Keçid linkləri

2024, 10 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 05:31

Təcridxanada sabiq polis mayoru özünə qəsd edib?


Sabiq polis mayoru Dursun Əliyevin Kürdəxanı istintaq təcridxanasında özünə qəsd etdiyi bildirilir.

Bu barədə AzadlıqRadiosuna onun bacısı Tamella Əliyeva məlumat verib.

«Mənə xəbər verdilər ki, qardaşım özünü asıb və müxtəlif dərmanlar qəbul edib. Vəziyyəti yaxşı deyil. Gəlmişəm təcridxanaya, içəri buraxmırlar. Vəkil içəridədir. Hələ qardaşımı mənə göstərmirlər. Onunla bağlı nə baş verir, mən bilmirəm».

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən isə Kürdəxanıda belə bir hadisənin baş vermədiyini deyirlər.

Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməliyyat müvəkkili, polis mayoru Dursun Əliyev bu ilin iyulunda həbs edilib. Daxili İşlər Nazirliyinin məlumatına əsasən, o, 2 qram narkotik maddəni satarkən saxlanıb.

Tamilla Əliyeva isə qardaşının polis yoldaşları tərəfindən şərləndiyini iddia edir:

«Qardaşım narkotikə qarşı həmişə ciddi mübarizə aparıb. Onunla yola getmədikləri üçün şərləyib tutdurublar. Bu cinayət işi qondarmadır. Həbsxanadan çıxan bir nəfəri öyrədiblər, göndəriblər onun yanına. Arxasınca da Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları giriblər».

İş üzrə növbəti proses Binəqədi rayon Məhkəməsində dekabrın 13-ə təyin edilib.

Dursun Əliyev Qarabağ müharibəsi veteranıdır. 1990-1992-ci illərdə Əsgəran rayon Milis Şöbəsinin rəisi işləyib. 2008-ci ildə DİN-in «qüsursuz xidmətinə görə» medalı ilə təltif olunub.
XS
SM
MD
LG