Keçid linkləri

2024, 05 Oktyabr, şənbə, Bakı vaxtı 10:19

Mahir Rüstəmli: ««Barselona» qələbəni heç də çətinliklə qazanmadı»


Dekabrın 10-da İspaniyanın futbol üzrə çempionatında prinsipial qarşılaşma olan «El Clasico»-da «Barselona» 1-3 hesabı ilə «Real Madrid»-ə qalib gəlib. Bir ölkənin daxili çempionatı olsa da, iki komandanın oyununu dünyada milyonlarla tamaşaçı izləyib. «Futbol+» qəzetinin baş redaktoru Mahir Rüstəmli AzadlıqRadiosuna dünyanın iki güclü komandasının qarşılaşmasını şərh edir:

- Oyundan əvvəl, son mövsümdə ilk dəfə «Real Madrid»in şansları yüksək dəyərləndirilirdi. Bu da müxtəlif statistik, futbolətrafı məqamlarla bağlı idi. Hamı belə düşünürdü ki, «Real Madrid»-in baş məşqçisi Joze Maurinyo ikinci mövsümdə yeni komanda ilə uğurlar qazanır. Bu dəfə də istisna olmayacaq. «Real Madrid» turnir cədvəlində «Barselona»dan yuxarıda idi, yəni psixoloji üstünlük vardı. Konkret oyun isə göstərdi ki, «Barselona» «Real»dan güclü oynadı. Açığı, əvvəldən demişdim ki, «Barselona»nın qalib gələcəyini gözləyirəm, amma hesab edirdim ki, bu qələbə çətinliklə qazanılacaq. Oyuna baxanda isə gördüm ki, heç də çətin olmadı. İlk qol heç kəsi aldatmasın, bu qapıçı səhvindən doğan qol idi. Oyunun axarında «Barselona»nın üstün olduğuna dair heç bir şübhə yox idi.

«REAL» «BARSELONA»NIN ZƏHMİNİ HİSS EDƏCƏK»

- Bu oyun İspaniya çempionatının qalibinin adını indidən bəlli edirmi?

Mahir Rüstəmli
Mahir Rüstəmli
- Xeyr. Qarşıda hələ çoxlu oyunlar var, heç hələ mövsüm yarı olmayıb. Silinməyən xallara görə də «Real Madrid» hələ «Barselona»dan 3 xal öndədir. Amma hesab edirəm ki, bu oyun birincilik yarışına hansısa formada təsir göstərəcək. Hər halda «Barselona» öz gücünü bir daha sınadı, gördü ki, «Real Madrid» heç də qeyri-adi dərəcədə güclənməyib. Gördülər ki, turnir cədvəlindəki yol verdikləri gerilimə hansısa səhvlərə görədir, məsələn, elə vaxt olub ki, uzatma dəqiqələrində «penalti»ni qaçırıblar, bir xalla kifayətləniblər. Məncə, bundan sonra «Barselona»nın oyunçuları öz güclərinə daha çox inanacaqlar, «Real»ın oyunçuları isə öz üzərilərində «Barselona»nın zəhmini daha çox hiss edəcəklər.

«BU OYUN DÜNYANIN ƏN YAXŞISINI TANIMAĞA TƏSİR EDƏ BİLƏR»

- Gələn il yanvarın əvvəlində dünyanın ən yaxşı oyunçusu və məşqçisi adlarının sahibləri açıqlanacaq. Adları hallanan namizədlərdən 5-i bu komandalardadır. Sizcə, bu oyun «dünyanın ən yaxşısı»nı tanımağa təsir edəcəkmi?

- Düzdür, burda Cristiano Ronaldonun adı çəkilir, amma hesab edirəm ki, Lionel Messi əvəzsiz oyunçudur. Əgər o, yenidən qalib olsa, buna təəccüblənirəm. Dünya futbolunda bu gün onunla müqayisə gələcək oyunçu yoxdur. Messinin futbolu digərlərindən xeyli fərqlənir və bu fərqi görmək çətin deyil. Məşqçilərə gəlincə, hər hansınasa üstünlük verməyə çətinlik çəkirəm. Ayrı-ayrı ulduz futbolçuları kollektiv məqsədə xidmət etmək üçün onları səfərbər etməkdə Josep Guardiolanın işi əvəzsizdir. Bununla belə Joze Maurinyo da kifayət qədər güclü məşqçidir, «Real»ı kifayət qədər dirçəldib, oyuna yeni elementlər gətirib. Bu mənada kimin qalib gələcəyini indidən deyə bilmərəm. Bəlkə də şənbə gününkü oyun Josep Guardiolanın şansını daha da artırdı.
XS
SM
MD
LG