Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:23

«Bulistan» qrupu Bakını lüt görmək istəyir, hətta...


«Bulistan» qrupu
«Bulistan» qrupu
İstanbulda yaranan və virtual aləmdə görünən «Bulistan» qrupunun üzvləri AzadlıqRadiosunun «Can Bakı» proqramında olub. Onlar-- Camal Əli, Orxan AtaFerdi Eradır. Amma verilişə qulaq asarkən kimin Orxan, kimin Fərdi, kimin Camal olduğunu anlaya bilmədim. Odur ki, adsız yazmalı oldum. Üzrlü sayın.

--Lütfən, özünüzü tanııdın.

--Orxan Ata.

--Niyə Ata?

--Adım Orxan-Aleksandr Tanrıverdizadədir. A.TA

--Həm də atamızdır.

--Fərdi Era. Yaxşı söz birləşməsi alınır.

--Mən də Camal Əli.

--İstanbulda oxuyursunuz?

--İstanbul Sinema Akademiyasında oxuyurdum. Bu il bitirdim.

--Mən Fatih Universitetində idarəetmə oxuyuram. Amma rejissorluğa daha çox həvəsim var.

--Mən də universitetdə səs mühəndisliyi üzrə oxuyuram.

--Necə oldu bir qrup yaratdınız?

--Yığışıb tanış olandan sonra başa düşdük ki, bu insanlarla uzun müddət dost olacağıq. Nəticədə, maraqlı söhbətləri çəkib göstərmək qərarına gəldik.

--Adını niyə «Bulistan» qoydunuz?

--Təsadüfən oldu. Kimsə zarafat elədi ki, İstanbul-Bulistan. Ad qoymaq lazım gələndə də o qaldı. İstanbulu tərsinə çevirdik.

--İstanbulda tələbəçilik necə keçir?

--Super!

--Çox fərqlidir!

--Mən istərdim ki, 18 yaşı olan tələbəlik üçün İstanbulu seçsin.

--Tək yaşasın.

--Valideynsiz. Ev problemlərindən uzaq. Fərd kimi formalaşsın.

--Daha çox məsuliyyətli olursan.

--Azərbaycanı qıraqdan görmək həmişə əladır!

--SMS gəlib. Qrupun məqsədi nədir?—soruşurlar. Mesajı, publikası?

-- Publikası gənclər, məqsədi əyləncə! —Mesajı-- azad olun, əylənin. Özünüzü reallaşdırın.

--Bizim videoların mesajı əslində odur ki, çərçivələri qırın, cəmiyyətin, valideynlərin çəkdiyi çərçivədən çıxın.

ƏTRAF NƏ DEYƏR?

--Sizcə bizim gənclərə çərçivələri qırmağa nə mane olur?

--Ətraf.

--Qonşular. Qonşu nə deyər, ətraf nə deyər? Məsələn, belələri atasının yanında siqaret çəkmir. Anasının yanında çəkir, atasının yox...Bu hansı hörmət növüdür?

--Biz deyirik ki, səmimi ol.

-- Hamıyla necəsənsə elə ol.

--Bizimkilər böyüyün dediyinə ona görə əməl edirlər ki, qorxurlar böyüyəndə onlara da qulaq asan olmasın.

-- Biz isə deyirik ki, ənənəni bir qırağa qoyun. Görün özünüz nə istəyirsiniz?»

BİZİ SÖYƏN DƏ VAR

-- «Youtube»da yayılan videolardan sonra sizə reaksiya necə oldu, heç qarşı çıxan oldumu?

--Əsas odur ki, bitərəf qala bilmirlər. Qarşı çıxan da olur, hətta söyən də. ----Yola çıxanda bilirdik ki, belə şeylər olacaq.

--İlk video çıxanda «Facebook»da yazmışdım ki, millət bizi söyəcək. Söydülər də. Amma sevənlər daha çoxdur deyəsən.

--Planlarınız nədir—soruşur dinləyicimiz?

QISA FİLMLƏR ÇƏKMƏK İSTƏYİRİK

--Daha keyfiyyətli verilişlər hazırlamaq. Verilişlərdən əlavə qısa filmlər çəkmək istəyirik. Kino sektoruna girmək istəyirik. Amma vəsait yoxdur. Buradan səslənmək istəyirik ki, imkanlı şəxslər bizi tapsın.

--Ya da bizə mesaj göndərsinlər ki, biz buradayıq. Biz onları taparıq.

--Gənclərə qayğıdan ağızdolusu danışırlar. Amma biz bunu görmürük. Mən inanıram ki, biz istedadlı gəclərik. Əgər ölkədə 5-6 irəli çəkilməli qrup varsa, onun biri dəqiq bizik.

--İki məktub yazmısan--cavab gəlməyib...

HEYDƏR ƏLİYEV FONDUNA YAZMIŞAM

--Hara yazmısan?

--Heydər Əliyev Fonduna. Bir də Təhsil Nazirliyinə. Nazirliyə ikinci təhsillə bağlı, Fonda isə filmimizin ssenarisini göndərmişdim ki, vəsait ayırsınlar. Çox cüzi vəsait lazım idi.

--Nə cavab verdilər?

--Bir aydan sonra cavab verdilər. Amma nə «hə» dedilər. nə «yox».

--Seymur yazır ki, daha nələrə etiraz edirsiniz? Ancaq milli ənənələrə? Bəs siyasi stereotiplərə etiraz etmirsiniz?

--Edirik, edirik! Narahat olmayın...

ATADAN-OĞULA KEÇƏN HAKİMİYYƏTİ...

--Məsələn...

--Məsələn, mən özüm atadan oğula keçən hakimiyyəti qınayıram.

--Parlamentdə dırnaqarası müxalifət olmasını qınayıram.

--Minimum əmək haqqının azlığını qınayıram. Çox şeylər var...

--Və bütün bunlardan sonra ümid edirsiniz ki, Fond sizi maliyyələşdirəcək?

--Yox. Ümid etmirik.

--Axı məktub yazmısınız...

--Gərək əvvəl yazasan ki, cavabı biləsən. Bunu deyirik ki, özlərini göstərsinlər. Bu qədər danışırıq onlar haqqında, biri qınayır, biri tərifləyir. Səhv deyiriksə, gəlsin desin al bunu, get kinonu çək! Bu onlar üçün böyük pul deyil, amma bizim üçün böyük puldur. Onlar haqqında fikrimiz dəyişə bilər. Bunu gözləyirik. Amma hələ ki, heç kimdə hərəkət yoxdur.

--Bir dinləyicimiz yazır ki, «Youtube»da 11 martla bağlı müraciətiniz olub. Bu, doğrudurmu?

-- Bulistanla əlaqəli deyildi, şəxsən özümün müraciətiydi.

ÖZÜMÜZƏ GÜVƏNİRİK!

-- Gülnar yazır ki, niyə özünüzdən belə razısınız? Niyə sizə elə gəlir ki, qarşınızda bütün qapılar açılmalıdır? Hansı xidmətlərinizə görə?

--Özümüzə güvənirik. Yəqin o üzdən razı görsənirik.

--Özündən razı olmaq heç də pis şey deyil.

--Bu özündənrazılıq deyil, əminlikdir.

--Özümüzə güvənməsəydik, bura gəlməzdik. Deyəcək sözü olan adam özünə güvənər!

KOSTYUM-QALSTUK—QARA GÖDƏKCƏ

--İstanbulda yaşayırsınız və zaman-zaman Bakıya dönürsünüz. Fərq nə qədər sarsıdıcıdır?

--Sizə deyim ki, Türk gəncliyi də elə ürəkaçan deyil—ideyalı gənclik deyil. Amma bizə nisbətən fərqliliklər var. Məsələn, bizim tələbənin kampusu (tələbə şəhərciyi) yoxdur. Bizdə universitetin yanından keçəndə, elə bilirsən hamı toya gəlib. Kostyum-qalstuk, klassik ayaqqabı, qara gödəkcə.

--Bizdə mahiyyət yoxdur, görüntü var. Bir-birlərinə nə isə göstərməyə çalışırlar. Heç universitetin də mahiyyəti yoxdur. Gənclik də universitetdə formalaşır.

--Azad söz universitetlərdə deyilir.

--Bakıda bu qədər binalar tikilir. 4-5-ini dövlət alıb universitetlərə bağışlasa, tələbə də valideynindən ayrılıb orada yaşasa nə gözəl olar. Həm öz gəncliyini yaşayar, həm də tək yaşamaq nə deməkdir—bilər.

--Mən şəhərliyəm, amma evimdən kənar yaşayıram.

ŞƏHƏR ÖLÜDÜR

--Gecələr şəhərə çıxırıq. Amma şəhər ölüdür, heç kim yoxdur. Amma İstanbulda gecələr şəhər qaynayır.

--Mən eşitmişəm ki. bizim Bakıda da, elə «Torqovı»da gecələr şəhər qaynayır...

--Ola bilər konkret bir-iki yer var, orada musiqi var. Gecə həyatı əslində o deyil axı.

--Gənclərin gedəcəyi gecə klubları yoxdur. Əylənməyə yerləri yoxdur.

--Ümumiyyətlə biz Bakını əskik görürük.

--Nəyi əskikdir?

--Çox şeyi. Məsələn, mən Bakını küləksiz görmək istəyirəm!

BAKINI POLİSSİZ GÖRMƏK İSTƏYİRƏM!

--(Gülüşmə) Küləklər şəhərini küləksiz görmək istəyirsən? Bu mümkünsüzdür!

--Qara gödəkcələrsiz görmək istəyirəm!

--Şəhərdə qırmızı gödəkcəlilərin olmasını istəyirəm!

--Bakını polissiz görmək istəyirəm!

--İstəyirəm hamı rahat yaşasın, sərbəst olsun. Buna imkan versinlər. Kitab oxumaq istəyənləri dağıdırlar. Biz hansı cəmiyyətdə yaşayırıq?

--Küçə musiqiçilərini qovurlar.

--Belə mühitdə çətindir yaşamaq.

--Araz yazır ki, polis deyəndə əxlaq polisinimi nəzərdə tutursunuz?

--Asayişi qoruyanları...

--Araz yenə soruşur ki, efirdən sonra hara gedəcəksiniz?

--Evdəyik. Gəlsin evə.

--Olmaya İstanbuldan gələndən evdəsiniz?

--Hara gedək? Siz deyin?

BAKI BAHALIQDIR

--Heç demirsiniz ki, hər yer bahalıqdır...

--Əlbəttə, bahalıqdır. İstanbulda da bahalıqdır. Amma orda əmək haqları da yüksəkdir.

--İstanbulda necə yaşayırsınız? Qənaətlə? Əsl tələbə kimi?

--Hə, qənaətlə...

--Tələbə həyatı...

--Bizim haqqımızda xəbər çıxmışdı ki, masonlar tərəfindən maliyyələşirik. Bizim 10 gün makaron yeyib-su içən günlərimiz olub. Demək, Qərbin maliyyələşdirdiyi makaron yeyir?

--Onu—makaron yeməyi özümüz də bacararıq. Qoy başqa şey eləsinlər.

--Bir dinləyici son mahnınız haqqında danışmağınızı, bir də, planlarınızı bilmək istəyir.

--Bizim son mahnımız çox sonra yazılacaq. (gülüşmə)

--Hələ qarşıda çox mahnılar var.

--Sizi tanımayanlara özünüzü necə tanıdardınız?

--Biz Azərbaycanda doğulub-böyümüş gənclərik. İstanbulda tanış olmuşuq.

--Biz yox da. Mən Moskvada doğulmuşam (Bu, Orxandır).

--Hə. Yığışıb fikirlərimizi bölüşmüşük ki, bizim ölkəmizin gənclərinin həyatında nə düzdür, nə səhvdir. Və bu barədə 3 video eləmişik. Fəaliyyət davam edir. Ya «Bulistan», ya da «Mentalitet» yazsınlar «Youtube»da, tapacaqlar.

--Bir dinləyicimiz yazır ki, Səddam» mahnısının sözləri kimə aiddir? Elə bil ağzınıza gələni oxuyursunuz...

--Mahnının sözləri ortaq yazılıb. Elə ağzımıza gələni də oxuyuruq.

--Həqiqətən də elədir.

--Mənimçün oxuyarsınızmı?

-- «Masonların buynuzunda Səddam,

--Qartalın quyruğunda Səddam.

--Qarışdır, təzədən payla, Səddam,

--Oynayaq iqtidardan bu dəfə, Səddam!

--Sən udsan--sən qalırsan,

- Mən udsam, itirirsən, Səddam! (gülüşmə)

BAKINI LÜT GÖRMƏK İSTƏYİRƏM

--Mentalitetlə bağlı videonu gördüm. Bir az ondan da deyərsinizmi?

--Camal deyir mentalitet ciyər qovurmasıdır.

--Mənim mentalitetlə bağlı fikirləşdiyim ən son şey odur ki, mən Bakını lüt görmək istəyirəm...

-- Hmm...Yəni deyirsiniz ki, Hacıbala müəllim buna icazə verər?

--Hətta biz onu da lüt görmək istəyirik!

--Aman Allah! Elə deməyin! Canlı yayımdasınız!!! (Gülüşmə)

--Məncə bir dəfə özü də özünü lüt görsə yaxşı olar.

--Onda verilişi bitirim... AzadlıqRadiosunu dinləyənlərə son sözünüz?

--Öpürük-qucaqlayırıq. Hamı əylənsin. Kef eləsin. Gəncliyini yaxşı yaşasın ki, qocalığında peşman olmasın.

--Çoxlu səhvləri gəncliklərində eləsinlər.

--Biz buralardayıq.
XS
SM
MD
LG