Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:59

2011-ci ilin ən məşhur xətaları


Nicolas Sarkozy və Barack Obama
Nicolas Sarkozy və Barack Obama
Həyatda kim xətaya yol vermir ki? Adi adamların səhvləri çox vaxt elə onların özlərini utandırıb, ətrafdakıların diqqətini belə cəlb etmir. Məşhur adamlarla isə tamam fərqlidir - ictimaiyyətin diqqətində olan bu şəxslərin hər hansı yanlış ifadəsi ya da səhv hərəkəti dərhal medianın az qala baş xəbərinə çevrilir. Gəlin, 2011-in belə yadda qalan xətalarından bəzilərinə nəzər salaq.

SARKOZY VƏ OBAMA NETANYAHU`NUN DALINCA DANIŞIRLAR

Noyabr ayında Kannda keçirilən «Böyük 20-lik» sammitində Fransa prezidenti Nicolas Sarkozy ilə ABŞ prezidenti Barack Obama bağlı qapı arxasında söhbət edir, mətbuat konfransının başlamasını gözləyirmişlər. Onların heç biri pencəklərinə taxılan mikrofonların açıq olduğunun fərqində deyildilər. Auditoriyada gözləyən jurnalistlər isə taxdıqları qulaqcıqla azı 3 dəqiqə iki prezidentin İsrailin Baş naziri Benjamin Netanyahu haqda söhbətləşməsini aydınca eşidirdilər.

Söhbət əsnasında Sarkozy Netanyahu haqqında demişdi: «Onu görməyə gözüm yoxdur. O, yalançıdır». Obama isə cavab vermişdi ki, «O, səni cana doydurub. Mən isə hər gün onunla ünsiyyətdə olmağa məcburam».

Bu söhbəti eşitsələr də, jurnalistlər onu xəbər kimi yaymamışdılar. Ancaq sonradan bir fransız saytı dialoqu dərc etdi. «Reuters»in müxbiri təsdiqləyəndən sonra xəbər bütün dünyaya yayıldı. 3 liderdən heç biri buna şərh vermədi.

MEDVEDEVİN ADINDAN – «AXMAQ VƏ QOYUN»

Dekabrın 6-da Moskvada polis parlament seçkilərinin nəticələrinə etiraz edən aksiyanı dağıdandan sonra «Twitter»də kimsə belə bir kobud fikri «retweet» etdi. «Bu gün aydın oldu ki, öz bloqunda «fırıldaqçılar və oğrular partiyası» ifadəsi işlədən insan axmaq, --- (söyüş) və qoyundur». «Twitt»in müəllifi Dumanın deputatı Konstantin Rıkov idi. Gecəyarısı bunu «retweet» edən isə Rusiya prezidenti Dmitri Medvedev idi.

Dmitri Medvedev «Twitter»də
Dmitri Medvedev «Twitter»də
Gecəyarısı Medvedevin «tweet» hesabında bu mesajı görən ruslara aydın idi ki, «qoyun» dedikdə, müxalif bloqqer Aleksey Navalnı nəzərdə tutulur. Həmin vaxt seçkinin nəticələrinə etiraz edən Navalnı həbs olunmuşdu. Navalnı hakimiyyətdə olan Vahid Rusiya Partiyasını «fırıldaqçılar və oğrular partiyası» adlandırmışdı. Sonradan Kremldən bildirdilər ki, burda yanlışlıq olub. Medvedevin «tweet» hesabının parolu dəyişən zaman hesaba texniki dəstək verən əməkdaş ona müdaxilə edib.

KİTAB YARMARKASINA GƏLDİ, KİTABLARIN ADINI QARIŞDIRDI

Hamı bilir ki, prezidentliyə namizədlərin işi həddən artıq çox olur. Görüşlər, çıxışlar... Bu payız Meksikada prezident seçkilərində iştirak edən namizədlərdən biri Enrique Pena Neito seçki kampaniyası çərçivəsində beynəlxalq kitab yarmarkasında iştirak edirmiş. Yarmarkada olanda jurnalistlərdən biri soruşur ki, onu təsirləndirən 3 kitabın adını çəkə bilərmi? Pena Neito özünü tamam itirir. Dörd dəqiqə fikirləşəndən sonra Bibliyadan bəzi hissələri oxuyur. Sonra isə o, ayrı-ayı kitab müəlliflərinin, kitabların adlarını qarışdıra-qarışdıra uzun-uzadı danışır.

«The Economist» dərgisi bunu «əzabverici biabırçılıq» adlandırmışdı.

QUBERNATOR TELEDEBATDA NECƏ BİABIR OLDU

Oxşar hadisə ABŞ-da prezident seçkilərində namizədlərdən birinin televiziyada canlı çıxışı zamanı olub. Hazırda Texas ştatının qubernatoru olan Rick Perry debatda çox ehtiraslı çıxış edib. Çıxışı zamanı o bildirib ki, prezident olsa, hökumətin bəzi üzvlərini ixtisar edəcək. Ancaq sonrada nə deyəcəyini unutmuşdu:

«Sizə deyirəm, üç nazirlik var ki, onları ləğv edəcəyəm. Ticarət, təhsil və o birisi... Hansı idi? Qoy baxım. Hə, beş . Demək ticarət, təhsil və ....».

Herman Cain
Herman Cain
Auditoriyanın gülüşündən sonra aparıcı ondan inadla ixtisar edəcəyi üçüncü nazirliyin adını soruşur. Onun isə cavabı belə olur: «Üçüncü nazirlik? Hə, təhsil, ticarət, bir dəqiqə ... Yox, üçüncünü deyə bilmədim. Bağışlayın».

ADI DİLƏ YATMAYAN ÖZBƏKİSTAN

Bir vaxtlar respublikaçıların aparıcı namizədi olmuş Herman Cain isə bunları demişdi: «Məndən soruşanda Ubeki-beki-beki-beki-stan-stanın prezidenti kimdir, deyirəm ki, bilmirəm. Sən bilirsən? Mən bilmirəm. Sonra da deyirəm ki, bunu bilmək bəyəm iş yeri yaradacaq?».


NOBEL KOMİTƏSİNİN DİLEMMASI: ÖLÜYƏ MÜKAFAT DÜŞÜR, YOXSA, YOX?

Oktyabrın 3-də Nobel mükafatı immun sistemindəki tədqiqatlarına görə digər iki alimlə birlikdə kanadalı alim Ralp M. Steinman'a verilib. Mükafatı almamışdan iki gün əvvəl Steinman xərçəng xəstəliyindən vəfat edib. Nobel Komitəsi 110 illik tarixində ilk dəfə pis vəziyyətə düşüb. Komitə qısa müzakirələrdən sonra qərara alır ki, ilk dəfə mükafatı ölümündən sonra namizədə verməmək qaydasını istisna etsinlər. Bundan əvvəl mükafat ancaq yaşayanlara verilirdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG