Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:22

«20 ildə belə yüksəliş, tarixdə olmayıb»


Yusif Seyidov
Yusif Seyidov
«Əgər bu gün vətəndaşın hüquqlarından biri pozulursa, sabah bu avtoritarizmə və totalitarizmə yol aça bilər. Naxçıvan Muxtar Respublikası Ali Məclisi bu qərarla, vətəndaşları siyasi azadlıqlardan məhrum etməklə, əslində onların ləyaqət və şərəflərinin tapdanmasına bərabər olan ağılsız addım atıb».

Sitat 1991-ci ildə Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyevə ünvanlanmış məktubdandır. O zaman Naxçıvan Ali Məclisi Ayaz Mütəllibovun qələbəsi ilə nəticələnəcək prezident seçkilərində iştirak etməmək haqda qərar çıxartmışdı. Bir qədər əvvəl sitat gətirdiyimiz bir qrup ziyalı da bunu etirazla qarşılamışdı. Hər halda müraciətdən belə görünürdü. Həmin müraciəti imzalayanlar arasında Vasim Məmmədəliyev, Yusif Seyidov, Karlen Xudaverdiyev, Tofiq Hacıyev kimi alimlər də vardı. Ötən həftə Ziyalılar Forumuna müraciət edən Bakı Dövlət Universitetinin 245 müəllimi arasında da həmin adlara rast gəldik.

Onlardan biri 82 yaşlı, filologiya elmləri doktoru, professor Yusif Seyidovla söhbətimizi təqdim edirik.

«MƏN OXUDUĞUMDA ELƏ CİDDİ BİR ŞEY YOX İDİ»


- Bu günlərdə Bakı Dövlət Universitetinin bir qrup müəllimi Ziyalılar Forumuna müraciət ünvanladı. O cümlədən də siz. İstərdim sizin də bununla bağlı arqumentlərinizi eşidim. Çünki sonradan bəzi müəllimlər imzalarından imtina etdilər ki, bizə başqa variant göstərmişdilər. Bu müraciəti nə zəruri edirdi?

- Mən gərək o varianta da baxım, bu varianta da. Bəzi müəllimlər deyir ki, dəyişib. Bəlkə doğrudan da dəyişib. Dəyişilibsə, neyləmək olar? Mən oxumamışam axı. Oxumamış deyə bilmərəm.

- Ümumiyyətlə, siz o müraciəti niyə imzaladınız? Nə idi sizi narahat edən?

- Oxudum, ilk variantı. Qəzetdə çap olunmamış variantı. Orda belə çağırış var ki, həmfikir olaq, ölkəmizə qulluq edək, münaqişə olmasın. Belə şeylər, vəssalam.

- Yəni orda Ziyalılar Forumunu düşmən dəyirmanına su tökməkdə günahlandıran ton yox idi?

- Mən oxuduğumda elə ciddi bir şey yox idi.

«ZİYALILAR FORUMUNUN MAHİYYƏTİNDƏN XƏBƏRİM YOXDUR Kİ, GÖRÜM NƏ DEYİRLƏR, MƏN DƏ ETİRAZ EDİM»


- Sizcə, Ziyalılar Forumu ölkədə qarşıdurma yaradırmı?

Ziyalılar Forumunun görüşü. 29 sentyabr 2011
Ziyalılar Forumunun görüşü. 29 sentyabr 2011
- Düzü, mənim Ziyalılar Forumunun mahiyyətindən xəbərim yoxdur ki, görüm nə deyirlər, necə edirlər, onun mənası, ideyası nədir? Onlar nə deyirlər ki, mən də etiraz edim. Mən oxuduğum variant elədir ki, ciddi etiraz olmadığı üçün qol çəkdim. Qol çəkdiyim variantda (İndi bəlkə də həmin variantdır, ya deyil) deyilənləri həmişə demək olar. Həmişə deyirik ki, ölkəmizdə əmin-amanlıq olsun. Hər belə yazının altından qol çəkməyə hazıram.

- Yusif müəllim, dediniz ki, Ziyalılar Forumunun ideyasından xəbəriniz yoxdur. Necə olur ki, ideyasından xəbərsiz olduğunuz halda onlara qarşı müraciətə qol çəkirsiz?

«SİZDƏN EŞİDİRƏM Kİ, RAFİQ ƏLİYEV İŞDƏN ÇIXARILIB»


- Mənim oxuduğum müraciətdə onlara qarşı ciddi heç nə yoxdur. Belə xüsusi qarşıdurma, ehtiras yox idi.

- Bəs həmin forumunu üzvü, professor Rafiq Əliyevin işdən çıxarılmasına necə baxırsız?

- Bilmirəm o nə motivlə çıxarılıb. O işdən çıxarılıb? İxtisasımız da ayrıdır. Mən onun haqqında ciddi bir şey deyə bilmərəm. Görürsüz sizdən eşidirəm ki, o işdən çıxarılıb.

YUSİF SEYİDOV 1991-Cİ İLDƏKİ MÜRACİƏTDƏN NİYƏ DANIŞMAQ İSTƏMƏDİ?


- 1991-ci ilin sentyabrında bir qrup ziyalı Heydər Əliyevə müraciət edib. Onlardan biri də sizsiz. Həmin müraciətdə...

Mahal İsmayiloğlu
Mahal İsmayiloğlu
- Bu şeyləri qaldırmağa ehtiyac yoxdur. Çünki sonra məlum oldu ki, ordakıları bir-iki adam yazıb doldurub, hamının əvəzindən qol çəkiblər, yerdə qalanların xəbəri yoxdur. Onlar aydınlaşdı, təzədən qaldırmaq uyğunsuzluqdur. Televiziyada çıxışlar oldu, mən də məqalələr yazdım. O zaman Heydər Əliyevi müdafiə edən cəmiyyətin Ağsaqallar Şurasının üzvüydüm. Ağsaqallar Şurası da buna o zaman münasibət bildirdi, hələ o zaman.

- Yəni siz prezident seçkiləri ilə bağlı müraciətə imza atmamısız?

- Xeyr.

- Bu gün «Azadlıq» qəzetində «Xalq» qəzetinin keçmiş redaktoru Mahal İsmayıloğlunun fikirləri də dərc olunub. O deyir ki, vaxtilə «7 naxçıvanlı alim Heydər Əliyevə qarşı» başlıqlı yazı gedib. Söhbət 80-ci illərdən gedir. Onlardan biri də siz olmusuz və sonra da Heydər Əliyev sizi yanına çağırıb. Belə bir şey olmuşdumu?

- Yox. Olmayıb...

«20 İLDƏ BELƏ YÜKSƏLİŞ, BELƏ İRİ ADDIM TARİXDƏ OLMAYIB»


- Ölkədəki vəziyyəti necə qiymətləndirirsiz?

- Hər şey qaydasındadır, əmin-amanlıqdır. Fikir azadlığı, söz azadlığı da var. Belə olmasaydı siz mənə sual verə bilməzdiz. Minə qədər qəzet var, çoxu müxalifət qəzetləridir, ağızlarına gələni yazırlar. Kim nə deyir onlara? Bu elə söz azadlığıdır da. Bir zaman rayonlara getmək olmurdu. Palçıq əlindən. Amma indi Allaha şükr hər yan asfaltlanıb, parklar salınıb. Nəyə narazılıq edək? Büdcəmiz artır. Bütün dünya ölkələrinə baxanda nə qədər böyük nailiyyət əldə etmişik. Bunları gərək görəsən axı. 20 ildə belə yüksəliş, belə iri addım tarixdə olmayıb.

- Söz azadlığından danışdız. Amma Azərbaycanda zaman-zaman jurnalistlər həbs olunub, indi də bir redaktor həbsdədir, bir jurnalist 3 il müddətinə azadlıqdan məhrum olunub. Yazar Rafiq Tağı bıçaqlanıb. Hələ istintaq gedir, amma versiyalardan biri onun yazdıqlarına görə bıçaqlanmasıdır.

- Mən tanımıram onu. Bu faktla bağlı demirəm. Amma bizdə çox adam cinayət edir, onu basdırmaq üçün siyasi ad verirlər.

- Rüstəm İbrahimbəyovu təbii ki, tanıyırsız. O bu günlərdə Azərbaycan ziyalılarına çağırış etdi ki, daha susmaq olmaz. Sizin cavabınız nə olardı ona?
Onların əvvəlki söhbətlərini mən oxumuşam. Elita məsələsi, zad. Onların öz mövqeyi var. Nə deyim?.. Mən o mövqeləri haqlı saymıram...
XS
SM
MD
LG