Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:12

Böyük Bakı planı gələn il hazır olacaq


Böyük Bakının 2030-cu ilə qədər inkişaf planı gələn ilin ortalarında hazır olacaq. Bu ilkin variant olacaq və plan razılaşdırmalar üçün müvafiq qurumlara təqdim ediləcək. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Dövlətxan Dövlətxanov belə deyib.

«Gələn ilin ortalarına qədər Böyük Bakının inkişafının əsas konsepsiyası müəyyənləşdiriləcək, bundan sonra layihənin razılaşdırılmasına başlanacaq. Gələn ilin sonuna qədər isə biz layihəni təsdiq edilməsi üçün Nazirlər Kabinetinə təqdim edəcəyik».

Komitə plan üzərində işləyəcək 3 məsləhətçi ilə artıq müqavilə bağlayıb, 4-cü məsləhətçiyləsə danışıqlar gedir.

«Biz indi bu məsləhətçi ilə müqavilənin imzalanmasını gözləyirik, bundan sonra layihə üzərində iş tam sürətlə aparılacaq».

Dövlətxanov «Trend»ə açıqlamasında bu işlər üçün ayrılan vəsaitdən də danışıb:
«Böyük Bakının inkişaf planının hazırlanması üzrə bütün məsləhət xidməti paketinə 5 milyon dollar ayrılıb. Onun 4 milyon dollarını Dünya Bankı, təxminən 1 milyon dollarını isə ölkə hökuməti verib».

Sədr müavininin sözlərinə görə, Dövlət Layihə İnstitutu ilə 1,4 milyon manat dəyərində müqavilə bağlanıb.

Dövlətxan Dövlətxanov deyir ki, planın razılaşdırılması və təsdiqi 2013-cü ilə gözlənilir:
«Biz Böyük Bakı deyəndə Bakının 11 rayonunu, Sumqayıt və Xırdalanla birlikdə Abşeron rayonunu nəzərdə tuturuq. Bu, təxminən 250 min hektar ərazi deməkdir, halbuki 10 milyon əhalisi olan Moskva 106 min hektar ərazidə yerləşir».
XS
SM
MD
LG