Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:46

Şeir yoxdur, şeir qurtarıb!


Cavanşir Yusifli
Cavanşir Yusifli
"Oxu zalı"nda başladığımız "Postmodernizm" layihəsi çərçivəsində tənqidçi Cavanşir Yusiflinin yazıları


CAVANŞİR YUSİFLİ

POSTMODERNİST KİMDİR?

(4-cü yazı)

əvvəli burda

Bədii mətnin təhlilində, bəzən elə olur ki, diqqət bütünlüklə süjet, təhkiyə.... kompozisiya üzərində cəmləşir, bu təsadüfdə bədii əsərin məzmunu reduksiyaya uğrayır və bunun nəticəsində onun fəlsəfəsi, içindəki sonsuz variantlar, dünya və gerçəkliyin bu baxış bucağının altında qalıb əzilən tərəfləri üzə çıxır.

Yəni, “reduksiyaya uğrayan məzmun” yeni məzmunlar doğurur, növbəsi çatanda bunlar da ölür, bədii mətn bu əbədi ölüb-dirilmə aktı nəticəsində ya yaşayır, ya da kompüter sistemindəki “back up” faylı kimi yaddaşın arxivinə köçürülür.

Bu hadisə milli ədəbiyyatın taleyində də özünü göstərir, bir əşyanın, hadisənin tərs üzünə çevrilməsi, küləyin, xışıltının... istiqamətinin dəyişməsi, hamını “idarə edən” düşüncənin qarşısına maneələrin qoyulması yuxarıda deyildiyi kimi yeni reduksiya imkanları açır.

Bütün bunlar, müəyyən mənada anatomik teatrdakı preparasiyaları xatırladır.

Keçən əsrin doxsanıncı illərinin sonundan etibarən bu hadisənin rastlanma tezliyi artdı, ümumi poetik sistemdəki nizam pozuldu, bütün aləmi xaos bürüdü, düzdür, bu xaos indinin özündə də “durulmayıb”, insanlar az qala nə yazdıqlarının fərqində deyillər, əksər hallarda “yeni məzmun” çalın-çılpaq şəkildə təqdim edilir, yeni estetika, yeni ifadə üsulları, nəhayət yeni poetik sistem, sadəcə, nəzəri ehtimal kimi havada yellənir.

Əslində ənənəvi ifadə üsullarından imtina, onların üzünün astarına çevrilməsi

Səməd Vurğun və Rəsul Rza şeirinin bütün əksliklərinə baxmayaraq onlar bədii şüurda hansısa bir nöqtədə üz-üzə gəlib, konflikt yaradıb milli poetik ənənədə yeni cəbhə açmağa imkan yaratmadı. Bu işi, bu funksiyanı fikrimcə, Əli Kərim yerinə yetirə bildi.
müəyyən müddətdən sonra bunların hər ikisini içində əridib həll edən yeni poetikanın yaranması ilə müşayiət edilməlidir.

Məsələn, Səməd Vurğun və Rəsul Rza şeirinin bütün əksliklərinə baxmayaraq onlar bədii şüurda hansısa bir nöqtədə üz-üzə gəlib, konflikt yaradıb milli poetik ənənədə yeni cəbhə açmağa imkan yaratmadı.

Bu işi, bu funksiyanı fikrimcə, Əli Kərim yerinə yetirə bildi. İstənilən milli ədəbiyyatda, bədii fikirdə bu problem istədin-istəmədin meydana gəlir və burada konkret məhsuldan çox, hadisənin özünün doğurduğu rezonans, yeni bədii mətnlərin yaranmasını şərtləndirən TƏKANIN özü böyük funksional əhəmiyyətə malik olur.

Ədəbiyyatda yeni bir şey yarandıqda onun ilkin görünüş əlaməti, şübhəsiz ki, onun görkəmi ilə bağlı olur, yəni, yeni şey ənənə ilə müqayisədə həmişə bir az solğun görünür.

Bu mətndə çapılıb-atılmış yerlər, elə bil yüz illərin mübahisəsi nəticəsində “bir sinif kimi ləğv edilmiş, kökü kəsilmiş” metaforaların yeri görünür. Rolan Bart “Yazının sıfır həddi”ndə elə bunu yazırdı: “Klassik nitq kontinuumu eyni sıxlığa və eyni emosional təsirə malik olan elementlərin ardıcıllığıdır”.

Klassikadakı bu metod, eyni gücə malik olan elementlərin sapa düzülməsi müəyyən müddət keçdikdən sonra sapın qırılmasına səbəb olur, dənələrin töküldüyü yerdən yeni hadisələr boy atır.

Rolan Bartın bir ifadəsi xüsusi olaraq dəqiqdir: ...belə olan halda fərdi-intim, elə bil ki, ilk dəfə peyda olacaq mənanı yaratmaq cəhdinin qarşısı alınır.

Poetik leksikanın özü yaradıcı aktla deyil, sözlərin adəti yerində işlədilməsi ilə təyin edilən leksikadır: burada orijinallıq ayrıca götürülmüş metaforaya deyil, bütövlükdə metafora sisteminə xasdır, burada yaradıcı başlanğıc deyil, ənənə hakimdir.

Bax, buna görə də klassik şairin məqsədi həmişə təzə, parlaq, rastlanmayan sözləri axtarıb tapmaqdan ibarət deyildi, bu sözləri ənənədən gələn tələblərə uyğun olaraq yerləşdirməkdən, əlaqələrin simmetriya və dəqiqliyinə fikir verərək mənanı şer ölçüsünə düşənə qədər sıxmaqdan ibarət idi.

Klassik təfəkkürün parlaqlığı ilə bağlı məsələ məhz sözlər arasındakı mənaya yetişdiyi zaman peyda olur: bu aləm icad yox, ifadə aləmidir. Klassik poeziyada onlar (sözlər) incə və dekorativ nizamın tələblərinə tabe olaraq səth üzərində düzülürlər.

Bizi onların gücü və gözəlliyi deyil, vəhdəti heyran edir...

Keçən əsrin doxsanıncı illərindən etibarən poetik mətndəki bu vəhdət pozuldu.

...Azərbaycan!
Çiçəklənən respublika, şanlı diyar!
Sənə bir çox məhəbbət
Sinəmdə tutmuş məkan!
İç qanımı, al canımı
Uğrunda
Cümlə gənclər müştaqdır!
Qardaş sovet ölkəsində
Həm Anarsan, həm Bəxtiyar!
Azərbaycan!
Azərbaycan!


(Zahir Əzəmət)

Bu mətndə köhnə şeirin havası bütünlüklə qovulub, bu tipli mətndən şübhəsiz ki, ləzzət almaq, sözlərin düzülüşünə heyran olmaq mümkün deyildir.
Başqa bir şerdə “balta” daha dərinə işləyir:

- El bilir ki, sən mənimsən –
Deyir Qarabağ erməniləri,
- Yurdum, yuvam məskənimsən!
Hər gün kabab çəkirlər Cıdır düzündə
Zövqlə.
Biz isə elliklə yapa üzv olub
Xor oxuyuruq şövqlə:
- Ayrılarmı könül candan,
Azərbaycan, Azərbaycan!

Köhnə şeirdəki simmetriya da lağa qoyulur: zövqlə, şövqlə...

Bəs onda şeir hanı? Kimsə bunu soruşa bilər. Cavab sadədir: şeir yoxdur, şeir
Zahir Əzəmət
Zahir Əzəmət
qurtarıb. Amma biz hələ də olmayan şeyi axtarırıq. Bizdə ancaq şeir bülbülləri var. Dəli-divanə görkəmində çöllərə düşüb özlərinin də inanmadıqları duyğuları nəzmə çəkib dururlar. Bu, artıq taleyin istehzasıdır.

Kimyəvi elementlərdə olduğu kimi, bədii mətndəki sözlər də valentlik xüsusiyyətlərinə malikdir və əgər ənənəvi şeirdə sözlərin düzümü ilə hərəkətin musiqililiyi nəzərə çarpdırılırdısa, yeni şeirdə həqiqətin (çox zaman qupquru) ifadəsi önə keçir: bir az publisistik, bir az mistik tonla:

Ay bütün doğdu. On iki nəfər səhnəyə çıxdı.
Burda çox şeyə işarə vardı: on iki aya,
On iki bürcə, on iki şahidə, on iki həvariyə
On iki vəkilə, birə, ikiyə, saat on ikiyə.
Bir də səhnəyə çıxın on iki kişiyə.
Rəqqas idi onlar,
Bədirlənmiş ayın altında oynayırdılar.
Baş, əllər, ayaqlar və bütün əzalar titrəyir,
Qopub düşəcək kimi əsirdi.
Yəni, aqibət qabaqcadan bəlliydi...


(Səlim Babullaoğlu)

Çılpaq bəyanatlarla başlayan yenilik sözün valentliyini, mənanın, yaxud mənaların ən müxtəlif istiqamətlərə doğru can atma imkanlarını, klassik poeziya ilə əlaqələrin yeni kontekstdə bərpası, bir an əvvəl vurub yıxdıqlarına yeni görkəm vermək və sair hadisələrlə müşayiət edilir. Bu proses qarşısında sırf heca şeirini yazan, taleyi az qala qafiyələrdən asılı olan şairlər də necə deyərlər, sərbəstə keçdilər.

Bu işin ən önəmli cəhətlərindən biri bu oldu ki, asan keçid eləyən yazarlar bu keçidlə şair varlıqlarına da son qoydular.

Hecada dediklərini sərbəstdə nağıllayan şairlər elə bir dövr gəlib çatdı ki, bütün gündəmi zəbt etdilər, bu fiqurların mətnləri bir neçə xarici dilə tərcümə edildi, ancaq bu heç bir effekt yaratmadı, yeni söz ara-sıra ən son nəslin nümayəndələrin dilindən eşidilməyə başlandı, Ruhi Bağdadinin bir bəndində olduğu kimi:

...Kimi batində edər seyr, kimi zahirdə,
Kiminin mənzili dərya, kiminin sahildir...


Qismətin şeirlərində müasir dünya şeirinin ən son tapıntıları ilə bərabər klassik şeirin havasından gəlmə qəribə bir mistika var. Ancaq məsələ burasındadır ki, o mistik, duyulan, ancaq əlini üzərinə qoymaq istədikdə yoxa çıxan bu halənin yerini nişan vermək bir elə asan deyil.

Həyat
Onun gözlərində
Zibillikdə tapdığı
Almanın dişlək yeri qədər boş...
O hər an tapdığı almalar qədər sərxoş.
Saqqalı
Qızların mini ətəklərindən uzun
Ümidsizliyindən qısa...


“Bomj, Füzuli və ölü siçanlar” adlanan bu şeirdə dinamika misrada, təqtidə, lap elə misralar arasındakı “maqnit sahəsində” yox, axtarmadığımız bir məkandadır.

Bu, kadr arxasından gələn səsin dinamikasıdır, belə olduqda misralar arası polyar sahəyə necə deyim, güc az düşür, bu səs, fizika dili ilə desək, “körpünü xilas edən rezonansa” bənzəyir.

Ətrafa müxtəlif cingilti səsləri, səs-hənir, içdən duman kimi gələn ah deyil, təmiz hava yayılır. Bu şeirin sonunda bir xilas olma, bir yüngül hava var.

Qismətin kitabında köhnə lisanla desək, ictimai ruhlu şeirləri də var. Elə “Vitrin” bu qəbildəndir.

Mişel Uelbekin məşhur essesini yəqin ki, oxumusunuz. Bu şeiri bizim ənənəvi ictimai ruhlu şeirlərimizdən fərqləndirən əsaslı məqam məzəmmətin, baş alıb gedən riyakarlıqların... anbaan izlənməsi ilə paralel, onların adi mənzərə kimi seyr edilməsidir.


Deyilişin tonu, münasibətin tipi elədir ki, mətn deklamasiya çərçivəsindən çıxır, ittiham aktı olmur, yəni bu hər gün baş verən hadisələrin ruhumuzda kəsişmə yeri deyilən fikirlərə nöqtə qoymur, alt qatdakı dərin məzmunun üzə çıxmasına yardımçı olur.

Klassik şeirdəki “ikimərtəbəlik” burada da özünü göstərir, bir mərtəbədə seyrçi təsvir, o birində heç kəsə sırımaq istəmədiyin düşüncələrin.

Qismətin səmimiliyi, onun hadisəyə, təsvirə münasibətində aydın şəkildə nəzərə çarpır.

Bu proses güney Azərbaycan şairlərinin yaradıcılıqlarında da bir az başqa planda özünü göstərir.

Bu kontekstdə onların özlərini necə ifadə etmək istədiklərini anlamaq üçün Hadi Qaraçayın Seyid Heydər Bayat haqqında yazdığı məqaləyə diqqət yetirmək kifayətdir “...Şair xitabəçi deyil, kəsinliklə deyil. Siyasətçi deyil, profesyonel olaraq deyil, psycholog deyil, filosof deyil, boyaçı deyil, heykəlyonan deyil...ancaq bunların hamısıdır. şeiri amaclayıb gedən şair, yolunun sonunda arabasının qızıl pedalına şeir yazar, olanları olmuş, keçənləri keçmiş tutar, “özüm” deyə-deyə gəlib, qarnının qurultusuna da bir şeir ithaf edər, uzağa gedəni Ultraist olar, qurtarıb gedər. Yazın, ədəbiyyat daha geniş bir dünya olsa gərək. İşlətdiyin metod nə olur olsun, qurduğun qurğu, teknik nə olur olsun, deməyə sözün varsa varsan, yoxdursa, nə metod, nə teknik səni yaşatmayacaq...”.

Qarğanı duymaq

fəlsəfə sona yetdi
qarğa qanadlanırdı
zili
Əsfar kitabının üstündə
Kəhəkdən daha oyanlıq bir çayda
nə Bəlxə baxdı
nə Söhrəvərdə
qar, qar, qar!
nə daşlara bir söz dedi
nə kollara
hamısı da eşitdilər
mən də
mən fikrə getdim qarğa nə deyir?
daş, daş idi
kol, kol
amma mən
mən deyildim
bəzənmiş duyğumda
yerin
boş görünürkən
duyğum gücənməkdəydi
qarğanı duymağa


Bu şeir bir qayda olaraq Bayat bəyin ən yaxşı mətni kimi nümunə gətirilir. Və bir çox qələm əhli, o sıradan Hadi Qaraçay şairin kitabı və şeirləri üstünə çox maraqlı bir yazı yazmışdı və xüsusən bu məqalədə bu mətnlərin özəlliyi haqqında çox dəqiq mülahizələr söylənmişdi. Ancaq mən o dəqiq fikirlərin fonunda bir neçə ştrixi qeyd etmək istərdim.

Bu mətnlərdə hamının bildiyi, amma olsun ki, heç kəsin görmədiyi bir nöqtə var, ona toxunan kimi sistem açılır, göz önündə gözləmədiyin halda ən müxtəlif duyumlar, deyimlər və ən əsası mətləblər peyda olur. “Qarğanı anmaq” şeirində bu məqamın, yaxud nöqtənin işartısı bir az zəifdi, üzdə deyil, mətnə eyham, ironiya, dünyanı anmağın metafizik-fəlsəfi müşkülləri sıralanır.

Şeiri ayrı-ayrı semantik seqmentlərə bölməli olsaq (şərti olartaq-!) ilk misra (...fəlsəfə sona yetdi) bır məna vahidinin bətnində iştirak edəcək, açıq və gizli (latent) formada. Ancaq bütün seqmentlərdə dominantlıq təşkil edən anlamamaqdı.

Seyid Heydər Bayatın mətnləri normal oxucunu və tənqidçini (-!) izaha varmaqdan uzaqlaşdırır, ona işarə kimi heç bir tutalqac da vermir, sadəcə qarşısında bir-birini tamamlayan, çarpaz kəsən və bu halında da qovuşma yerləri görünən mənzərələr açır. Bu “kəsiklərdən” hansı modeli yaratmaq artıq sənlikdir.

Fikrimizcə, dünya ədəbiyyatının ən kamil nümunələrinin mayasında məhz belə bir poetik prinsip dayanır. Belə mükəmməl nümunələrdə bütün təsadüflərdə əslində “olmayan işlər oluşur”, baş verir, ağlın dirəndiyi məntiqin köynəyini cırır, elə bir aura yaradır ki, cisimlərin, əşyaların, insanların... doğmalığı və yadlığı, onların ən müxtəlif keyfiyyətləri bir xəttin üstünə yığılır, oxuya bildinsə, bu xətt zaman içində formasını tapır, sənə qaibdən dürlü-dürlü mətləblər söyləyir.

Bildiyimə görə Bayat bət qədim mətnlərin bilicisidir, onların bərpası, yazıya alınması və sair işlərlə məşğul olur.

Bəlkə buna görədir ki, şeirində bir obrazın - metaforanın bətnində oxuyanın açmalı, düşünməli olduğu çoxlu qatlar, nüanslar var. Yuxarıda nişan verilən məqam - nöqtə eynən bu mətləbin içindədi- qarğa, Əfsar kitabı, Kəhəkdən daha o yanlıq bir çay...
Səlim Babullaoğlu
Səlim Babullaoğlu
yay dartıldıqca metaforanı bəlləyən pərdələr gəlir, ancaq bunlar sadəcə paralel cərgələrdə sıralanır, belə deyək, "uzaq" anlayışı sadəcə bildiyimiz uzaqları yox, bəlkə onun "sərhədlərindən" o yanı (Kəhəkdən daha o yanlıq bir çay..., səfərdən daha o yanlıq bir səfər...) göstərir, inadla təsəvvürlərimizin "bitdiyi" yeri, bir sözlə bu dünyada mövcud olan hər şeyin sınırlarını genişləndirməyə cəhd göstərir.

Elə hadisələr baş verir ki, deməklə deməmək, eşitməklə eşitməmək arasında sərhəd itir, bütün nəsnələr "süd yolundan" - təxəyyül kəhkəşanının sərhədindən keçir.

Seyid Heydər Bayat bəyin ikinci şeirinə baxaq.

Bu ölkə

Boynumu qucaqlamağa
Bilirəm
Boyun çatmaz
Bu ölkənin dar ağacları
Ucadır
...
Belə ki darları uca qururlar
Son görüşdə
Boyunumu qucaqlamağa
Bilirəm
Boyun çatmaz


Hümmət Şahbazinin şeirləri bu gün ədəbi prosesdə mövcud olan bir çox qüsurları anlamaq baxımından da önəmlidir.

Hümmət şeirlə nəyəsə tərif vermir, onun bədii boyalarla konturlarını aydınlaşdırmır, sözün, mətləbin bətninə nüfuz etməyə çalışır və tapdığını ürəyində min illərdi susan DİLİN içində gizlədir.

Bu hal bizi şeiri dəfələrlə oxumağı tələb edir, ona görə yox ki, anlaşılmır, ona görə ki, bunu HÜMMƏT yazıb və onun daxilində dilimizin yalnız yuxumuza gələ bilən pıçıltıları var.

Bu ona görə belədir ki, Hümmətin sözlərində mənanın, bədii məntiqin öyrəşmədiyimiz aspektləri mövcuddur.

Diqqət yetirin, bu sözlərə baxış, yaxud, belə deyək, sözlərin içindən dünyaya baxış zəif nüans şəklində olsa da elə bil ki, ayrıdır, elə vəziyyətdədir ki, düşünməyə sövq edir, ancaq oxuya-oxuya deyil, oxuyub qurtardıqdan sonra!

Bu cüzi fərq düşüncəndə təbəddülat oyadır, belə deyək, şeirdən – mətndən ayrılıb “çayın qıvrımını” təsəvvür etmək istəyirsən.

Yeri gəlmişkən eyni prinsip Rəsul Rzanın “Ərk Qalası ” şeirində də izlənilir – kiçik bir məkanın içinə bütün dünyanın daşınması, balaca bir məkanda bütün dünyanın, ona aid edilən mənaların ələk-vələk edilməsi, birdən, qəfildən pəncərə açılır və hər şey çölə sovrulur – bu “qəza” nəticəsində dünyaya gələn hadisələr, ştrixlər, nüanslar özlərini tam fərqli formada göstərirlər.

Hər şey birdən başlayır və anidən min il qabaq dünyada gedən proseslərə qoşulur, nəyin qədim, nəyin indi baş verməsini heç kəs kəsdirə bilmir…

Ayla solan gündüzəm
Günəşlə açan
Ayla solan gündüzəm.
Bu gündüzün ürəyində
Qaralan ləkəyəm.
Bu gündüzün saçında
Ağaran dənəm.
Dimdiyində
Qızaran diləyəm.
Və gövdəsində
Qanadlanan həyat.
Bu gündüzü gözətləyən bir gözəm.
Günəşlə açan,
Ayla solan gündüzəm.


HADİ QARAÇAYın şeirlərində bütün obrazlar “su altından” görsənir, obrazlar, bənzətmələr göz önündə durub diqqəti məşğul etmir, insanı mətləbdən yayındırmır. Hadinin şeirindəki sözlər “çılpaqdır”, “paltarsızdır”, ədəbi dilin, ədəbli danışmağın tam olaraq kənarındadır, bu mətn parçasında tələffüz - fonetika “əyilir”, normadan qaçır ki, düz hədəfə vursun, daha doğrusu ürək çırpıntısı ilə bir vursun; və beləliklə ən köhnə sözlərin qalıbında ultra-müasir texnologiya öz işini görür, fikrin, emosiyanın ifadə üsulu, sürət təşnəliyi bu mətnin açıq sistemə çevrilməsini dərindən dərinə şərtləndirir.

Barışdan dedilər
Gözlərimə baxa-baxa
Boyuma qarğı biçənlər
Əlimin ağında
Alnımın qarasını oxudular
Və susuzluğun qutsallığını buldular
Bardağımda su içənlər...


Sözlər arasındakı semantik keçidlər, bir-birinə çulğaşma, bu keçidin gözlərimizin önündə baş verməsi mətndən kənar gerçəkliyi də öz kapsamına alır, diqqət yetirin: bu parçadakı “boynuma qarğı biçənlər...”, “əlimin ağı”, “alnımın qarası...”, “bardağımda su içənlər” və yaşıl budağın üstündəki tumurcuqların su bardağına bənzəməsi... əslində Hadinin bütün şeirlərindəki mənaları, semantik daşqınları birləşdirir, hislər, duyğular bir məcrada birləşir, bir mətndən o birinə keçid o qədər asanlaşır və şeirin özü bir struktur vahid kimi o qədər şərtliləşir ki, bir misranın hansı şeirdən, hansı mətndən digərinə qonması, qanad çalması, göyə millənməsi aydın olmur.

Bu mənada Hadinin bütün poetik mətnləri bir nöqtədə birləşir, bütün şeirləri bir mətn kimi oxunur. Onları sevdiyin, xoşladığın ardıcıllıqla oxuduqda bu fikrin doğruluğuna inanırsan.

Muğan buğdasına yerikləyən torpağın yazı
Ərdəbil xalçasına yenmiş ormanın güzü
Savalanın südəmər döşü mən!
Çala çalımlı
Beli qılınclı
Süd qoxulu doğunun
Yopu yumru qoçuyam mən
Anam şaman olub
Atam ozan
Çay dənizdən
Ağac bağdan
Daş dağdan danışıb
Mən səndən
Göyçə gölünün çiçəyi gözün
İsıq gölünün ördəyinə çəkər boynun....

(ardı var)

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG