Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:08

Sultan Mərzili. Tor quruldu, Rafiq ora düşdü


Sultan Mərzili
Sultan Mərzili
Sultan Mərzili


RAFİQ TAĞININ XATİRƏSİNƏ

Bu yaxınlarda baş verən hadisə, Rafiq Tağının faciəli ölümü, sanki onun həyatının məzmunundan doğan sonluq idi.

Onun həyatı faciəyə doğru gedən yol idi, başqa cür də bitə bilərdi, məzmun dəyişməzdi. Rafiqi mən lap gəncliyindən, hələ heç harda çap olunmamış vaxtlarından, ötən əsrin 70-ci illərindən. Ağacavad Əlizadənin məşhur ədəbiyyat dərnəyindən tanıyırdım.

O dərnəyin sərt tələbləri vardı, ordan qovulanlardan indi xalq şairi olanlar da var. Əkrəm Əylisli olmasaydı, bəlkə çoxlarının da adı itib-batmışdı.

Sonra tale bizi Moskvada qarşılaşdırdı. Ailə qurmuşdu, ilk övladının adını Leyla qoymuşdu.

Rafiq də da mənim kimi Azərbaycandan başını götürüb qaçmışdı. Deyirdi ki, küçənin o başında birini görəndə qaçıb gizlənirəm ki, mənə bir pislik edə bilər.

O qədər fağır insan idi. Moskvanın Lenin kitabxanasında çox günlərimiz olub. Qorki adına ədəbiyyat institutunu bitirənlər arasında çox azları o kitabxananı tanıyardı, amma ora bizim ikinci evimiz kimi bir yer idi.

Sonra da Moskvadan, Azərbaycana xas olmayan yadlıqdan bezdi, qaçıb gəldiyi yerə döndü.

Kitablarının bir hissəsini, yığıb apara bilmədiklərini mənə verdi. İndi mən də öz kitablarımla bərabər onun kitablarını kimə verməyi düşünürəm. Kitablar yetim qalacaq məndən sonra, indi kimdir kitab oxuyan?!

Sevinclərimizi, dərdlərimizi, yaradıcılıq fikirlərimizi bölüşərdik."İllüzion" kinoteatrında gürcü filmi olan "Nəğməkar quş" (Pevuçiy drozd) filminə birgə baxdığımız yadımdaır. Rafiqdə də elə xasiyyət vardı, özünü hamıya təmənnasız xərcləyən adam idi.

Ədəbiyyata sovet vaxtı özü gələn olmayıb, çox az istisna ilə. Kimsə kimisə gətirib, haqqı unutmazlar, danmazlar. R.Tağıya AYB-da kifayət qədər nüfuzu olan Elçin Əfəndiyev qayğı və himayə göstərirdi.

Sonralar araları sərinlədi, sistem dağıldı, hər kəs öz hayına qaldı. Rafiq Tağı ilk baxışdan o cür qəliz dili və üslubu ilə oxucu toplaya bilmişdi, onun öz auditoriyası vardı. Gənclər içində ağsaqqal, ağsaqqallar içində gənc idi.

Klassikləri bəyənməməyi şüuraltı olaraq özünütəsdiq üçün idi, bu da sadəlövhlüyün bir növüdür. Sən ha desən ki, Nizamidən, Füzulidən yaxşı şairsən, yazıçısan, hətta gerçəkdən də belə olsa, kimsə inanmayacaq. Necə ki tariximizdə Ulu Öndərdən ulu başqa birisi olduğuna inanmırlar.

Sabir-filan bəhanə idi. İbrahim bütləri qırmışdı ki öz inancını xalqa versin, gələn iqtisadi-siyasi gəliri də bir yerə toplasın. Klassiklər o zaman büt kimi qırıla bilər ki, yeni büt hakimiyyət sahibi olsun.

Adi can həkiminin, hətta cərrahın cəhdi faydasızdır. Burda onun yazıçı taleyinin faciəsi məqsəd və məramın parçalanması, haçalanması oldu.

Rafiq Tağı sövq-təbii elə bir mərhələyə çatmışdı ki, yazıçı çərçivəsinə sığmırdı, fikirlərini aforizmlər, kəskin ironiyalar, atmacalar və hətta qəzəbli söyüş-təhqir şəklində də yağdırırdı. Bədiilik publisistikaya, publisistika fəlsəfəyə və hətta siyasi iqtisada kimi arxdan daşıb qaçan su misalı dağılırdı.

Burda o minalanmış sahələrdə ayaqyalın qaçan insan təsiri bağışlaıyırdı. Siyasətin çirkin bir şey olduğunu subuta ehtiyacı yox, lakin bu dövrdə dinin də əxlaq normalarından çıxıb siyasi bir güc, ideya kimi fəaliyyəti faktdır.

Rafiq Tağı
Rafiq Tağı
Burda çox incə oyunlar gedir. Küfr sahibləri özlərini ətəklərində namaz qılınmalı kimi təqdim edir, sadəlövh, Allahını sevən fağırları isə onlara etiaraz etdikdə mürtəd dərəcəsinə aşağılayırlar və təcrübələri buna asanlıqla imkan verir. Əhli-küfr məzlumun onlara olan qəzəbini Allaha üsyan donunda yönləyib öz zülmlərinə bəraət qazandıra bilirlər, onlar bunun ustasıdırlar. Fariseylər Həzrəti İsanı küfr etmiş kimi qələmə verib dara çəkdirmədilərmi?!

Tor quruldu, Rafiq ora düşdü.

Peyğəmbəri və dini təhqir etmək danılmaz və bağışlanılmaz xəta idi, qəbahət idi həm də günah. Sonralar da səhvindən inadla peşimançılıq çəkdiyini etiraf etmədi. Bu onun son şansı idi. Sanki qəsdən bunu edirdi, rus ruletkası kimi oyunla ölümə acıq verirdi. Dostluğu müasir insanlarımız üçün R.Tağısayağı desək, yaltaqlıq üçün lisenziya kimi də başa düşənlər var. Yəni dostundursa, mütləq tərifləməlisən, səhvinə göz yummalısan, əslində bu düşmənçilikdir, dostu uçuruma yuvarlamaqdır.

Mən onun " Avropa və biz" yazısını uzun axtarışdan sonra tapdım, oxudum və çox məyus oldum, razılaşmadım, tənqid etdim. Mənə qarşı tənqid, təhqir, hətta söyüş göndərənlər də oldu. Dinə aidiyyatı olan insan olduğumdan o insanlara Allahdan əfv dilədim ki cəza verməsin.

Çünki haqsızlığını israr edənlər şeytanın hökmündə yazıq olmuşlardır, şeytanın gücünü öz gücləri bilirlər, amma şeytan onları uçurumun kənarında qoyub tərk edir... Mərhumun elə "həkimlərin" əlində ölə biləcəyini də yazmışdım.

Rafiq Tağının dəfn günü qar-boranı təsadüf bilənlərin özü də həyata təsadüfi gəlmişlərdir. Həyat kifayət qədər məzmunlu bir yaşantıdır, anlayanlar üçün əlbəttə.

Sokrat deyib ki, insanın ölümü yaxınlaşanda onun bəsirət gözləri açılır. R.Tağı da ona görə son günlərini tələsə-tələsə yaşayırdı, ölümünü duymuşdu. Ölüm heç vaxt birdən-birə gəlmir, o çox təcrübəli, kişiləri yoldan çıxara bilən əfsunkar qadın kimi işarələr, eyhamlar, qaş-gözlər edir, amma insan özünü laqeyd aparır.

Rafiqin kompüterindən elə yazılarının silinməyi təsadüfi idi, amma o həqiqət vardı ki, həyatını dəyişməsən, silinə bilərsən, axı yazıçının əsl həyatı elə yazdıqlarıdı.

Həkim kimi, yoldaş kimi, dost kimi saf, uşaq kimi sadəlövh adam idi, elə onun da bəlasına gəldi.

Belə baxanda Allah dünyada çox haqsızlıqlara dözəndir, bəlkə doğrudan da bağışlayandır, məsələn Osvensimi, Xocalını. Amma ən şərəfli peyğəmbərinin təhqirini kimsəyə bağışlamaz, bu hamıya görklük bir olaydır. Bunu hələ də anlamayanlar varsa o da realdır.

Bağışlayan Allahdır, bizlər kimik ki... Qoy ona rəhmət qapılarını bağlamasın!

Moskva

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG