Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 11:42

İşləmişəm, pulumu verin!


Foto: Arxiv
Foto: Arxiv
Elektronika, yeni texnologiya üzrə mütəxəssis olduğunu deyən Səməd Səfərov AzadlıqRadiosunun «Qaynar xətt»inə şikayət edib. Deyir, Salyan rayon İcra Hakimiyyətinin sifarişi ilə şəhərin girəcəyində monitor quraşdırma işləri görüb. İndi icra hakimiyyəti çəkdiyi zəhmətə görə ona ödəməli olduğu 1800 manatı vermək istəmir:

«AYLARDIR Kİ, GEDİB GƏLİRƏM, ZƏHMƏT HAQQIMI VERMİRLƏR»

«Monitorun quraşdırılması 6 gün çəkdi. İşləri bitirmişdim, qalmışdı cərəyan buraxıb monitoru işə salmaq. İcra hakimiyyətinin başçısı yaxınlaşıb dedi ki, işi dayandır. Dedim iş onsuz da başa çatıb. Monitoru yığışdırıb apardılar. Sonradan bildim ki, telekommunikasiya idarəsinin rəisi Salyanın rəsmi saytının da həmin monitorda görünməsini təmin edəcəyi adı ilə işi öz üzərinə götürmək istəyib. Buna görə də işi saxlatdırıblar. Razılığa gəldik ki, mən gördüyüm işə görə 1800 manatımı alıram, onlar da monitora dedikləri proqramı əlavə edirlər. Ancaq aylardır ki, gedib-gəlirəm, hər dəfə bir bəhanə ilə pulumu vermirlər».

Səməd Səfərov deyir ki, işin ondan alınmasının ikinci səbəbi də var:

«Başçıya demişdilər ki, monitor 9 minə alınıb və ona 25 minə təqdim olunub. Başçı da elə bilmişdi ki, monitoru mən almışam və baha qiymətə ona satmışam. Mənə qəzəbləndi, monitorda sayt görüntüsünün əlavə olunacağını bəhanə gətirib işi məndən aldı. Sonra bildi ki, bunu mən yox, onun öz köməkçisi Kamran Həsənov edib və aralarında mübahisə düşdü».

«CƏMİ 1 GÜN İŞLƏYİB, O DA YARITMAZ»

Salyan rayon İcra Hakimiyyəti başçısının köməkçisi Kamran Həsənov isə deyir ki, Səməd Səfərov monitorun quraşdırılması ilə bağlı cəmi bir gün işləyib, o da yarıtmaz:

«Səməd Səfərov heç bir monitor quraşdırmayıb, burada bir gün işləyib, bir günün də müqabilində onun zəhmət haqqını ödəyiblər. Əksinə, bizim xaricdən alıb gətirdiyimiz monitorun sxemlərini yandırıb. Mütəxəssis olmadığına görə işi ona vermədik. Onun iddia etməsi ilə deyil. Azərbaycanın hansı yerində 1 gün işləməsinə görə kiməsə 1800 manat verilir?».

Kamran Həsənovdan monitorun alınması ilə bağlı Səməd Səfərovun dediklərinə də aydınlıq gətirməsini xahiş etdik:

- Monitorun alınmasının ümumiyyətlə Səməd Səfərova aidiyyəti yoxdur. Monitoru xaricdən özümüz gətirmişik, gömrükdən çıxartmışıq. Onu özüm almışam, ona nə aidiyyəti var? Heç o bilir ki, monitoru haradan alıb gətirmişik?

- Monitoru neçəyə almısınız?

- O artıq bizim işimizdir.

- Şəxsi vəsaitiniz hesabına almısınız?

- Yox, dövlətin pulu ilə alınıb.

- Bəs qiymətini niyə açıqlamırsınız?

- Qiyməti yadımda qalmayıb.

Səməd Səfərov isə deyir ki, monitoru karkas içərisində quraşdırıb, təkcə karkasın quraşdırılması 3 günə başa gəlib, 3 gün də monitorun quraşdırılmasına sərf edib. Bu qədər işi 1 günə başa çatdırmaqsa heç fiziki mümkün deyil. Deyir ki, «çəkdiyim zəhmətin haqqını son qəpiyinəcən almayana qədər əl çəkən deyiləm».
XS
SM
MD
LG