Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:26

Human Rights Watch: «Özbəkistanda işgəncələr davam edir»


Foto: Arxiv
Foto: Arxiv
Human Rights Watch deyib ki, Özbəkistan ötən illər qanunvericilikdə islahatlar aparılmasına baxmayaraq, öz vətəndaşlarının müdafiəsinə nail ola bilməyib.
Təşkilat dekabrın 13-də Özbəkistanda insan haqları ilə bağlı yeni hesabatını açıqlayıb. Hesabatda deyilir ki, işgəncələrin geniş yayılması davam edir. Hüquq müdafiə fəalları həbsxanaya atılır və vəkillər susdurulur.
Hesabat Özbəkistanda 2009-2011-ci illər arasında 100-dən çox götürülmüş müsahibələr əsasında hazırlanıb.
Human Rights Watch deyib ki, «sui-istifadə hallarının və repressiyanın rekord həddə çatmasına baxmayaraq», Özbəkistanın qonşu Əfqanıstana görə strateji müttəfiq olduğu müddət ərzində ABŞ, Avropa Birliyi və Avropa ölkələrinin ayrı-ayrı liderlərinin Daşkənddə insan hüquqları ilə bağlı mövqeləri kəskin zəifləyib.
YENİ İMİCLİ ÖZBƏKİSTAN
Hesabatda deyilir ki, Özbəkistan əsrlər boyu İpək yolu üstündə ticarət və zəngin mədəni mərkəz kimi məşhur olub. İndi isə onun imicinə qaranlıq bir detal əlavə olunub: işgəncə. «Bəlkə də heç nə Özbəkistan polis şöbələrindəki kimi işgəncə epidemiyasını gətirmir».
HRW-un hesabatında 2002-ci ildə dini məhbus olan və həbsxanada müstəntiqlər tərəfindən qaynar suda boğulan Muzafar Avazovun fotolarından dəhşətə gəlindiyi yazılır.
Xatırladılır ki, 2003-cü ildə BMT-nin işgəncələrlə bağlı hesabatı olub və Özbəkistanın məhkəmə sistemi tənqid olunub.
ƏNDİCAN HADİSƏLƏRİNDƏN SONRA VƏZİYYƏT LAP PİSLƏŞİB
HRW-un hesabatında deyilir ki, 2005-ci il mayın 13-də baş verən Əndican hadisələri zamanı hökumət qüvvələrinin açdığı atəş nəticəsində yüzlərlə adamın ölməsindən sonra Özbəkistanda insan haqlarının vəziyyəti daha da pisləşib. «Özbəkistan bu hadisələrlə bağlı müstəqil təhqiqat aparmağa imkan verməyib və vətəndaş cəmiyyətinə təqibləri gücləndirib»,- deyə hesabatda yazılır. Əlavə edilib ki, məhz Əndican hadisələri AB ölkələrini, sonradan isə ABŞ-ı hərəkətə gətirib və onlar Özbəkistanı sanksiyalarla hədələyiblər. HRW bildirir ki, bu təzyiqlərdən sonra Özbəkistan BMT-nin tövsiyyələrinə qayıdıb, və qanunvericlikdə islahatlar aparıb: «Bu cür yanaşmalar Özbəkistanda insan haqları ilə bağlı yeni dönəmin başlanmasından xəbər verməli idi. Amma belə olmadı»- hesabatda deyilir.
HRW bildirir ki, on il boyunca Özbəkistanda işgəncə «sistemli» və «genişlənmiş» şəkil alıb. Hesabatda qeyd olunur ki, faktiki hökumət ölkənin qapısını müstəqil monitorinqin və insan haqları müdafiəçilərinin üzünə bağlayıb. Siyasi və hüquq müdafiə fəallarının həbsi və onlara qarşı təqiblər genişlənib, o cümlədən məhbuslara qarşı işgəncələr artıb, «yerli və HRW-un da daxil olduğu xarici müstəqil QHT-lərin fəaliyyətinə icazə verilmir».
ÖZBƏKİSTANDA İŞGƏNCƏ ÜSULLARI
Təşkilat hesabatında işgəncə üsullarını sadalayır. Bildirir ki, bu siyahıya rezin dəyənəklə döymə, elektrik şok, bilək və topuqdan asma, seksual təhqir, qaynar suda yandırmaq, sellofan torba və ya qaz maskası ilə boğma, yaxınlarına zərər vurulacağı ilə bağlı psixoloji hədələr, su və ya qida verməmək daxildir.
Qrup deyir, onlar bir neçə məhbusdan cinayəti etiraf etmək üçün məruz qaldıqları işgəncələr barədə eşidiblər.
«HÖKUMƏT İŞÇİ QRUP YARADIB»
Özbəkistan prezidenti ABŞ Dövlət katibi ilə görüş zamanı. 22 oktyabr 2011
Özbəkistan prezidenti ABŞ Dövlət katibi ilə görüş zamanı. 22 oktyabr 2011
Özbəkistan senatının Qanunvericilik və Məhkəmə Məsələləri üzrə komitəsinin rəhbəri Svetlana Artikova AzadlıqRadiosuna deyib ki, ölkə 1995-ci ildə BMT-nin işgəncə əleyhinə konvensiyasını ratifikasiya edəndən sonra onlar bununla bağlı öz milli proqramlarını qəbul edirlər və yaradılan işçi qrup vətəndaşların şikayətini araşdırır:
- Mən deyə bilmərəm ki, bu proses 100 faiz dəqiqliyi ilə yerinə yetirilir. Deyə bilmərəm ki, burda qanun pozuntusu yoxdur. Çünki harda ki insan var, fəaliyyət var, orda səhvlər olması mümkündür.
AB, ABŞ «LAL OLUB»
HRW-un Özbəkistan üzrə təhqiqatçısı Steve Swerdlow AzadlıqRadiosuna bildirib ki, qanunvericilikdə islahatlar aparılsa da, hökumət onun icrasına nail olmayıb.
HRW deyir ki, ABŞ, Avropa Birliyi və Avropa ölkələri rəhbərləri insan haqlarının pozulmasına qarşı «lal olublar». Özbəkistanın regionda strateji roluna diqqət çəkən Steve Swerdlow deyir ki, Qərb dövlətləri üçün insan haqları arxa plana keçib:
- Burda əhəmiyyətli dərəcədə insan haqları məsələlərində yumşalma var. Əsas diqqət hərbi və təhlükəsizlik məsələlərinə yönəlib. Fikrimcə, bu da Özbəkistanda vətəndaş cəmiyyətinin, vəkillərin, işgəncə qurbanlarının təhlükə ilə üzləşməsinə ciddi təsir edib.

Sayta hazırladı: Səadət Akifqızı

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG