neft Fondunun vəsaitlərinin idarə olunması ilə bağlı Xarici menecerlər üzrə tələblər də müəyyən edilib.

BİR XARİCİ MENECERƏ 5%-DƏN ÇOX VERMƏK OLMAZ

Tələblərə əsasən xarici menecerlərə idarəetməyə verilən vəsaitin ümumi həcmi investisiya portfelinin məcmu dəyərinin 60%-dən, bir xarici menecerə idarəetməyə verilən vəsaitin maksimum həcmi investisiya portfelinin məcmu dəyərinin 5%-dən artıq olmamalıdır.

Neft Fondunun RAMP proqramı çərçivəsində Dünya Bankının xəzinədarlığına idarəetməyə verilən vəsaitinin həcmi 500 mln. ABŞ dollarından artıq olmamalıdır.

2012-ci ildə Neft Fondunun investisiya portfelinin proqnozlaşdırılan həcmi 23 mlrd. manat nəzərdə tutulub.
XS
SM
MD
LG