Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:44

Dini icmalar prezidentdən nə qədər aldılar?


Arxiv foto
Arxiv foto
400 MİN MANATDAN KİMƏ NƏ QƏDƏR DÜŞDÜ

Prezidentin sərəncamı ilə Qafqaz Müsəlmanları İdarəsinə 2 milyon manat maliyyə yardımı edib. Qeyri-islam təmayüllü dini icmalara isə 400 min manat ayrılıb. Sərəncamdan bəlkə də heç kim xəbər tutmazdı. Əgər dini icmaların təşəkkür məktubu olmasaydı.

Bu maliyyə yardımı hara və necə xərclənəcək? 20 qeyri-islam təmayüllü dini icma arasında bu pulu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bölüşdürüb. Pul artıq hesaba da oturub. Düzdür, artıq iki icma o puldan imtina edib. Bu haqda az sonra.

Amma komitə hansı icmaya nə qədər ayrılması haqda danışmaq, dəqiq rəqəmlər söyləmək istəmir. Komitənin mətbuat xidmətinin rəhbəri Saleh Aslanov AzadlıqRadiosuna deyir ki, dini icmalar fərqli məbləğdə yardım alacaqlar. Yəni 400 min manat 18 icma arasında bərabər şəkildə bölünməyib. Onun sözlərinə görə, pul etiqad edənlərin sayına görə bölünəcək. Onda ölkədə nə qədər katolik, provoslav, dağ yəhudisi və ya bəhai var, onların sayına uyğunmu veriləcək?
Saleh Aslanov heç nə demir. Məsələn, bəhailərin 1000 üzvü varsa onlara nə qədər pay düşməli idi? Bu sual da cavabsız qalır.

DİNİ KOMİTƏ SUSUR

Saleh Aslanov bir onu deyir ki, konkret rəqəm deməyəcəklər «Mühüm olan bu vəsait yox, onun mahiyyəti, dövlətin dinə qayğısıdır».

Komitənin sözçüsü rəqəmi onlardan yox, yardımı alan icmalardan soruşmağı məsləhət bildi.

DİNİ İCMALARIN CAVABI

Provoslav kilsəsinə zəng vururuq, sabah əlaqə yaratmağı xahiş edirlər. Sonra Dağ Yəhudiləri dini icmasının sədr müavini Melix Yevdayevlə əlaqə yaradarıq:

- Planlarımız var. Bizə belə xoş xəbər də veriblər ki, əlavə torpaq sahəsi də ayrılıb. Yəqin ki, o məbləğə, hələ ondan da artığını tikintidə xərcləyəcəyik. Sinaqoq hazırdır. Tədbir keçirmək üçün əlavə binalar tikiləcək.

- Bəs bu nə qədər vəsaitdir?

Bakı
Bakı
- Hələlik hesabdan xəbərim yoxdur, bilmirəm nə qədər verilib. Amma deyilənə görə pis vəsait deyil.

BƏHAİLƏR NİYƏ SUSUR?

Bəlkə də bu məbləğ üzərində dayanmazdıq. Əgər iki bəhai icması dövlətin ayırdığı puldan imtina etməsəydi. Bu dövlət qeydiyyatından keçmiş Bakı şəhər Bəhai İcması ilə Sumqayıt şəhər Bəhai İcmasıdır.

Onları birləşdirən «Azərbaycan Bəhai İcması»dır. İcma rəhbəri Rövşən Abbasov AzadlıqRadiosuna deyir ki, onlar səbəblər haqda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə yazıblar.

- Rəsmi məktub var orda. O kifayət edir.
- Bəlkə həmin pulu xeyriyyəçiliyə sərf edə bilərdiniz?
- Xeyriyyəçiliyə sərf edənlər olacaq. Biz məcburiyyət qarşısında qalıb pulu götürsəydik, xeyriyyəçiliyə sərf edərdik. Başqa icmalar yəqin bunu edər.
- Bəlkə məbləğin azlığı sizi razı salmayıb?
- Bu məbləğdən xəbərimiz yoxdur.
- Bəlkə hesab edirsiniz ki, bunun müqabilində dövlət sizdən nəsə tələb edəcək?
- Bizim daxili qanunlarımız, qaydalarımız var. Ruhani prinsiplərimiz var. Biz heç nəyə baxmırıq. Həmin rəqəmdən də xəbərimiz yoxdur.

Dekabrın 27-də isə Rövşən Abbasov APA İnformasiya Agentliyinə deyib ki, kənardan heç vaxt pul almırlar, lap milyon da olsa, imtina edirlər. Bu onların inancları ilə bağlıdır:

«Biz bütün dünyada bu cür yaşayırıq, işləyirik. Bizə milyonlarla dollar verənlər olub, amma həmişə imtina etmişik».

İKİ MİLYON MANATDAN İSLAM İCMALARINA NƏSƏ ÇATACAQMI?

Bəs Qafqaz Müsəlmanları İdarəsi 2 milyon manatı hara xərcləyəcək? Sərəncamda deyilir ki, başqa ölkələrdəki nümayəndəliklərə yardım göstəriləcək. Bəs ölkədəki islam icmalarına burdan pay çatacaqmı? Bu haqda sərəncamda heç nə deyilmir. Elə idarədən də heç nə öyrənə bilmədik. Qurumun adının çəkilməsini istəməyən şöbə müdiri deyir ki, bu haqda sözü rəhbərləri deyə bilər, maliyyəni o bölüşdürür. Buna görə də Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə əlaqə saxlamağı məsləhət gördü. Hətta köməkçisi ilə calaşdırdı. Köməkçi bizi mətbuat xidməti ilə əlaqələndirdi. Xidmət rəhbəri Rəhimə Dadaşova isə araşdırma üçün bir saat vaxt istədi. Amma günün sonuna kimi dəstəyi bir daha qaldırmadı.

Müşfiqabad məscidinin axundu Mübariz Qaçayev isə məsələdən xəbərsizdir deyə münasibət bildirmək istəmir. Ancaq onu da deyir ki, ölkədəki icmalar arasında fərq qoyulmasını yaxşı qarşılamır:

Şahin Həsənli
Şahin Həsənli
«Hər şeyin ədalətli ya ədalətsiz olduğunu Allah göstərər. Bu gün elə dini icmalar var qeydiyyatdan keçir, eləsi var keçmir. Belə ədalətsizlik var. Bəllidir də hər şey. Yenidən nə deyək?».

«Məşədi Dadaş» məscidinin axundu Şahin Həsənli də islam icmalarına 2 milyon manatdan pay düşüb-düşməməsindən xəbərsizdir. Amma düşünür ki, dövlətin dini icmalara yardımı müsbət haldır. «Bəzən kənara yönlənmələr olur və belə yardımlar bunun qarşısını ala bilər»- deyir.

DİN DÖVLƏTDƏN AYRIDIRSA...

Dini məsələlər üzrə ekspert Altay Göyüşov isə yada salır ki, Azərbaycanda din dövlətdən ayrıdır. Onun fikrincə bu baxımdan dövlətin dini icmalara pul ayırması anlaşılmazdır.

«Klassik siyasətdir – din dövlətin əlində siyasət və təbliğat vasitəsidir. Sanki bu yöndə cəhdlər göstərilir. Qeyri-adi situasiyadır, bir tərəfdən pul ayrılır, o biri tərəfdənsə... Müsəlman icmalarının puldan çox başqa şeyə ehtiyacı var, yəni məscidlər bağlanmasın».

Altay Göyüşov deyir ki, dövlət sadəcə dini azadlığı təmin etməlidir. Dini icmalar da bu şəraitdə azad fəaliyyət göstərməlidirlər.
XS
SM
MD
LG