Keçid linkləri

2024, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 00:25

Rafiq Tağını izləyən kameralar işləməyib?


Rafiq Tağı öldürülən küçədə yerləşən təhlükəsizlik kamerası
Rafiq Tağı öldürülən küçədə yerləşən təhlükəsizlik kamerası
Yazıçı –publisist Rafiq Tağının bıçaqlandığı küçə - daha doğrusu həmin gün getdiyi yol boyunca beş müşahidə kamerası var. Bu kameralardan biri oradakı mağazaya məxsusdur. İkincisi «təhlükəsiz şəhər» sisteminə aiddir. Üçüncüsü və dördüncü kameralar ərazidə tikilən obyektdə, beşincisi isə avtobus dayanacağında yerləşir.
KAMERALAR HADİSƏNİ QEYDƏ ALMAYIB?
Rafiq Tağının yaşadığı evə yaxın dəmiryol ərazisinə bu qədər kameranın olmasını AzadlıqRadiosunun müxbiri də daxil bir qrup jurnalist ərazini gəzərək dəqiqləşdiriblər.
Adətən cinayətkarın kimliyinin müəyyən edilməsində şahid kimi ilkin olaraq belə kameralar yada düşür. Amma Rafiq Tağının qardaşı Alim Tağıyev deyir ki, baş verənləri həmin gün kameralar qeydə almayıb. Bu barədə mərhumun ailəsinə polislər məlumat veriblər:
«İlk günlər gələn polislər bizə dedilər ki, orada kameralar söndürülüb. Qaranlıq olub. Tam aydındır ki, Rafiq Tağı çoxdan izlənirmiş və bu, düşünülmüş qəsddir».
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirirlər ki, küçələrdə quraşdırılan təhlükəsizlik kameraları bu və digər halları qeydə almaq üçündür. Və istintaqın gedişində hüquq mühafizə orqanları həmin kameraların xidmətindən yararlanır.
ZƏRURƏT YARANDIQDA, İNFORMASİYA VERİLƏCƏK
Konkret Rafiq Tağı ilə bağlı məsələyə gəlincə, nazirlikdən tövsiyə edirlər ki, Baş Prokurorluğa müraciət edək. Çünki işin istintaqını onlar aparır.
Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə AzadlıqRadiosuna deyir:
«Noyabrın 26-da baş prokuror və daxili işlər naziri istintaq-əməliyyat qrupunun hesabatını dinləmiş, cinayətin bütün iştirakçılarının qısa müddətdə tutulub məsuliyyətə cəlb olunması üçün zəruri olan əlavə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri müəyyən etmiş, konkret tapşırıq və tövsiyələr vermişlər».
Məlumatda həmçinin qeyd olunur ki, cinayət işinin istintaqı prezidentin şəxsi nəzarətinə götürülüb.
Rafiq Tağı öldürülən küçədə yerləşən təhlükəsizlik kamerası
Rafiq Tağı öldürülən küçədə yerləşən təhlükəsizlik kamerası
Rafiq Tağının bıçaqlandığı yolda müşahidə kameralarının niyə işləməməsi barədə isə hüquq-mühafizə orqanlarından əlavə informasiya ala bilmədik.
İSTİNTAQ MADDƏSİ NİYƏ DƏYİŞDİRİLDİ?
Onu da deyim ki, Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun bu günlərdə birgə yaydıqları məlumata görə yazıçı-publisist Rafiq Tağı xəstəxanada öldüyündən işin istintaqı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə davam etdirilir.
Hadisə baş verəndə isə faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi açılmışdı.
Mahmud Hacıyev
Mahmud Hacıyev
Sabiq polis rəisi, Elmi-Praktik Hüquq Mərkəzinin eksperti Mahmud Hacıyev deyir ki, əslində adam öləndən sonra maddənin dəyişdirilməsi istintaq qəbahəti – prosesual qanunun pozuntusudur. Onun sözlərinə görə, əgər bir şəxsə yeddi bıçaq vurulubsa, daxilə keçən deşici- kəsici əlamətlər varsa, və daxili orqanlar zədələnibsə, bu mütləq qaydada ölümə qəsddir:
MƏMURLARA LAZIM OLAN KAMERALAR İŞLƏYİR
«Bizdə belə məqamlarda bir növ gözləmə mövqeyi tuturlar ki, sağ qalar, işi ölümə qəsdlə yox, ağır bədən xəsarəti maddəsi ilə apararıq. Onda ölüm cinayətinin sayı ilin axırında aşağı düşür. Yox əgər ölərsə, tez ağır bədən xəsarəti cinayət tərkibli əməldən ölüm cinayətinə keçirərik. Bizdə bu gözləmə mövqeyi həmişə bu səbəbdən olur».
Ərazidə olan kameraların hadisəni qeydə almaması barədə deyilənlərə gəlincə, Mahmud Hacıyev hesab edir ki, özəl şirkətlərə məxsus belə qurğuların işləməməsi onların öz problemidir. Amma dövlət qurumlarına aid kameraların işləməməsi artıq dövlət səviyyəsində olan məsuliyyətsizlikdir. Onun fikrincə, əslində Azərbaycanda belə kameraların quraşdırılması göstəriş əsasında həyata keçirilən kampaniya xarakterli bir prosesdir. Bu cür işlərin axırı isə həmişə puç olur.
Mahmud Hacıyev deyir ki, idarə və müəssisələrdə daxili nəzarət üçün yerləşdirilən kameralar əhalinin təhlükəsizliyi üçün küçələrdə quraşdırılanlardan yaxşı işləyirlər. Çünki bu, məmurlar üçün daha vacibdir.
XS
SM
MD
LG