Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:28

Camal Yusifzadə. Yamyaşıl dərd


Bəhmən Vətənoğluna

Çözələnir sübh çağı
Civil-civil civildəyir torağay.
Heyva ətirli yaydı...
Üfüqdə havalanmış cılız ixtiyar qoca
Cismən xəstəxanada, ruhən çox uzaqdaydı!
Otaq, yataq ağappaq,
Tibb bacısı - təsəlli -
Ağ xalatda, ağ papaq!
Qoca röyada bəlkə? -
Ağ paltarda,
Ağ kəfəndə,
Ağ yuxu!?
Havalanmışdı ruhu.
- Xeyir ola, Əli dayı?
Dara çəkir yaddaşın?
Yuxun qaçıb? Dərd alıb?
O yaş deyil axı yaşın!
- Nəə, ey, ay bala,
İçimdə çözülməyən bir ağac dərdi qalıb.
Ovxarlanır baltası,
Əsim-əsim əsir səsi
- Elə bu?
Qəm eləmə, qəm yemə!
Bu gün-sabah oğlun gələr,
Qayıdarsan evinə,
Colma-cocuq, el-oba,
Qonum-qonşu, yurd, binə...
- Nə kənd? Nə ev? Nə binə?
Ay ötüb ki, burdayam...
İncimərəm gəlməsə!
Ümü-küsü... nə isə!?
Səbrim tükənib daha,
Ümid yoxdur sabaha
İndicə bu dəqiqə, o gədəyə zəng elə.
De İblisə uymasın,
İçi içimdən keçən o ağaca qıymasın!
Nəhəng, ulu ağacdı -
Civil-civil quşları, pırıl-pırıl saçları,
İsinməyən kölgəsi,
Div ayaqlı gövdəsi.
Tanrıdan dilənmişəm; ölsəm içinə çəksin!
Ərşə qalxan ruhumu onun kökünə əksin!
Di tez elə! Əriməyib vaxt hələ.
Yamyaşıl bu arzumu vaxt var ikən çin elə.
Hər anın öz hökmü var: səhər vallah gec olar!..
Sabah daha gec oldu -
Əcəl daha kəc oldu!
Qəhərlənmiş qocanı TANRI qoynuna aldı.
Taybatay havalanmış pəncərə açııq qaldı.
Sabah daha gec oldu -
Balta daha kəc oldu!
Nəhəng qarağacın
Qırış-qırış kölgəsi budağında saraldı!..
Bir ixtiyar qocanın yamyaşıl dərdi qaldı...

30.06.2005

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG