Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:19

Ənənəvi gürcü ailəsində yeni il


Gürcüstan. Tbilsi
Gürcüstan. Tbilsi
Yeni ilin yaxınlaşması şadlıq və optimizmlə yanaşı ənənələrlə əlaqədar qayğılar da gətirir. Böyük, ənənəvi bir gürcü ailəsinin sahibəsi İrina Mexrişvili bu fikirdədir. O hesab edir ki, yeni ilin qoxusu evinin girişində yayılan təmizlik iyi ilə bilinir:

«Hər bir ev sahibəsi yeni ilə mənzildə təmizlik işləri aparmaqla başlayır. Onun ətri bütün binaya yayılır».

Mənzildə təmizləmə işləri başa çatandan sonra, Mexrişvili ailəsində ənənəvi ziyafət üçün müxtəlif yeməklər bişirilməsinə hazırlıq gedir. Bu işdə bütün ailə üzvləri iştirak edirlər:

«Bizim ailə bütün ənənələrə riayət edir və yeni il süfrəsində həmişə şirniyyat olur – çurçxela, qozinaki, quru meyvələr... Satsivini, donuz ətini ənənəyə uyğun olaraq bişiririk. Neçə ildir ki, bizim ailədə bir adət formalaşıb – məhsulları kişilər alıb gətirir, qardaşım və həyat yoldaşım. Həyat yoldaşım ət yeməklərinin hazırlanmasında daha çox iştirak edir».

İrina qozinakini nənəsinin resepti əsasında bişirir: balı bir neçə dəfə qaynadır, sonra onun içinə əvvəlcədən bir qədər qızardılmış fındıq əlavə edir və məhlulu qarışdırır. O deyir ki, bir kiloqram fındıq üçün 600 qram bal ayırmaq lazımdır. Bu, ənənəvi reseptdir. Mexrişvili ailəsində başqa bir adət də var. Bu, hər yeni ilin gəlişini nəvələrlə qarşılamaqdır:

«2007-ci ildə yeni il gecəsində İriri dünyaya gəlib, 2009-cu ildə Andriya və İviko, 2011-ci ildə isə balaca Niçi doğulublar. Növbəti il üçün də nəsə gözləyirik, bu davam edəcək bir prosesdi».

UŞAQLARA YENİ İL HƏDİYYƏSİ

Ailəsində 3 uşağı və 4 nəvəsi olan cavan nənə üçün ən böyük qayğılardan biri nəvələrini sevindirəcək hədiyyələr almaqdır. Yeni ildə uşaqlara hədiyyələr vermək də bu ailədə çoxdan mövcuddur. Uşaqlar balaca olandan belə olub: qonşunun əli ilə gözəgörünməz Şaxta baba qapının zəngini basardı və uzun müddət sirli qalardı:

«Oyuncaqları bükmürdülər və yolkanın altına qoymurdular. Bizim adətimiz belə idi: qonşularla ümumi koridorumuz var idi, onlar saat düz 12-ni vuranda qapının zəngini basırdılar. Biz qapını açıb görürdük ki, uşaqlar üçün oyuncaqlar və hədiyyələr var orda. Amma şaxta babanın özünü tapa bilmirdik. Hamı təəccüblənirdi ki, bəs kim gətirib hədiyyələri? Əlbəttə ki şaxta baba! Bəs o özü hardadır? O, başqa uşaqların da payını verməyə tələsirdi yəqin. İllər keçdi, mənim qızım 7-8 yaşlarına çatanda soruşmuşdu ki, mən artıq başa düşürəm ki, Şaxta baba deyilən kəs yoxdur, amma anlaya bilmirəm, bizim qapını o vaxtlar döyən kim olub?»

Yeni il arzuların reallaşması ilə əlaqədardır. AzadlıqRadiosu Tbilsi sakinləri arasında sorğu keçirib ki, 2012-ci ildə nələri arzulayırlar:

- Qoy yeni il xoşbəxtlik gətirsin, ölkədə insanlar bir-birini sevsinlər, bizim uşalarımız azad və xoşbəxt yaşasınlar.

- Sülh və əminamanlıq olsa, bütün ölkədə hər şey yaxşı olsa, mən çox xoşbəxt olaram.

- Yeni il həmişə arzularla bağlı bayram olub. Bütün il boyu saat 12 –də ürəyində tutduğun şeyi gözləyirsən. Bəzən unudursan. Amma bütün hallarda pozitiv əhval-ruhiyyədir. Mən bu il öz yaşıdlarıma uğurlu təhsil ili arzulayıram.
XS
SM
MD
LG