Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:17

Lənkəranda balıqçılarla sərhədçilərin qarşıdurması olub


Lənkəranda balıqçılarla sərhədçilərin qarşıdurması olub
Gözlə

No media source currently available

0:00 0:01:09 0:00
Direct-ə keçid

Dekabrın 15-də axşam saatlarında Lənkəran rayonunun Nərimanabad-2 kəndində sərhədçilərlə sakinlər arasında insident baş verib.

-
ƏN SON XƏBƏRLƏR YAZININ SONUNDADIR


Dekabrın 15-də axşam saatlarında Lənkəran rayonunun Nərimanabad-2 kəndində sərhədçilərlə sakinlər arasında insident baş verib. Onlarla insan etiraz aksiyası keçirib.

Sərhədçilər yerli sakinləri balıq ovuna buraxmadıqları üçün tərəflər arasında qarşıdurma olub.

Bununla bağlı Daxili İşlər Nazirliyi dekabrın 16-da məlumat yayıb. Məlumatda deyilir ki, bir qrup sakin dəniz sərhədlərini pozaraq qanunsuz balıq ovlayıb. Bu zaman onlardan 9 nəfəri Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanılıb:

«Həmin şəxslərin yaxınları, təxminən 150 nəfər kənd sakini sərhəd zastavasına gələrək hərbçilərə təzyiq göstərib, onların azad olunmalarını tələb ediblər.

Daxili işlər orqanlarının hadisə yerinə gəlmiş əməkdaşları kənd sakinlərini sakitləşdirməyə çalışıb, asayişi pozmamağa dəvət ediblər. Amma onlardan bir qrupu polis əməkdaşlarına müqavimət göstərib, müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər».

Nazirliyin məlumatında bu da deyilir ki, ictimai qaydanı pozmuş və hakimiyyət nümayəndəsinə müqavimət göstərmiş 9 nəfər Lənkəran Polis Şöbəsinə gətirilib. Həmin şəxslərdən 3-nün izahatı alındıqdan sonra buraxılsa da, 6-sı saxlanıb.

Fakt üzrə Cinayət Məcəlləsinin 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.

NƏRİMANABADDA YARALANANLAR VAR

Nərimanabad sakinləri AzadlıqRadiosuna deyirlər ki, onlar 9 nəfər həmkəndlilərinin buraxılması üçün sərhəd zastavasının qarşısına yığışıblar. Az sonra kəndə Daxili Qoşunların əsgərləri və hərbi texnika yeridilib. Kənd sakinləri müxbirimizə gecə atılan rezin güllələrin qalıqlarını
göstəriblər.

Yaralananlar da var. Dəqiq say deyilmir. Yenə də kənd sakinlərinin dediklərinə görə, bir nəfərin halı daha ağırdır. O, Rahil Vəliyevdir. Üstündən PDM keçib. İndi o, Lənkəranda «Böyük Xəstəxana» kimi tanınan müalicə müəssisəsinə yerləşdirilib.

«QARDAŞIMI HƏYƏTİMDƏ VURUBLAR»

«Onu bəlkə də Bakıya apardılar. Bir nəfər də yaralanıb. Ramiz Xankişiyev, qardaşımdır. Onu öz həyətimdə vurublar. Ona atılan güllə də əlimdədir. Gecənin bir yarısı öz xalqına belə basqın olar? Belə deyirdilər ki, biz sizi Xocalıdan betər edəcəyik».

Bunu kənd sakini İsrail Xankişiyev deyir.

«Bu, prezidentə qarşı təxribatdır. Camaatı veriblər gülləbarana. Elə adam var evinin içində yaralayıblar. Gözyaşardıcı qazdan istifadə ediblər. 70 yaşında ananın ürəyi getdi».

«QAYIQLARI BATIRDILAR»

İsrail Xankişiyev deyir ki, Nərimanabad sakinlərinin yeganə dolanışıq yeri dənizdir. Amma onlara da balıq ovlamağa imkan vermirlər. Dünən dənizə çıxan balıqçıları da buna görə saxlayıblar:

«Balıqçılar dənizə gedirlər çörəkpulu qazanmaq üçün. Dənizçilərin qayıqlarını tutub batırıblar, sındırıblar. Dünəndən əsir-yesir olmuşuq. 9 nəfər tutublar. Camaat da xahiş elədi ki, uşaqları buraxın.
Bir də gördük ki, Daxili Qoşunlar kəndə daxil oldu».

İsrail Xankişiyev deyir ki, saxlananlar arasında eləsi var yeməkxanadan çıxıb evinə gedirmiş:

«Elə adam var yolda tutublar, qohum evinə getdiyi yerdə. Eləsi də var yeməkxanadan çıxanda, içkili halda tutublar. Ağlı başında olmayan adamı aparıblar ki, guya dövlət əleyhinə çıxıb...».

«HEYDƏR BABA SAĞ OLSAYDI...»

Nərimanabad sakini Tamilla Ağayeva həyəcandan çox danışa bilmir:

«Balalarımızı öldürürlər. Dünən bizim kəndimizi gülləbaran etdilər. 20 yanvar 15 dekabrla əvəz olunub».

Dilarə Eyvazova isə bunları söyləyir:

«Qəhrəman anayam, 20 uşağım var. Sabah müharibə olsa, birinci mənim uşaqlarım gedəcək. Bizim uşaqlarımızı tuturlar. Əlimizdə avtomatdan tökülən güllələr var. Uşaqlarımızı dəryada toka verib tutdular. 71 yaşım var, müharibədə belə şey görmədim. Uşaqlarımız xəstəxanadadırlar. Heydər baba sağ olsaydı, bizə zülm etməzdilər».

Kənd sakinləri deyirlər ki, həbs olunanlar buraxılmasalar, Bakıya gələcəklər.

1 NƏFƏR XƏSTƏXANAYA YERLƏŞDİRİLİB

Yaralananlardan yalnız 1 nəfər Lənkəran Mərkəzi Xəstəxanasına yerləşdirilib. Bu da Nərimanabad sakini Rahil Vəliyevdir. O, AzadlıqRadiosunun müxbiri ilə söhbətdə deyib ki, hadisə zamanı zirehli texnikanın altında qalıb. Nəticədə sınıqları var.

Xəstəxanadan da bildiriblər ki, R.Vəliyevin qolunda və ayağında 2 yerdən sınığı var.

Əməkdaşımız Lənkəran rayon Prokurorluğuna da gedib. Amma əməkdaşlar sualları cavablandırmaqdan imtina ediblər, yalnız «araşdırma aparılır» deməklə kifayətləniblər.

Prokurorluqda izahat verən balıqçı Fədail Orucov isə deyib ki, hüquq-mühafizə orqanları balıqçıların 3 qayığını müsadirə edib. Bir qayıq isə hadisə zamanı batıb. Hərbi gəmi qəfildən qayığın üstünə hücuma keçibmiş. Nəticədə qayıq batıb. Qayıqdakılar isə canlarını birtəhər qurtarıblar.

POLİS KƏNDƏ NƏZARƏT EDİR

AzadlıqRadiosunun müxbiri deyir ki, dəyənəklərin izi bəzilərinin üzündə qalmaqdadır.

Hazırda Nərimanabad polis maşınları ilə əhatə olunub, polis kəndə nəzarət edir.

Kənd sakinləri deyirlər ki, tutulan 6 nəfər buraxılmasa, Bakıda etiraz aksiyası keçirəcəklər. Onlar prezident İlham Əliyev və onun xanımı Mehriban Əliyevadan yardım istəyirlər.

AYDA 100 MANAT?

Üç tərəfdən dənizlə əhatə olunan, əkin üçün yararlı torpağı olmayan kəndin yeganə dolanışıq mənbəyi balıqçılıqdır. Kənd sakini İsrail Xankişiyev:

«Burda ancaq balıqqulağı var. Nə zavod var, nə fabrik... 2500-3000 nəfər əhalisi olan kənd dənizdən dolanır. Sərhəd Qoşunu da deyir ki, hər ay 100 manat verməlisiniz. Camaatın da imkanı yoxdur, qışdır, adam var evdə heç odunu yoxdur. Bütün kənd banklara faizə girib».

Rəsmi qurumlar bu deyilənlərə aydınlıq gətirməkdən imtina ediblər.

«NƏZARƏTÇİLƏRİN HAQQI»

Masallıda nəşr olunan «Cənub xəbərləri» qəzetinin redaktoru Zahir Əmənov isə Nərimanabadda balıqçılara qoyulan məhdudiyyətlərdən danışır:

«Hansı quruluş olur-olsun, burda dolanışıq mənbəyi balıqçılıqdır. Balıq yoxdursa, bu onları diri-diri məhv etməkdir. Biz də vaxtaşırı yazırıq. Onları dənizdən uzaqlaşdırmaq üçün min cür məhdudiyyət fikirləşirlər. Gah deyirlər ki, 2 km uzağa çıxmaq olmaz, balıq da o məsafədən uzaqda olur, gah da min cür kvotalar qoyulur. Nəzarətçilərin də öz haqqı var. Onlara pul verəndə, balıqçılara heç nə qalmır. Camaatın qayığını aşırırlar, adını da qəza qoyurlar. Belə şayiələr də gəzir ki, narkotik alverçilərinə görə onları dənizə buraxmırlar».

Z.Əmənovun fikrincə, görünür, son hadisələr camaatın səbir kasasını daşırıb.
XS
SM
MD
LG