Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:13

Vahid Rusiya Partiyası parlament seçkilərinin qalibidir


Hakim Vahid Rusiya Partiyası Rusiyada keçirilən parlament seçkilərinin qalibidir. Artıq səslərin 92 faizi sayılıb. Rusiyanın seçki rəsmilərinin məlumatına görə, Vahid Rusiya Partiyası 50 faizdən bir qədər az səs toplayıb.

Bu, partiyanın əvvəlki seçkilərlə müqayisədə bir xeyli səs itirdiyini göstərir. 2007-ci ildə keçirilən seçkilərdə Vahid Rusiya 64 faiz səs yığmışdı.

İkinci yerdə 19 faiz səslə Kommunist Partiyası, üçüncü yerdə 13 faiz səslə mərkəzçi Ədalətli Rusiya Partiyası gəlir. Baş nazir Vladimir Putin bazar günü keçirilmiş seçkilərin nəticələrini “çox çətin vaxtda əla nəticə” adlandırıb. “Bu nəticələrə əsaslanaraq biz ölkəmizin sabit inkişafını təmin edə biləcəyik”.

Müxalifət liderləri və fəalları seçkilərdə kütləvi saxtakarlıqlar barədə məlumat verirlər.

Moskvada seçkilərin nəticələrinə etiraz edən 250 nəfər həbs olunub. Bundan başqa Qərbin dəstəklədiyi seçkiyə nəzarət qurumu olan Qolos və iki liberal media orqanı – Moskva radiostansiyasının saytı və Slon.ru onlayn xəbər portalı hakerlərin hücumu nəticəsində bağlanıb.

Bu seçkilər gələn ilin martında keçiriləcək prezident seçkiləri ərəfəsində Vladimir Putin üçün ilk mühüm sınaq sayılır.
XS
SM
MD
LG