Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:02

Ermənistana gələn yüklər Rusiya-Gürcüstan sərhədində qalıb


«Yuxarı Lars» dağ keçidi
«Yuxarı Lars» dağ keçidi
Ermənistana gedən azı 150 yük maşını noyabrın 24-də Rusiya-Gürcüstan sərhəd keçidində ilişib qalıb. Keçid bir həftədən çoxdur güclü qara görə bağlıdır.

Ermənistan rəsmiləri və özəl yük şirkətləri Rusiya-Gürcüstan sərhədində yerləşən «Yuxarı Lars» dağ keçidinin nə vaxt açılacağı barədə bir söz deyə bilmirlər.

«BURADA VƏZİYYƏT ÇOX PİSDİR»

Ermənistanın Nəqliyyat və Kommunikasiya naziri Manuk Vartanyan deyib ki, problem həll olunanadək yalnız Gürcüstan sərhədinə çovğundan əvvəl çatmış maşınları apara bilərlər:

«Ümid edirik təmizləmə çox çəkməyəcək və problem bir neçə günə həll olunacaq».

Ermənistan Yük Göndərənlər Assosiasiyasının sədri Herbert Hambardzumyan AzadlıqRadiosunun erməni xidmətinə deyib:

«Burada vəziyyət çox pisdir. Çox soyuqdur və heç bir mağaza yoxdur. Gözləyək görək nə olur».

Nəqliyyat və Kommunikasiya naziri Manuk Vartanyan
Nəqliyyat və Kommunikasiya naziri Manuk Vartanyan
«Yuxarı Lars»da qalan yük maşınlarından bəziləri «Apaven» yükdaşıma şirkətinə məxsusdur. Bu, Ermənistanda ən böyük şirkətlərdən biridir. «Apaven»in rəhbəri Arsen Kazaryan deyib ki, ola bilsin sürücülərə geri qayıtmağı tapşırsınlar, onları Rusiya və Gürcüstanın Qara Dəniz limanları arasındakı bərə xidməti vasitəsilə Ermənistana çatdırsınlar.

«Hava bir-iki günə düzəlməsə, onları bərə ilə Ermənistana gətirməli olacağıq», - o, AzadlıqRadisounun erməni xidmətinə deyib.

H.Hambardzumyan isə deyib ki, kiçik yük şirkətləri hazırda bərə xidməti göstərə bilməzlər:

«Bu onlara hər yük maşını üçün azı 1500 dollara başa gələcək. Onlar təkcə əlavə nəqliyyat xərclərini deyil, bütün vergi sənədlərini də qaydaya salmalı olacaqlar».

YEGANƏ QURU ÇIXIŞI

«Yuxarı Lars» Ermənistanın Rusiya və Avropaya yeganə quru çıxışıdır
«Yuxarı Lars» Ermənistanın Rusiya və Avropaya yeganə quru çıxışıdır
«Yuxarı Lars» Ermənistanın Rusiya və Avropaya yeganə quru çıxışıdır. 2006-cı ildə Moskva bu keçidi bağlayıb, 2010-cu ilin əvvəlində isə Rusiya-Gürcüstan münasibətlərinin gərginləşməsinə baxmayaraq yenidən açıb.

Bu keçiddən əsasən Ermənistana və geriyə yük daşıyan şirkətlər istifadə edir. Ermənistandan kənd təsərrüfatı məhsulları ixrac edənlər xüsusilə bu keçiddən asılıdırlar.

Ermənistanın Rostovdakı konsulluğundan verilən məlumata görə, Rusiya tərəfdə tıxaca düşən Ermənistan vətəndaşlarına yerli icma yardım edir. Yerli erməni icması onlara yemək və siqaret gətirir.

Nəqliyyat və Kommunikasiya naziri Manuk Vartanyan jurnalistlərə deyib ki, Ermənistan və Gürcüstan hökumətləri bu yaxınlarda birgə müəssisə yaratmağa qərar veriblər. Bu müəssisə qış aylarında dağlıq yolun Gürcüstan hissəsini təmizləyəcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG