Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:59

Binada fasadın yaratdığı problemlər


«TƏMİRLİ EVİM, TƏZƏ MEBELLƏRİM SUYUN İÇİNDƏDİR»

«Bütün bloku gəzə bilərsiniz, evlərin hamısı bu vəziyyətdədir. 5-ci mərtəbədən 2-ci mərtəbəyə qədər bütün evlər suyun içindədir».
Bu günlərdə yağan qar və yağış Abdulla Şaiq küçəsi 241 ünvanındakı mənzilləri də suya qərq edib. AzadlıqRadiosunun «Qaynar xətt»inə şikayət edən sakinlər deyirlər ki, səbəb «Azimport» tikinti şirkətinin binada apardığı təmir işləri ilə bağlıdır.
«Baxın, evi təzə təmirdən çıxarmışdıq. Təzə mebellər almışdıq, hamısı suyun içindədir. Tavan, parket, bütün evim suyun içindədir».
«EVDƏ İŞIQ YANDIRMAĞA QORXURUQ»
Bina sakini Rəna Hüseynova deyir ki, şirkətin binada fasadlanma və karkaz işləri aparması nəticəsində əksəriyyəti təmirli olan mənzillər yararsız hala düşüb. Çünki fəhlələrin sökülən dam örtüyünü vaxtında düzəltməyiblər:
«Xalçamı, palazımı «prorab» özü gəlib atıb eyvana. Evin içində gölməçə yaranmışdı, uşağın çarpayısı suyun içində qalmaqdan tullantıya çevrilib. Şirkətin işçilərinə də deyirik, deyirlər, dam örtüyü bağlanmaya qədər vəziyyət belə davam edəcək. Nə vaxt düzələcək, hər şey sıradan çıxıb artıq».
Binadakı əksər mənzillər qaranlıq idi. Digər sakin Təranə Quliyeva deyir ki, indi onlar mənzillərində elektrikdən istifadə etməyə də qorxurlar. Elektrik xətləri suyun içindədir və tez-tez qısaqapanmalar olur, hər an yanğın baş verə bilər. Hətta bu problemlərə görə mənzillərini qıfıllayıb başqa yerdə yaşamağa gedənlər də var:
«Xətlərin üstünə su axır, aşağı mərtəbənin tavanındakı elektrik cərəyanı yuxarı mərtəbədəki evin döşəməsinə keçir. O gün qonşu qadını cərəyan vurdu, təcili yardım çağırdıq. Mənim özümü iki dəfə cərəyan vurub. Bu biri qonşu onun dərdindən evindəki təmiri yarımçıq qoyub başqa yerə qaçdı. Bizim günümüz belə keçir».
«PƏNCƏRƏLƏRi DƏYİŞƏNDƏ QANUNSUZ HÖRGÜLƏR APARIBLAR»

Təranə Quliyeva deyir ki, fasadlanma işləri aparılarkən mənzillərdəki pəncərələrin ətrafı da qanunsuz hörülüb:
«Guya binanın pəncərələrini dəyişiblər, gözümün qabağında evimin pəncərəsinin yerini içəridən gör nə qədər hördülər. İndi pəncərənin yeri texniki pasportdakına uyğun gəlmir. Onların nə ixtiyarı var ki, mənim pəncərəmin yerini hörsünlər. Danışanda da deyirlər bizə nə deyiblər onu edirik».
Sakinlər əlaqədar təşkilatlara şikayətlər göndəriblər, onların səsinə hələ də səs verən yoxdur.
İŞLƏRİ ƏNGƏLLƏYƏN QARDIR?
«Azimport» tikinti şirkətinin direktoru Rafiq Eyvazov deyir ki, binadakı konstruksiya işləri zamanı mənzillərə dəyən zərərlər aradan qaldırılacaq:
- Yaranan problemlər həmin binada damın dəyişdirilməsi, rekonstruksiya işləri ilə əlaqədardır. Təəssüf ki, biz noyabrın əvvəlində qar yağmasını gözləmirdik.
- Ancaq payız vaxtıdır, yağış yağacağını da gözləmirdiniz?
- Yağış yağsaydı o qədər zərər verməzdi. Ancaq qar yığılır damda qalır, sonra əriyir, suyu evlərə axır, bu, daha çətin problem yaradır.
- Sakinlər deyirlər ki, zərərin kim tərəfindən aradan qaldırılacağını bilmirlər...
- Binadakı təmir işləri bitəndən sonra ekspert qrupu yaradacağıq, mənzillərə baxış keçiriləcək, hansı zərər ki bizim tərəfimizdən dəyib, müəyyənləşdiriləcək, aktlaşdırılacaq və aradan qaldırılacaq.
- Bu, nə vaxt olacaq?
- Dam örtüyünü düzəldək, sonra o işlə də məşğul olacağıq.
- Sakinlər həm də şikayət edirlər ki, mənzillərdə pəncərələr dəyişdirilərkən, qanunsuz hörgülər aparılıb...
- Binada rekonstruksiya işləri aparılır, ola bilsin hansısa sütun gedib hansısa mənzildə 5-10 santimetr günün qarşısını tutub. Ancaq biz icraçıyıq, işi bizə verilən layihəyə uyğun görürük.
Şirkət direktoru onu da dedi ki, binadakı işlər ən tezi bu ilin sonunda başa çatacaq. İndi əlac qalır sakinlərin səbrinə.
XS
SM
MD
LG