Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 01:02

İlham Əliyevin mühafizəsindən cıxarılan zabitlər ittiham edirlər


Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMİ) xüsusi təyinatlı «Beta» dəstəsinin sabiq mühafizə zabiti, baş leytenant Asif Lətifov.
Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMİ) xüsusi təyinatlı «Beta» dəstəsinin sabiq mühafizə zabiti, baş leytenant Asif Lətifov.
«17 il prezidentə xidmət etmişəm, evim-eşiyim, heç nəyim yoxdur, gəl mənim bir yaşadığım yerə bax. Səbəb qoyaydın qarşıma ki, səni buna görə işdən çıxarıram. Məndən xoşun gəlmirdisə, çağıraydın, deyərdin ki, öz ərizənlə işdən çıx. Yoxsa ki, niyə mənim üzərimə maddə qoyub, ləkələyib işdən çıxardırsan?»
Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMİ) xüsusi təyinatlı «Beta» dəstəsinin sabiq mühafizə zabiti, baş leytenant Asif Lətifov deyir ki, bu ilin mart ayında Əmək Məcəlləsinin xidmətə uyğunsuzluq maddəsi ilə işdən çıxarılıb. Ancaq deməsinə görə, ona konkret hansı hərəkəti etməsinə görə, işdən çıxarıldığı deyilməyib:
«Gah dedilər Milli Təhlükəsizlik Nazirinin bayramını təbrik etmisən, gah dedilər telefon mesajlarında təxribat xarakterli fikirlər yazmısan. Gah dedilər özündə güllə saxlamısan».
«ÜZÜMÜ PREZİDENTƏ TUTUB DEYİRƏM Kİ... »
Asif Lətifov hesab edir ki, əslində o, xüsusi təyinatlı «Beta» dəstəsində korrupsiya hərəkətlərinə, Xüsusi Dövlət Mühafizə Xidmətinə işə qohumbazlıq prinsipləri ilə götürülmə hallarına qarşı çıxdığına görə işdən çıxarılıb:
«Mənim fəxri fərmanlarım var, 5 medalım var. 2010-cu ildə 15 il qüsursuz xidmətimə görə medalla təltif olunmuşam. İndi isə məni xidməti uyğunsuzluqla işdən çıxarıblar. Üzümü prezidentə tutub deyirəm ki, cənab prezident, sizi aldadırlar. Vaqif Axundov (Xüsusi Dövlət Mühafizə Xidmətinin rəhbəri-E.C) mühafizəni yaxşı təşkil etmir. Çünki o, bizim kimi peşəkar kadrları işdən çıxarır, qeyri-peşəkar olan öz qohumlarına orda yer edir».
PREZİDENTƏ YAZILANLAR GENERALIN MÜAVİNİNƏ ÖTÜRÜLÜR
Asif Lətifov prezidentə çoxsaylı məktublar göndərib ki, məsələnin araşdırılması təmin olunsun. Ancaq o, yazdığı məktubların prezidentdən gizlədilməsi qənaətindədir:
İlham Əliyev
İlham Əliyev

«Generalın müavini məni çağırdı dedi ki, özünə əziyyət vermə, prezidentə yazdığın məktublar hamısı mənim stolumun üstünə gəlir».
Asif Lətifov deyir ki, işdən çıxarılması barədə əmrin surətini ona vermirlər. Buna görə də o, məhkəməyə müraciət edə bilmir.
Uzun illər həmin dəstədə xidmət etmiş və 4 il əvvəl işdən çıxarılmış Seymur Əlicanov da deyir ki, ona heç bir ciddi səbəb göstərilməyib:
«Çağırdılar dedilər ya ərizəni yaz, ya da səni maddə ilə işdən çıxarmalı olacağıq».
«ƏMRİN SURƏTİNİ ALA BİLMİRƏM Kİ, MƏHKƏMƏYƏ GEDİM»
Seymur Əlicanovun sözlərinə görə, işdən çıxarıldıqdan sonra, onu çağıraraq deyiblər ki, səbəb qayınatasının 70-ci illərdə məhkum olunmasıdır. Seymur Əlicanov nə vaxtsa ayaqqabı fabrikində işləmiş qayınatasının 1 il icbari həbsə məhkum olunmasına görə 4 il əvvəl işdən çıxarılmasını absurd hesab edir.

Deyir ki, rəhbərlik onun kimiləri işdən çıxarıb yerinə öz qohumunu götürür. Seymur Əlicanov 4 il əvvəl işdən çıxarılmasına baxmayaraq əmrin surətini ala bilmir ki, məhkəməyə müraciət etsin.
«BETA»nın KOMANDİRİNDƏN CƏMİ 2 CÜMLƏ
Seymur Əlicanov
Seymur Əlicanov

Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsinin rəisi Hüseyn Əhmədov işdən çıxarılmış hər iki şəxslə bağlı AzadlıqRadiosuna bunu dedi:
«Asif Lətifov rəsmi müraciət edib və yaxın günlərdə əmrin surəti ona veriləcək. Ancaq Seymur Əlicanov uzun müddətdir işdən çıxarılmasına baxmayaraq bizə əmrin surətini almaq üçün rəsmi müraciət etməyib».
XDMİ Xüsusi təyinatlı «Beta» dəstəsinin komandiri Fikrət Rzayevdən də münasibət öyrənməyə çalışdıq:
- Fikrət müəllim, keçmiş əməkdaşınız Asif Lətifovun işdən çıxarılmasının səbəblərini bilmək istəyirdik.
- Onu işdən mən çıxartmamışam ki.
- O deyir sizin rəhbərlik etdiyiniz dəstədə pul yığıldığına və başqa əməllərə etiraz etdiyinə görə işdən çıxarılıb.
- Bilmirəm, nədir -nə deyil, mənlik deyil.
Fikrət Rzayev sonuncu cümləsini bitirib telefonunu qapatdı. Keçmiş əməkdaşlar isə deyirlər ki, xüsusi idarədə müxtəlif bəhanələrlə işdən çıxarılanların sayı çoxdur. Xüsusi Dövlət Mühafizə Xidmətində yerlibazlıq artdıqca prezidentin peşəkar mühafizəçiləri qeyri-peşəkarlarla əvəz olunur.
XS
SM
MD
LG