Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:18

«Anamı qınayırdılar ki, gəzə bilməyən uşaqdan nə istəyirsiz?»


Anamı qınayırdılar ki...
Gözlə

No media source currently available

0:00 0:04:19 0:00
Direct-ə keçid

Əlil arabasına məhkum Pərviz Heydərov: "Amerikada doğulsaydım indi konqresdə oturmuşdum"

39 yaşlı Pərviz Heydərovu çoxları yalnız mətbuatda gedən imzasından tanıyır. O, nə dost-tanışla görüşə çıxa, nə də yazılarını qəzet redaksiyasında yaza bilir. Deyir, heç ayaq üstə durub gəzdiyi günləri xatırlamır da. Bir yaşından sonra tədricən gəzməkdən məhrum olub, valideynləri müalicə üçün onu xarici ölkələrə aparsa da, xeyri olmayıb, Pərviz Heydərov ömürlük əlil arabasına məhkum olub. Amma ayaq üstə dura bilməsə də, arzularının ardınca getməyi bacarıb. Əlil uşaqlar üçün evdə təhsili həyata keçirən 219 saylı orta məktəbi uğurla bitirib:

«O vaxt sovetlər dönəmində qanunvericilikdə elə bir şey yox idi ki, kimsə evdə ali təhsil alsın. Amma mən təhsilimi davam etdirməkdə həvəsli idim. Təhsil Nazirliyinə məktub yazdım ki, şərait yaratsın, məndən evdə imtahan götürsünlər, biliyimi qiymətləndirsinlər və mən qiyabi təhsil ala bilim. Nazirlik razılıq verdi, 3 dəfə evə gəlib məndən imtahan götürdülər, hər 3 imtahandan 4 aldım. O vaxtkı Xalq Təsərrüfatı İnstitutunun iqtisadiyyatın dövlət tənzimlənməsi fakültəsinə daxil oldum. Bu institutun tarixində nə mənə kimi, nə də bildiyimə görə, məndən sonra mənim kimi tələbə olmayıb».

«VALİDEYNLƏRİMƏ MİNNƏTDARAM»

Pərviz Heydərovun arzuları bununla da tükənmir. Təhsil aldığı ali məktəbin qapısını belə tanımayan, yalnız ev şəraitində dərs alan Pərviz tələbə adını qazanar-qazanmaz işləmək sevdasına düşür. Savadına görə müəllimləri arasında qazandığı hörmət bu dəfə də işinə yarıyır və onu İqtisadiyyat Nazirliyi nəzdində Elmi Tədqiqat İnstitutuna işə götürürlər. Artıq 17 ildir ki, həmsöhbətim evdə fəaliyyət göstərməklə həm bu institutda çalışır, həm də bir neçə mətbuat orqanında iqtisadi məqalələrlə çap olunur. Deyir, kənardan mənəvi dəstəyin olması kifayətdir ki, əlil də bu cəmiyyətdə özünə layiqli yeri tapsın:

«Hər şey mühitdən asılıdır. Mən bu məsələdə valideynlərimə minnətdaram ki, məndən oxumağı tələb ediblər. Hətta o vaxt uzaq qohumlar anamı qınayırdılar ki, gəzə bilməyən uşaqdan nə istəyirsiz, niyə ona əziyyət verirsiz? Anam isə mənə deyirdi ki, «mən ali təhsilliyəm, amma sənə görə evdə oturmalı olmuşam, müəllimlərinə hər gün qapı açıram, sən də oxumalısan». Müəllimlərim də çox tələbkar idi, əlil olduğuma görə mənə güzəştə getmirdilər. Nə uğur əldə etmişəmsə, onlara minnətdaram».

«AMERİKADA DOĞULSAYDIM...»

Amma Pərviz yaşadığı cəmiyyətdə əlillərə münasibətdən gileylidir, xüsusən də Birləşmiş Ştatlara 10 günlük səfərindən sonra:

Pərviz Heydərov
Pərviz Heydərov
«Amerikada doğulsaydım, indi konqresdə oturmuşdum. Orada bizim kimilərə geniş imkanlar verilir. Burada bir gün Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısından keçirdim, polis arabamı sürənə dedi ki, «bir az aralıdan sür, bura rəsmi binadır». Vaşinqton meriyasında isə əlil arabası üçün xüsusi yer var idi. Merin köməkçisi ilə görüşəndə soruşdum ki, «axı bura restoran, kinoteart deyil, nə ehtiyac var ki, əlil arabası üçün yer qoymusuz?». O mənə dedi ki, «burada sənin kimi iki nəfər işləyir». Dəhşətə gəldim».

«MƏN RUHƏN ÖZÜMƏ UYĞUN OLMAYAN İNSANAM»

Bununla belə həmsöhbətim yaxın gələcəyə ümidlə baxır, deyir, 10-15 il əvvəllə müqayisədə əlillərə qarşı münasibətdə xeyli müsbət dəyişikliklərin şahidi olub:

«Arada bulvara gəzməyə çıxıram. 10-15 il əvvəl, əlil arabam harasa ilişəndə arabamı sürən xalam oğlu köməyə adam çağırırdı. Kimsə buna görə hirslənirdi. İndi isə köməyə kimisə çağırmağa ehtiyac yoxdur. Dərhal cavan qızlar, hətta yanlarında nişanlıları olan qızlar da yaxınlaşıb kömək etmək istəyirlər».

Pərviz Heydərov deyir ki, cəmiyyətin əlillərə münasibəti kimi, əlillərin də özlərinə verdiyi qiymətdə irəliləyiş olmalıdır. Kimsə əlil arabasına məhkumdur deyə özünü arzularını, istəklərini reallaşdırmaqdan məhrum etməməlidir. Elə onun özü kimi:

«Mən ruhən özümə uyğun olmayan insanam. Elə arzularım, istəklərim, maraqlarım var ki, o heç gəzən adamda yoxdur. Pulu çox sevirəm, fiziki gücüm olsaydı, daha çox qazanmaq həvəsində olardım. Mən iş tapa bilməyən cavanları da başa düşə bilmirəm, savadın, bacarığın varsa, sənin üçün hər yerdə iş tapılar».
XS
SM
MD
LG