Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:28

Prezident «Bakı Ağ şəhər» meqalayihəsinə start verdi


İlham Əliyev şənbə günü – dekabrın 24-də «Bakı Ağ şəhər» layihəsinin təməlqoyma mərasimində iştirak edib
İlham Əliyev şənbə günü – dekabrın 24-də «Bakı Ağ şəhər» layihəsinin təməlqoyma mərasimində iştirak edib
PREZİDENT: «DÜNYADA BÖHRAN, AZƏRBAYCANDA İSƏ MİLYARDLIQ LAYİHƏNİN TƏMƏLİ QOYULUR»

İlham Əliyev şənbə günü – dekabrın 24-də «Bakı Ağ şəhər» layihəsinin təməlqoyma mərasimində iştirak edib. O deyib:

«Bu layihənin bu il icrası ona görə əlamətdardır ki, dünyada indi iqtisadi-maliyyə böhranı hökm sürür. Bəzi mütəxəssislər deyirlər ki, böhranın yeni dalğası gözlənilir, bəlkə də başlamışdır. Bütün dünyanın maliyyə sektorunda böhranlı meyllər güclənir. Bəzi ölkələrdə iqtisadi böhran o həddə çatıb ki, insanlar küçələrə axışır. Pensiyalar, maaşlar kəsilir. Bütün infrastruktur layihələrinin icrası dayandırılır. Azərbaycanda isə biz böyük milyardlarla dollar həcmində ölçülən layihənin təməlini qoyuruq».

«Ağ şəhər» layihəsi Bakı buxtasının mərkəzində yerləşən, 221 hektarlıq ərazidə reallaşacaq. Bu yer həmişə «Qara şəhər» kimi tanınıb. İndisə orda inzibati və yaşayış binaları, müxtəlif ticarət mərkəzləri tikiləcək, istirahət parkları və yeni yaşayış mərkəzini dənizlə birləşdirəcək bulvar salınacaq.

Məqalə videonun altından davam edir



Layihə İlham Əliyevin xüsusi Fərmanı ilə təsdiqlənib. Baş məsləhətçisi Böyük Britaniyanın beynəlxalq layihələndirmə şirkətidir. Onun hazırlanmasında yerli mütəxəssislər də iştirak edib.

«BU LAYİHƏNİN ADI DA GÖZƏLDİR, MEMARLIĞI DA»

Prezident mərasim iştirakçılarına deyib:

«Şəhər içində şəhər yaradacağıq. «Ağ şəhər» layihəsi artıq bundan sonra icra edilməyə başlayır. Bu, ölkəmiz, şəhərimiz üçün çox əlamətdar hadisədir. Bu şəhərin adı da gözəldir, memarlığı, quruluşu da. Bu şəhərin Bakıda yaradılması rəmzi məna daşıyır. Çünki «Qara şəhər» ərazisində «Ağ şəhər» yaradılır».

«BU ŞƏHƏRİ ÖZƏL SEKTOR TİKƏCƏK»

«Bakı Ağ şəhər» layihəsi
«Bakı Ağ şəhər» layihəsi
İlham Əliyev deyib ki, layihənin reallaşmasında daha çox özəl sektor iştirak edəcək:
«Biz bilirik ki, investorlar gələcəklər. Çünki bu şəhəri tikən özəl sektor olacaq. Dövlət burada yalnız infrastruktur layihələrini icra edir. Burada metro stansiyası da tikiləcəkdir. Bütün xətlər, kommunal xidmətlər dövlət tərəfindən icra ediləcəkdir. Yollar və sairə. Bütün binaları, ofisləri özəl sektor tikməlidir və tikəcəkdir, həm yerli şirkətlər, həm xarici şirkətlər. Azərbaycan xarici investisiyalar üçün çox münasib bir yerdir. Biz bütün investisiyaları alqışlayırıq».

«AZƏRBAYCAN HÖKUMƏTİNİN VƏ PREZİDENTİN İMİC ANLAYIŞI HƏRDƏN ABSURDLAŞIR»

İlham Əliyev iqtidarının meqa layihələrini şərh edərkən iqtisadçı Natiq Cəfərli belə deyir. Onun sözlərinə görə, bu tip layihələr 2 məqsədə xidmət edir:

Natiq Cəfərli
Natiq Cəfərli
«Birincisi budur ki, Azərbaycan söz sahibi olduğunu göstərmək istəyir. Yəni dünyada böhrandır, amma Azərbaycan layihələrə böyük pullar qoyur. İkincisi, korrupsiya məsələsidir. Neft gəlirləri bu cür meqa layihələrdə mənimsənir. Əslində belə layihələr əsaslandırılmalıdır. Azərbaycanda bu əsaslandırma da, şəffaflıq da yoxdur».

«BÖHRANIN İKİNCİ DALĞASI GƏLSƏ VƏ NEFTİN QİYMƏTİ DÜŞSƏ...»

Ekspertin dediyinə görə, hakimiyyətin də etiraf etdiyi kimi növbəti il dünyada daha dərin böhran yaşana bilər ki, bu da iqtisadiyyatı neftdən asılı Azərbaycanda pis nəticələrə gətirər:

«Azərbaycan prezidenti və ya hökuməti güvənə bilməz ki, neftin qiyməti və ya hasilatı həmişə belə yüksək olacaq. Özlərinin də qeyd etdiyi kimi Avropada, dünyada böhranın ikinci dalğası yaxınlaşır. Bəzi ekspertlərə 2012-ci ildə 2008-ci il krizisindən daha dərin böhran ola bilər. 2008-ci ildə neftin qiyməti 33 dollara qədər endi. Siz təsəvvür edin, ikinci böyük dalğa gəlsə və neftin qiymətinə təsir etsə, onda Azərbaycanın iqtisadi inkişafı hansı vəziyyətdə olacaq? Neft hasilatı azalan kimi bu il Azərbaycan ÜDM-in artım tempinə görə MDB-də hamıdan geridə qaldı, hətta Ermənistandan da. Bu da sübut edir ki, Azərbaycan iqtisadiyyatı dayanıqlı deyil. Neftin qiymətindən və hasilatından asılıdı».

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG