Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:26

Məmurun milyonları kimə qalacaq?


18 milyardı olan Potanin elan edib ki, öz sərvətini uşaqlarına miras qoymayacaq, uşaqlarına bir neçə milyon verəcək.

...Bir neçə il əvvəl dünyanın o vaxtkı ən varlı adamı Bill Gates elan etmişdi ki, 50 milyardlıq sərvətindən uşaqlarına “cəmi” 10 milyon dollar verəcək.
Gates bunu belə izah edirdi ki, asan gələn böyük pullar insanı korlayır, o istəmir ki, uşaqları korlansın.

O vaxt ağlıma Azərbaycan məmuru gəldi. Niyə məmur? Çünki Amerikada ən varlılar iş adamlarıdır, Azərbaycanda isə yüksək vəzifəli məmurlar.

Düşündüm ki, görəsən Azərbaycanın o varlı məmurları da fikirləşə bilərlərmi ki, “böyük və asan pul uşağımı korlayar? Ona var-dövlətimin 100-də 1-ni verim?”

Məmurun bu fikir ağlına gəlsə, o biri fikrin ağla gəlməyi asandır: “Əgər uşaqlarıma varımın 100-də birini verəcəyəmsə, rüşvətlə, korrupsiya ilə bu qədər pul yığmağa dəyərmi?”

POTANİN

Dünyanın strateji nikel sərvətinin üstündə oturan Potanin sərvətini uşaqlarına niyə miras qoymur?
Özü də rusiyalı milyarder bunu son iki ildə ikinci dəfədir ki, elan edir.

Potaninin izahı belədir: “Bir hədd var ki, bu həddən sonra insan nəyəsə nail olmaq üçün motivasiyanı, stimulu itirir”.

Maraqlıdır ki, iqtisadi təcrübə Gatesin, Potaninin tərəfindədir.
Forbes jurnalı hətta Potanini uzaqgörən adlandırır.

İQTİSADİ TƏCRÜBƏ NƏ DEYİR?

Amerikanın ailə biznesi İnstitutunun statistikası göstərir ki, uşaqlara miras qoyulan müəssisələrin 47 faizi 10 il çəkmir ki, dağılır.
Babadan nəvəyə verilən bizneslərin 68 faizi dağıllır.

2001-ci ildə Kolumbiya Universitetində Francisco Perez-Gonzalezin araşdırmasına görə, biznes uşaqlara miras qalanda iki ildən sonra şirkətlərin mənfəəti 18 faiz azalır. Bu o deməkdir ki, şəriklər, sərmayəçilər bir azdan qaçmağa başlayacaq.

Kanadalı Randall Morckun araşdırmasına görə, hansı ölkədə ki, böyük şirkətləri varlı varislər idarə edir, o ölkənin iqtisadi inkişaf sürəti aşağı olur.

Bütün bunlardan nə çıxır?
Əgər var-dövlətini oğul-uşağın salamat saxlaya biləcəyinə qətiyyən əminlik yoxdursa, nəvə-nəticəyə bəs edəcək qədər pul yığmağa dəyərmi?
Bəlkə hələ olmayan nəticə-kötücəni fikirləşməkdənsə, camaatın real uşağını fikirləşmək daha yaxşıdır?

Ancaq o da ola bilər ki, kimsə və ya kimlərsə, Azərbaycanın bütün pulunu qazanmaq istəyirlər.
Bu da ola bilər. Ancaq buna da tarixdə cavab var.

DÜNYANIN BÜTÜN PULU

170 il əvvəl Amerikada kasıb mühacir ailəsində bir uşaq vardı. Adı Andrew Carnegie olan bu kasıb oğlanın arzusu dünyanın bütün pulunu qazanmaq idi.

Neçə ildən sonra Carnegie Amerikanın polad sənayesinə sahib idi.

Və bir gün bu polad kralı bütün biznes imperiyasını 480 milyon dollara satdı (alıcılıq qabiliyyəti ilə götürsək, bu, indiki pulla 14 milyard dollardır).

Carnegiedən soruşanda ki, biznesini niyə satdı?
O cavab vermişdi ki, dünyanın bütün pulunu qazanmaq istəyirdi, görüb ki, bu, mümkün deyil.
Və onun sözlərinə görə, bu mümkün deyilsə, onda nə fərqi 1 milyon ya 100 milyon...


Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələrini əks etdirir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG