Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 00:57

Silvio Berlusconi İtaliyanın Baş naziri vəzifəsindən istefa verdi


Silvio Berlusconi
Silvio Berlusconi
Noyabrın 12-də İtaliyanın Baş naziri Silvio Berlusconi istefa verib. O, ölkəsinin borc böhranının aradan qaldırılması üçün qənaət planını parlamentin təsdiq etməsindən sonra istefa verəcəyini bildirmişdi.

İtaliya parlamenti noyabrın 12-də həmin sənədi sonuncu mərhələdə də qəbul edib və Baş nazir istefa verdiyini açıqlayıb.

İndi president hökuməti formalaşdırmağı başqa bir siyasətçiyə tapşırmalıdır. İtaliyada çoxları prezident Giorgio Napolitano-nin bu işi Avropa Birliyinin keçmiş yüksək rütbəli rəsmisi Mario Monti-yə tapşıracağını gözləyirlər.

75 yaşlı Silvio Berlusconi İtaliya siyasətində 17 il idi ki, dominant rola malik idi. Keçmiş iş adamı olan Berlusconi II Dünya müharibəsindən sonra İtaliyada ən uzun müddətə Baş nazir vəzifəsini tutan siyasətçi olub, 1994-cü ildən bu yana üç dəfə müxtəlif vaxtlarda hökumətə başçılıq edib.

Silvio Berlusconi adı qadın qalmaqalalarında ən çox çəkilən siyasətçilərdən biri hesab edilirdi. O elə bir neçə ay əvvəl yetkinlik yaşına çatmayan bir bar rəqqasəsi ilə cinsi əlaqə ittihamı ilə məhkəməyə çəkilmişdi. "Berlusconi qadınları" şəkillər kolleksiyası Qərb mediasının tez-tez istifadə etdiyi mövzudur.

"Forbes" jurnalının məlumatına görə siyasətə biznesdən gələn Berlusconi ailəsinin 9 milyard dollara qədər sərvəti var.

Bundan əvvəl avro pul vahidini işlədən daha bir ölkənin – Yunanıstanın da Baş naziri istefa verməyə məcbur olub. Bu pulu işlədən ölkələrin bir çoxunun üzləşdiyi borc böhranına görə avronun özünün də ciddi təhlükə qarşısında olması barədə təhlillər genişlənir.
XS
SM
MD
LG